Məhkəmə qərarları › İş №e-2(059)-793/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-793/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-793/2025 19.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kredit təşkilatının xeyrinə 2271,38 manat əsas, 930,39 manat faiz olmaqla, cəmi 3201,77 manat borcun və ödənilmiş 52,70 manat məbləğində dövlət rüsumunun tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2(059)-793/2025 nömrəli qərardadı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia tələbinin mərhum borclu Cavabdeh2 aid hissəsinin icraata qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASCnin Şabran filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, həmçinin kreditin təminatı olaraq, digər Cavabdeh1 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş, habelə borclu Cavabdeh2 2371,38 manat əsas, 990,39 manat faiz olmaqla, cəmi 3361,77 manat problemli kredit borcu da 19 avqust 2017-ci il tarixli təhvil-təslimə dair akta əsasən BOKT İddiaçı QSC-nin Xaçmaz filialının idarəetməsinə təhvil verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əsas cavabdeh qrafikə uyğun olaraq əsas borcu, həmçinin həmin borc əsasən hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürsə də, o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bu günədək borcu ödəməkdən qərəzli şəkildə yayınmış, nəticədə iddiaçı BOKT-a cəmi 3201,77 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə habelə cavabdehin həmin bildirişi 21 oktyabr 2025-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə, qəbul etmələrinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, "xxxx" ASC-nin Şabran filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, həmçinin kreditin təminatı olaraq, digər Cavabdeh1 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş, habelə borclu Cavabdeh2 2371,38 manat əsas, 990,39 manat faiz olmaqla, cəmi 3361,77 manat problemli kredit borcu da 19 avqust 2017-ci il tarixli təhvil-təslimə dair akta əsasən BOKT İddiaçı QSC-nin Xaçmaz filialının idarəetməsinə təhvil verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əsas cavabdeh qrafikə uyğun olaraq əsas borcu, həmçinin həmin borc əsasən hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürsə də, o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bu günədək borcu ödəməkdən qərəzli şəkildə yayınmış, nəticədə iddiaçı BOKT-a cəmi 3201,77 manat borcu yaranmış, həmçinin, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərkən 52,70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 11 mart 2014-cü il tarixli, 0165/14 saylı zaminlik müqaviləsinin 13-cü bəndinin İ, İİ və İİİ yarımbəndlərində, bu müqavilənin bağlandığı andan qüvvəyə minməsi, borclu, bank ilə bağladığı 11 mart 2014-cü il tarixli, 0165/14 saylı kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrimi vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu müqavilənin qüvvədə olması, həmçinin borclu ilə kreditor arasında bağlanmış kredit müqaviləsinin müddəti uzadıldıqda, bu müqavilənin qüvvədə olma müddətinin həmin müddətə uzadılmış hesab edilməsi göstərilmişdir. Beləliklə, işin faktiki hallarından və zaminlik müqaviləsinin müddəalarından görünür ki, zaminlik müqaviləsi 11 mart 2014-cü il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda, məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Bununla da, iddiaçı tərəf, əsas öhdəliyin icra müddətinin başa çatdığı 11 mart 2016-cı il tarixdən sonrakı bir illik tələb etmə müddət ərzində zaminə qarşı iddia irəli sürmədiyinə görə zaminlik müqaviləsində göstərilən zamin Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin müddəti keçdiyi üçün iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 52,70 (əlli iki manat 70 qəpik) dövlət rüsumu iddiaçı "xxxx" QSC -yə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 52,70 (əlli iki manat 70 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar