Məhkəmə qərarları › İş №e-2(059)-676/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-676/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-676/2022 21.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 722,93 manat əsas, 74,26 manat faiz olmaqla, cəmi 797,19 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASCnin "Şabran" filialı ilə mərhum Ağayev Xanbaba Şamil oğlu arasında 23 aprel 2014-cü il tarixdə bağlanmış 0436/14 nömrəli kredit müqaviləsinə əsasən bank sonuncuya 24 ay müddətinə illik 24% olmaqla, 1000 manat məbləğində kredit vermişdir. 28 may 2015-ci il tarixdə borclu Xanbaba Ağayev ölmüş və bundan sonra, ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Siyəzən rayon dövlət notariat ofisinin 14 sentyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən də göründüyü kimi mərhum Xanbaba Ağayevdən qalmış mirasa hazırkı iş üzrə cavabdehin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bundan əlavə, mərhum Ağayev Xanbaba Şamil oğlunun vəfat etdiyi tarixə banka 722,93 manat əsas, 74,26 manat isə faiz borcu qalmışdır. Cavabdeh, mərhum Xanbaba Ağayevdən qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Həmyə kənd xalq deputatları soveti icraiyyə komitəsi tərəfindən 23 yanvar 1984-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 315775 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Xanbaba Şamil oğlu ilə X3 23 yanvar 1984-cü il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 01 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Ağayeva” soyadı verilmişdir. İşdə olan "xxxx" ASC ilə Ağayev Xanbaba Şamil oğlu arasında 23 aprel 2014-cü tarixdə bağlanmış 0436/14 saylı kredit müqaviləsinə əsasən bank mərhum Xanbaba Ağayevə 24 ay ərzində qaytarmaq şərti ilə illik 24% faizlə yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə 1000 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mərhum Ağayev Xanbaba Şamil oğlunun Banka 12 oktyabr 2022-ci il tarixə 722,93 manat əsas, vəfat etdiyi 28 may 2015-ci il tarixə isə 74,26 manat faiz borcu vardır. İşdə olan Siyəzən rayon İHB-nin Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 22 iyul 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696338 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Xanbaba Şamil oğlu 28 may 2015-ci il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyul 2015-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat konturu tərəfindən verilmiş, 14 sentyabr 2017-ci il tarixdə reyestrdə 2V-96 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 28 may 2015-ci il tarixdə ölmüş Ağayev Xanbaba Şamil oğlunun qanun üzrə vərəsəsidir və o, miras əmlakını təşkil edən, ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xanbaba Ağayevə 04 aprel 2015-ci il tarixdə verilmiş Siyəzən rayonunun Kiçik Həmyə kəndində yerləşən ümumi sahəsi 2,1061 ha olan torpaq sahəsindən pay almalıdır. İşdə olan 08 avqust 2022-ci il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 25 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Adı qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Ağayev Xanbaba Şamil oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Ağayev Xanbaba Şamil oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 23 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 722,93 manat əsas, 74,26 manat faiz olmaqla, cəmi 797,19 manat borcu qalmış və onun qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişdir. Bundan əlavə, Cavabdeh tərəfindən qəbul edilən miras əmlakının (miras aktivinin), yəni Siyəzən rayonunun Kiçik Həmyə kəndində yerləşən 2,1061 ha olan torpaq sahəsinin, hətta cüzi hissəsinin dəyəri iddia üzrə tələb edilən məbləğə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayətdir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 722,93 manat əsas, 74,26 manat faiz olmaqla, cəmi 797,19 (yeddi yüz doxsan yeddi manat 19 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, eləcə də 0,40 (40 qəpik) manat bank xidmət haqqının əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 722,93 manat əsas, 74,26 manat faiz olmaqla, cəmi 797,19 (yeddi yüz doxsan yeddi manat 19 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, eləcə də 0,40 (40 qəpik) manat bank xidmət haqqının əvəzi tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar