Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-706/2023 18.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması " tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 825,27 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASCnin "Şabran" filialı ilə mərhum Əliməmmədov Əliməmməd Əlikram oğlu arasında 14 avqust 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank sonuncuya 12 ay müddətinə, illik 18% dərəcəsi ilə 1600 manat məbləğində kredit vermişdir. Bundan sonra, Əliməmməd Əliməmmədov 23 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Siyəzən rayon notariat ofisinin 16 iyun 2023-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, mərhumdan miras qalmış əmlaka dair vərəsəlik işi Ayaz Əliməmmədov tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında 12 dekabr 2022-ci il tarixdə açılmışdır. Bundan əlavə, Əliməmməd Əliməmmədovun vəfat etdiyi tarixə Banka 825,27 manat əsas kredit borcu qalmışdır. Bundan başqa, cavabdeh mərhum Əliməmmədov Əliməmməd Əlikram oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, hər ay 30 manat ödəməsi şərti ilə iddia üzrə tələb olunan borcu ödəməyə razıdır. Belə ki, bundan başqa qaydada borcu ödəmək iqtidarında deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. İşdə olan "xxxx" ASC ilə Əliməmmədov Əliməmməd Əlikram oğlu arasında 14 avqust 2019-cu il tarixdə bağlanmış BPM**********94 saylı kredit müqaviləsinə əsasən bank mərhum Əliməmmədov Əliməmməd Əlikram oğluna 12 ay ərzində qaytarmaq şərti ilə illik 18% faizlə yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə 1600 manat məbləğində kredit vermişdir. İşdə olan eyni tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən mərhum Əliməmmədov Əliməmməd Əlikram oğluna 1580 manat ödənilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mərhum Əliməmmədov Əliməmməd Əlikram oğlunun Banka 825,27 manat ödənilməmiş əsas borcu vardır. İşdə olan Siyəzən rayon İHB-nin Eynibulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 03 fevral 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 995143 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliməmmədov Əliməmməd Əlikram oğlu 23 yanvar 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 fevral 2020-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də Siyəzən rayon dövlət notariat ofisinin 16 iyun 2023-cü il tarixli, 212 nömrəli məktubunun surətindən görünür ki, vəfat etmiş Əliməmmədov Əliməmməd Əlikram oğlunun adından 12 dekabr 2022-ci il tarixli, 8V-153 nömrəli vərəsəlik işi açılmış, habelə vərəsə Cavabdeh irs qalmış miras əmlakının, yəni Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 6,33 ha olan torpaq sahəsinin ona çatan hissəsini ərizə yazaraq qəbul etmişdir. İşdə olan 10 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 18 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 14 avqust 2019-cu il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Əliməmmədov Əliməmməd Əlikram oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Əliməmmədov Əliməmməd Əlikram oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 14 avqust 2019-cu il tarixli tarixli kredit müqaviləsi üzrə 825,27 manat əsas borcu qalmış və onun qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişdir. Bundan əlavə, Cavabdeh tərəfindən qəbul edilən miras əmlakının (miras aktivinin), yəni Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən 6,33 ha olan torpaq sahəsinin ona çatan qisminin, hətta cüzi hissəsinin dəyəri iddia üzrə tələb edilən məbləğə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayətdir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 825,27 (səkkiz yüz iyirmi beş manat 27 qəpik) manat borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə çəkilmiş 30,40 manat məhkəmə xərcinin əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 825,27 (səkkiz yüz iyirmi beş manat 27 qəpik) manat borc tutulsun. İddia tələbi üzrə çəkilmiş 30,40 (otuz manat 40 qəpik) manat məhkəmə xərcinin əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-706/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-706/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver