Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-687/2023 11.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 4241,26 manat əsas, 473,26 manat faiz olmaqla, cəmi 4714,52 manat borcun və 67,55 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin Siyəzən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla Cavabdeh1 ilə arasında bağlanmış 13 sentyabr2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 25% ödəmək şərtilə 6000 manat məbləğində kredit vermişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq digər Cavabdeh2 həmin müqaviləyə əsasən zamin kimi kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə, cavabdehlərin banka kredit müqaviləsi üzrə cəmi 4714,52 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 13 sentyabr 2021-ci il tarixli, 300804-162387/2 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 48 ay müddətinə, illik 25% ödəmək şərti ilə 6000 manat məbləğində kredit vermişdir. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 13 sentyabr 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqavilələrə görə zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan eyni tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh1 6000 manat ödəmişdir. İşdə olan İddiaçı ASC-nin 19 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4241,26 manat əsas, 473,26 manat faiz olmaqla, cəmi 4714,52 manat borcu vardır. İşdə olan 09 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin tarixə yaranmış 4297,87 manat əsas, 179,09 manat faiz olmaqla, cəmi 4476,96 manat borcla əlaqədar Expressbank” ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 19 sentyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 67,55 manat xərc (67,15 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq mübahisələri 13 sentyabr 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminliyin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə iddiaçı bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 09 iyun 2023-cü il tarixdə borcluya xəbərdarlıq məktubu göndərərək cavabdehdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya göndərdiyi bildiriş tarixindən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bununla da, bildirişin göndərildiyi 09 iyun 2023-cü il tarixə hesablanmış faiz borcunun 179,09 manat təşkil etməsi müəyyən edilir ki, tələbində faiz hissəsinə münasibətdə bu borcun da qeyd olunan həcmdə tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 13 sentyabr2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 25% ödəmək şərtilə 6000 manat məbləğində kredit vermiş, həmçinin bu müqavilədən irəli gələn öhdəliklərin təmini olaraq, eyni tarixdə digər Cavabdeh2 ilə də zaminlik müqaviləsi bağlamış və sonuncu borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı bank həmin məbləğdə pulu Cavabdeh1 verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər borclu kimi üzərilərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Beləliklə, cavabdehlərin iddiaçı “Expressbank" ASC-yə sözügedən kredit müqaviləsi üzrə 4241,26 manat əsas, 179,09 manat faiz olmaqla, cəmi 4420,35 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4241,26 manat əsas, 179,09 manat faiz olmaqla, cəmi 4420,35 manat borc və ödənilmiş 67,55 manat dövlət rüsumunun 94%-i, yəni 63,50 manatı tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4241,26 manat əsas, 179,09 manat faiz olmaqla, cəmi 4420,35 (dörd min dörd yüz iyirmi manat 35 qəpik) manat borc və ödənilmiş 67,55 manat dövlət rüsumunun 94%-i, yəni 63,50 (altmış üç manat 50 qəpik) manatı tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-687/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-687/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver