Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-77/2025 17.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 17084,29 manat əsas, 1210,85 manat faiz və 85,41 manat cərimə olmaqla, cəmi 18380,55 manat borcun və ödənilmiş 145,14 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ilə bağlanmış 26 aprel 2023-cü il tarixli kredit limiti müqaviləsinə əsasən, mərhum X2 oğluna 120 ay müddətinə 50 000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, 26 aprel 2023-cü il tarixli SMS razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən mərhum İlqar Abasova 36 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödənişi 734,87 manat olmaqla, hər ayın 07-dək ödənilməklə), 20800 manat məbləğində kredit vermişdir. Lakin, İlqar Abbasov 18 fevral 2024-cü il tarixdə vəfat etmiş, habelə, 28 iyun 2024-cü il tarixdə Siyəzən Rayon Dövlət Notariat Ofisində 78 nömrəli reyestrlə mərhumun vərəsəsi Cavabdeh vərəsəliyi qəbul etmiş, sonuncuya şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, həmçinin, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 18 fevral 2024-cü il tarixə, İddiaçı ASC-yə 17084,29 manat məbləğində əsas,1210,85 manat faiz və 85,41 manat cərimə olmaqla, cəmi 18380,55 manat məbləğində borcu qalmaqdadır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, təqdim etdikləri sübutların nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mərhum əri İlqar Abasov “Azneft” İB-də işləmiş, ömrünün son dövrlərində ağır xəstəliyi ilə bağlı müalicə xərclərinə sərf olunması, həmçinin digər borclarının bağlanması məqsədilə İddiaçı ASC-dən qeyd edilən məbləğdə krediti götürmüş, habelə, öldüyü tarixədək aylıq ödənişlərini vaxtında həyata keçirmişdir. Bundan başqa, əvvəllər mərhum ərinin mülkiyyətində ev olmasına baxmayaraq, sonradan həmin ev satılmış, həmçinin mərhum ərinin öldüyü tarixə mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak, eləcə də, bankda əmanəti olmamışdır. Həmçinin, ərinin sağlığında yaşadıqları ev mərhumun ata evi olmuşdur. Miras kütləsi təkcə mərhum ərinin işlədiyi “Socar Azneft” İB 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş cəmi 5636,40 manat pul vəsaitindən ibarət olmuş, həmçinin bu vəsait onun tərəfindən qəbul edilmişdir. Bundan başqa, onun qazancı olmadığından tələb olunan vəsaiti qaytarmağa maddi imkanı da yoxdur. Belə ki, o, heç yerdə işləməməklə yanaşı, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin "Xaçmaz" filialı ilə X2 oğlu arasında 26 aprel 2023-cü il tarixdə bağlanmış 13260***-*******02L nömrəli əsas kredit limiti razılaşmasına əsasən bank tərəfindən mərhum İlqar Abasova 120 ay müddətinə, yəni 26 aprel 2023-cü il tarixinədək 50000 manat kredit limiti ayrılmışdır. İşdə olan 26 aprel 2023-cü il tarixli SMS mətnin surətindən görünür ki, mərhum X2 oğluna İddiaçı ASC tərəfindən həmin tarixdə 36 ay müddətinə illik 16% hesablanmaqla 20800 manat nağd kredit məbləği onun ödəniş kartına köçürülməklə, verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, mərhum X2 oğlunun 18 fevral 2024-cü il tarixə Banka 17084,29 manat əsas, 1210,85 manat faiz, 85,41 manat cərimə olmaqla, cəmi 18380,55 manat borcu vardır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 fevral 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 407226 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 oğlu 18 fevral 2024-cü il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə 22 fevral 2024-cü il tarixli, 31 nömrəli akt qeydi aprılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron notariat” X1 çıxarışdan, eləcə də Siyəzən rayon dövlət notariat ofisinin 09 iyul 2024-cü il tarixli, 209 nömrəli məktubunun surətindən görünür ki, vəfat etmiş X2 oğlunun adından 28 iyun 2024cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, habelə vərəsə mərhumun arvadı Cavabdeh tanınmışdır. Miras əmlakı “Socar Azneft” İB 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən 10 iyun 2024-cü il tarixli, 1125-CM-11/240 saylı məktuba əsasən mərhum İlqar Abasovun 4434,93 manat və 1201,47 manat pul vəsaitindən ibarətdir. İşdə olan pretenziyanın surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 19 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 145,14 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 27 yanvar 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum X2 oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X2 oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 26 aprel 2023-cü il tarixli kredit razılaşması üzrə 17084,29 manat əsas, 1210,85 manat faiz və 85,41 manat cərimə olmaqla, cəmi 18380,55 manat borcu qalmış və onun qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişdir. Bununla belə, Cavabdeh tərəfindən qəbul edilən miras əmlakı (miras aktivi) 5636,40 manat təşkil etmişdir. Bu zaman, ödənilməli borc yalnız miras aktivi həcmində, yəni 5636,40 manat məbləğlə məhdudlaşmalı və o, sonuncu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul borcun ödənilməsinə yönəldilməlidir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və şərtləri mərhum İlqar Abasov tərəfindən qəbul edilmiş 14 oktyabr 2021-ci il tarixli Kompleks Bank Xidməti Müqaviləsinin 11.13-cü bəndinin İİ cümləsinə görə borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4340,14 manat əsas, 1210,85 manat faiz, 85,41 manat cərimə olmaqla, cəmi 5636,40 (beş min altı yüz otuz altı manat 40 qəpik) manat borc, həmçinin ödənilmiş 145,14 manat dövlət rüsumunun 31%-i, yəni 44,99 manatı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4340,14 manat əsas, 1210,85 manat faiz, 85,41 manat cərimə olmaqla, cəmi 5636,40 (beş min altı yüz otuz altı manat 40 qəpik) manat borc, həmçinin ödənilmiş 145,14 manat dövlət rüsumunun 31%-i, yəni 44,99 (qırx dörd manat 99 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-77/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-77/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver