Məhkəmə qərarları › İş №e-2(059)-735/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-735/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-735/2025 20.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixində 24 ay müddətinə qaytarılması şərtilə kredit müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2015-ci il tarixli sazişlə 22 ay müddətinə uzadılmış, xx.xx.2017-ci ildə kredit müqaviləsi 60 ay müddətinə restrukturizasiya edilməklə ödənişin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri və ona əlavələrlə Cavabdeh2 xx.xx.2025-ci il tarixli kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli Saziş və xx.xx.2017-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəlikləri üzrə bank qarşısında zamin durmuşdur. Hazırda iddiaçı kredit və zaminlik müqavilələri üzrə cavabdehlərdən borcun tutulmasını tələb edir, cavabdehlər isə ayrıayrılıqda ərizə ilə müraciət edərək iddia müddətinin ötməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. İddia tələbi İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 1488,3 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları faiz, 3731,81 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6437,65 ABŞ dolları borcun və 122,84 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 6.374 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi 4.659,43 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 22 ay uzadılaraq, xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmiş, habelə restrukturizasiya edilmiş kreditin məbləği 7369,75 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilərək, kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. xx.xx.2017-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında ZM-240005069 saylı, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarmış olsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə borcu 1488,3 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları faiz, 3731,81 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6437,65 ABŞ dollar təşkil edir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 oktyabr 2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən müqavilə üzrə tərəflərindən sonuncu ödənişin 2015-ci il dekabr ayında olduğunu, lakin iddiaçı tərəfindən hazırki ərizənin iddia müddəti ötürüldükdən sonra təqdim edildiyini qeyd edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iddiaçı ləğv prosesində olan “Dəmirbank” ASC-nin nümayəndəsinin, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ötən baxış iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdi ki, o, 04 avqust 2014-cü il tarixdə bankdan 24 ay müddətinə kredit götürmüş, habelə bu kredit müqaviləsi 22 may 2015-ci il tarixdə 22 ay müddətinə uzadılmışdır. Həmçinin, 2017-ci il tarixdə onun banka olan borcu restrukturizasiya olunmuşdur. Eyni zamanda, 2017-ci il tarixinədək kredit borcunu ödəsə də, qeyd olunan tarixdə bankın Quba rayonunun ərazisində fəaliyyət göstərən filialı bağlandığından borcunu ödəyə bilməmişdir. Bundan təxminən 5 ay sonra onunla əlaqə saxlamış şəxs, ona kart nömrəsi göndərməklə kredit borcunu həmin hesaba ödəməyini təklif etsə də, bu təklif ilə razılaşmamışdır. Odur ki, iddia müddətinin tətbiq edilməsini və bankın tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ötən baxış iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdi ki, kredit borcunun böyük hissəsi tərəflərindən ödənilmiş, habelə bank bağlandığı üçün borclarını tam ödəyə bilməmişlər. Eyni zamanda, banka olan borcları təxminən 1800 ABŞ dolları təşkil etsə də, bank onlardan daha yüksək məbləğdə pul tələb edir. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya)”qanun və ya”müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin:

739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Mülki Prosessual Məcəllə

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 04 avqust 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh1 24 ay müddətinə, illik 32% ödəmək şərti ilə 6374 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında həmin tarixdə ********* nömrəli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin və ya zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 29 may 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən tərəflər arasında bağlanmış 04 avqust 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclunun 4659,43 ABŞ dolları kreditinin qalıq məbləği illik 32% təşkil etməklə 22 ay müddətinə uzadılmışdır. İşdə olan 20 sentyabr 2017-ci il tarixli restruktruzasiya müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən tərəflər arasında bağlanmış 04 avqust 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən borclunun kreditor qarşısındakı kredit öhədliyinin qalığı 7369,75 ABŞ dolları məbləğində pul vəsaiti restrukturizasiya olunmuşdur. Eyni zamanda, restrukturizasiya müqaviləsi illik 10%-lə bağlanılmış və borcun ödənilməli olduğu son tarix 20 sentyabr 2022-ci il müəyyən edilmişdir. Həmçinin, restruktruzasiya müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin bank qarşısında borclunun öhdəliklərinə görə tam həcimdə borcun əsas məbləğinin qaytarılması, faizlərin və cərimənin ödənilməsi, borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və borclunun ləğv prosesində olan bank qarşısında öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən ləğv prosesində olan banka dəymiş digər zərərin ödənilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 04 avqust 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, “DəmirBank”ASC Cavabdeh1 6374 ABŞ dolları ödəmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin 15 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 04 avqust 2014-cü il tarixli müqavilə üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 1488,3 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları faiz, 3731,81 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6437,65 ABŞ dolları borcu vardır. İşdə olan 15 iyul 2025-ci il tarixli, 12-5/2-S-41-12078/2025 saylı bildiriş məktubunun surətindən görünür ki, 11 iyul 2025-ci il tarixə 1488,3 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları faiz, 3731,81 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6437,65 ABŞ dolları borcla əlaqədar ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixində 24 ay müddətinə qaytarılması şərtilə kredit müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2015-ci il tarixli sazişlə 22 ay müddətinə uzadılmış, xx.xx.2017ci ildə kredit müqaviləsi 60 ay müddətinə restrukturizasiya edilməklə ödənişin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri və ona əlavələrlə Cavabdeh2 xx.xx.2025-ci il tarixli kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli Saziş və xx.xx.2017-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəlikləri üzrə bank qarşısında zamin durmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC isə cavabdehlərə qarşı “kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsi tələbi ilə əvvəlcə xx.xx.2025-ci ildə onlara bildiriş xəbərdarlıq məktubu göndərmiş, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cavabdeh-zamin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 477.0.4 maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması zaminliyə xitam verilməsi hallarından biridir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017ci il tarixdə zaminlik müqaviləsinin 5.1.4-cü maddəsindən görünür ki, zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminliklə təmin edilmiş öhdəliyin icra vaxtı xx.xx.2022-ci ildə çatdığı halda kreditor zaminə qarşı hər hansı iddia irəli sürməmiş, yəni bank zaminə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüquqdan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bu hal bilavasitə qanundan irəli gəldiyi, həmçinin zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla və müqavilə ilə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməli, iddia tələbi bu hissədə rədd edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Məhkəmə kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh1 iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddəti öhdəliyin icra müddətinin bitdiyi vaxtdan hesablanmağa başlayır. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixində 24 ay müddətinə qaytarılması şərtilə kredit müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2015-ci il tarixli sazişlə 22 ay müddətinə uzadılmış, xx.xx.2017-ci ildə kredit müqaviləsi 60 ay müddətinə restrukturizasiya edilməklə ödənişin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC isə cavabdehlərə qarşı “kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsi tələbi ilə əvvəlcə xx.xx.2025-ci ildə onlara bildiriş xəbərdarlıq məktubu göndərmiş, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi öhdəliyin icra müddəti xx.xx.2022-ci ildə bitsə də, üç illik iddia müddəti ötürülmədən iddiaçı bankın ləğvedicisi tərəfindən məhkəməyə müraciət edilmişdir. Ona görə də iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi qanuni sayıla bilməz. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəmə təqdim edərək Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun yarandığını sübut etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh banka borclu olduğunu inkar etməmiş, bu məbləğləri ümumiyyətlə mübahisələndirməmişdir. Bununla belə məhkəmə cavabdehdən tutulmalı məbləğlər üzrə əsas və faiz borcunu əsaslı hesab etsə də, cərimə borcu hissədə tələb edilən 3731,81 ABŞ dolları məbləğin ağılabatan məbləğ olmadığı qənaətinə gələrək həmin məbləğin 74,4 ABŞ dolları müəyyən edilməsini ədalətli hesab edir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 10 sentyabr 2025-ci il tarixli qəbzin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət edərkən 122,84 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 122,84 manat məbləğində dövlət rüsumunun 43 faizi, yəni 52,80 manatı Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, qalan 70,04 manatı isə iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi"nə dair iddia tələbi cavabdeh-zamin Cavabdeh2 münasibətdə rədd edilməli, iddia tələbi cavabdeh-əsas borclu Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 1488,30 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215,25 ABŞ dolları faiz borcu və 74,4 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2780,24 ABŞ dolları məbləğində borc ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 122,84 manat məbləğində dövlət rüsumunun 43 faizi, yəni 52,80 manatı Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, qalan 70,04 manatı isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏTETDİ:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi"nə dair iddia tələbi cavabdeh-zamin Cavabdeh2 münasibətdə rədd edilsin. İddia tələbi cavabdeh-əsas borclu Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Cavabdeh1 1488,30 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215,25 ABŞ dolları faiz borcu və 74,4 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2780,20 ABŞ dolları (iki min yeddi yüz səksən ABŞ dolları iyirmi sent) məbləğində borc ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 122,84 manat məbləğində dövlət rüsumunun 43 faizi, yəni 52,8 (əlli iki manat səksən qəpik) manatı Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin, qalan 70,04 (yetmiş manat dörd qəpik) manatı isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar