Məhkəmə qərarları › İş №e-2(059)-653/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-653/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-653/2023 20.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2013-cü il təvəllüdlü X1 və 10 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul, eləcə də uşaqların təhsili və digər xərcləri üçün əlavə olaraq hər uşağa əlavə təhsilinə görə 80 manat olmaqla, cəmi 160 manat məbləğində, alimentin, eləcə də ödənilmiş cəmi 100 manat məhkəmə xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 27 mart 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 22 aprel 2013-cü il təvəllüdlü Nəcəfəli və 10 fevral 2015-ci il təvəllüdlü Sürayyə onun himayəsinə verilmiş və cavabdehdən uşaqlar yetkinlik yaşına çatana kimi 03 iyul 2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan əlavə, uşaqların saxlanması, müalicəsi və təhsili üçün xeyli xərclər tələb olunur və qətnamə ilə müəyyən olunmuş hər uşağa görə 130 manat pul həmin xərcləri ödəmədiyindən alimentin artırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlum olduğu kimi iqtisadi vəziyyətlə bağlı uşaqların saxlanması, təlim-tərbiyəsi üçün həmin məbləğ kifayət etmir. Dövlətin daimi qayğısı nəticəsində hər il bu tipli gəlirlər artırılır, əhalinin, eləcə də uşaqların sosial müdafiəsini gücləndirmək üçün addımlar atılır. Eyni zamanda, uşaqların hər ikisi məktəblidir və hər biri əlavə təhsil kursalarına gedirlər. Kursun ödənişi hər uşaq üçün 80 manat olmaqla, ümumilikdə 160 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, lakin vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iclasın onların iştirakı olmadan keçirilməklə, təqdim edilmiş sənədlər əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edib, iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddia üzrə tələb olunan ümumilikdə 600 manat alimenti ödəmək iqtidarında deyildir. Belə ki, o, hazırda plastik qapı və pəncərə istehsal edən şirkətdə montajçı kimi həftənin beş günü 8 saatlıq iş rejimində işləyərək, aylıq 345 manat əmək haqqı alır və əlavə gəliri yoxdur. Eyni zamanda, o, işlədiyi Abşeron rayonunun Saray qəsəbəsində qohumunun evində yaşamaqla, kirayə üçün vəsait sərf etmir. Bundan əlavə, mülkiyyətində hər hansı bir nəqliyyat vasitəsi və əmlak yoxdur. Siyəzən şəhərindəki ata mülkü anasının adına qeydiyyata alınmışdır. Həmçinin, onun iddiaçıya hazırda 7900 manat aliment borcu var və hər məvacibini aldıqda borcundan ödənişlər edir. Bundan başqa, iddiaçıya əvvəllər nağd şəkildə aliment ödənişləri etsə də, sonuncu bunu inkar etmişdir. Hazırda 345 manata dözüb işləməkdə məqsədi həmin peşəni öyrənmək və gələcəkdə usta kimi yüksək gəlir qazanmaqdır. Belə ki, qeyd etdiyi işdə hazırda ustalar 500-600 manat gəlir əldə edir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışlardan, eləcə də şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X3 22 aprel 2013-cü il tarixdə Siyəzən şəhərində, X5 isə 10 fevral 2015-ci il tarixdə Quba şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 27 mart 2013-cü il tarixdə, 41 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 22 aprel 2013-cü il təvəllüdlü X1 və 10 fevral 2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında və himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 iyul 2020-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh işəgötürən X4 yanında montajçı işləməklə, aylıq 345 manat əmək haqqı alır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən məhkəmə xərci üçün cəmi 100 manat məbləğində vəsait sərf etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 27 mart 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 22 aprel 2013-cü il tarixdə Nəcəfəli, 10 fevral 2015-ci il tarixdə isə Sürayyə adlı övladları doğulmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 22 aprel 2013-cü il təvəllüdlü X1 və 10 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq aldığı 345 manat əmək haqqı məbləği, həmin məbləğlə onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması zərurəti, həmçinin iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 22 aprel 2013-cü il təvəllüdlü X1 və 10 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin "uşaqların təhsili və digər xərcləri üçün əlavə olaraq hər uşağa əlavə təhsilinə görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, iddiaçı yetkinlik yaşına çatmamış uşaqlarının təhsili ilə əlaqədar yaranmış xərclərin ödənilməsi barədə əlavə xərclərdə də cavabdehin iştirakının təmin edilməsini xahiş etməsinə baxmayaraq, həmin məsələni tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində təsbit edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi qanunvericiliyin istinad olunan normalarına və həmin normaların bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə, habelə tərəflərin ümumi uşaqları yetkinlik yaşına çatmadıqlarına görə valideyndən (cavabdehdən) təhsil haqqının ödənilməsi ilə bağlı əlavə xərclərdə iştirakı, ondan bu məsələ ilə bağlı vəsaitin tələb olunması yolverilməzdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 72,80 manat dövlət rüsumunun 50%-i, yəni 36,40 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ödənilmiş cəmi 100 manat məhkəmə xərcinin 50%-i, yəni 50 manatı Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 22 aprel 2013-cü il təvəllüdlü X1 və 10 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)- 294/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş cəmi 100 manat məhkəmə xərcinin 50%-i, yəni 50 (əlli) manatı Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 72,80 manat dövlət rüsumunun 50%-i, yəni 36,40 (otuz altı manat 40 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar