Məhkəmə qərarları › İş №e-2(059)-8/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-8/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-8/2023 10.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh2 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Kərimova (Mayılova) Səbinə Şaiq qızına və Kərimova (Feyziyeva) Validə Şaiq qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılmasından sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: iddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 Şəhriyar oğluna və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılmasından sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7093,64 manat əsas, 5163,73 manat faiz (müddət sonu), 1649,10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 976,14 manat faiz borcu olmaqla, cəmi 14882,61 manat pulun və 135 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka predmeti ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X3 məxsus Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 35,4 kv.m, yardımçı sahəsi 16,6 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, iddiaçı ləğv prosesində olan ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, mülki iş üzrə 06 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı tərəfin 13 iyun 2022-ci il tarixli elektron ərizəsi ilə, Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən cavabdeh X4 öldüyünə görə, o, hüquqi varisləri Cavabdeh3 və Cavabdeh2 ilə əvəz edilmiş, eyni zamanda bu Məcəllənin 51.3-cü maddəsinə əsasən, mənzildə qeydiyyatda olan digər şəxslər - Cavabdeh4, Kərimova (Mayılova) Səbinə Şaiq qızı və Kərimova (Feyziyeva) Validə Şaiq qızı cavabdeh qismində işə cəlb edilmişlər. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Bu Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(059)-8/2023 saylı qərardadı ilə digər Cavabdeh3 ölümü ilə əlaqədar onun barəsində iş üzrə xitam verilməsi nəzərə alınmalıdır. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 15 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 20% ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə mərhum X3 məxsus olmuş Siyəzən şəhərinin Su kəməri küçəsindəki 52 kv.m ümumi, 35.4 kv .m yaşayış və 16.6 kv.m yardımçı sahəsi olan, 2 otaqlı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə kredit alan Cavabdeh1 və ipoteka qoyan mərhum X4 arasında 15 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, bu müqavilə notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 iyul 2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. 15 iyul 2014-cü il tarixli kredit müqaviləsinin 2.4.11-ci bəndinə əsasən cavabdeh "Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür." Eyni tarixli ipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən isə ipoteka predmetinin qiyməti 20 000 manat məbləğində müəyyən edilir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 kredit üzrə cəmi borcu 14882,61 manat təşkil edir. Bundan 7093,64 manat əsas, 5163,73 manat faiz, 1649,10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 976,14 manat faiz borcu təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ünvanlanmış ərizələrdə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddia tələbini əsas borca, yəni 7093,64 manata münasibətdə qəbul etsə də, faiz və cərimə borclarına, həmçinin tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsinə, əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsinə və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılmasına dair hissələrdə qəbul etmir. Bundan əlavə, o, mərhum atası ipoteka qoyan Əlisafa Kərimovun vərəsəsi olmaqla, ipoteka predmeti olan mənzildə oğlu Cavabdeh1la birlikdə yaşayır. Eyni zamanda, digər cavabdeh oğlu Cavabdeh1 da iddia tələbini yalnız əsas borca münasibətdə qəbul etməklə, tələbi qalan hissələrdə qəbul etmir. Bundan başqa, oğlu Cavabdeh1 işlədiyi üçün bu məhkəmə iclasına gələ bilməsə də, əsas borcu ödəməyə hazır olmaqla, onun hazırda məhkəmədə bildirdikləri ilə həmfikirdir. Odur ki, iddia tələbinin qismə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh4, Kərimova (Mayılova) Səbinə Şaiq qızı və Kərimova (Feyziyeva) Validə Şaiq qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 15 iyul 2014-cü il tarixli, 326 İsKX nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh1 60 ay müddətinə illik 20% ödəmək şərti ilə 8000 manat məbləğində kredit vermişdir. Eyni tarixli, ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün X4 dəyəri 20000 manat məbləğində müəyyən olunmuş, Siyəzən şəhərinin Su kəməri küçəsindəki 52 kv.m ümumi, 35.4 kv .m yaşayış və 16.6 kv.m yardımçı sahəsi olan, 2 otaqlı mənzilini hüquqlarını təmsil edən Cavabdeh2 vasitəsilə ipotekaya qoymuşdur. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 13 mart 2014-cü il tarixdə verilmiş **********28- 05101-093001 reyestrli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ipoteka predmetini təşkil edən Siyəzən şəhərinin Su kəməri küçəsindəki 52 kv.m ümumi, 35.4 kv .m yaşayış və 16.6 kv.m yardımçı sahəsi olan, 2 otaqlı mənzil mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyul 2014-cü il tarixli, **********28- 05101-093001 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 15 iyul 2014-cü il tarixli, 326 İsKX nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin təminatı kimi X3 məxsus Siyəzən şəhəri, Su Kəməri küçəsindəki mənzil "xxxx" ASC-nin xeyrinə 60 ay müddətinə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, X4 03 noyabr 2018-ci il tarixdə ölmüşdür. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən 19 aprel 2022-ci il tarixdə tərtib edilmiş **********164 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Bank qarşısında 12 aprel 2022-ci il tarixinə icra edilməmiş öhdəliyi əsas borc üzrə 7093,64 manat, müqavilə müddəti üçün hesablanmış faiz üzrə 5163,73 manat, cərimə üzrə 1649,10 manat və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 976,14 manat olmaqla, ümumilikdə 14882,61 manat təşkil edir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin 02 mart 2023-cü il tarixli məlumatından görünür ki, Cavabdeh1 7193,64 manat təşkil edən əsas borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya təklif olunan borclar siyahısına düşmüş, lakin ona dəfələrlə həm şifahi, həm yazılı qaydada müraciət olunmasına baxmayaraq, banka yaxınlaşmamış, güzəştli şərtlərlə yeni müqavilə bağlamamışdır. Mərkəzi Bankın elektron portalında Cavabdeh1 restrukturizasiya olunması təklif olunan əsas məbləği 7193,64 manat göstərilmiş, həmçinin məlum fərman verildiyi tarixdən indiyə qədər cavabdeh tərəfindən cəmi bir dəfə 25 yanvar 2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi müraciətlərin qəbulu 31 dekabr 2019-cu il tarixdə başa çatmış, habelə Cavabdeh1 bununla bağlı banka müraciət etməmişdir. İşdə olan “X2” MMC tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli, 159 nömrəli hesabatdan görünür ki, Siyəzən şəhərinin Su kəməri küçəsindəki 52 kv.m ümumi, 35.4 kv .m yaşayış və 16.6 kv.m yardımçı sahəsi olan, 2 otaqlı fərdi yaşayış evinin qiymətləndirmə tarixinə olan likvid dəyəri 22570 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli, 9/9270 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, 326 İsKX nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 12 aprel 2022-ci il tarixə olan əsas borcu 7379,99 manat, 15 iyul 2014-cü il tarixdən müqavilə müddətinin bitmə tarixinə, yəni 15 iyul 2019-cu il tarixədək olan faiz borcu 5163,17 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış faiz isə 1024,31 manat müəyyən edilmişdir. İşdə olan “X2” MMC-nin 17 oktyabr 2022-ci il tarixli, 159 nömrəli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli, 9/9270 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş qeydiyyat orqanı tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 15 iyul 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi əsasında sonuncu Bankdan illik 20% ödəmək şərti ilə 60 ay müddətinə 8000 manat məbləğində kredit almışdır. Müqaviləyə əsasən Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq bağlanmış eyni tarixli ipoteka müqaviləsi əsasında mərhum X4 mülkiyyətində olmuş Siyəzən şəhərinin Su kəməri küçəsindəki 52 kv.m ümumi, 35.4 kv .m yaşayış və 16.6 kv.m yardımçı sahəsi olan, 2 otaqlı mənzilini ipotekaya qoymuşdur. "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Yəni, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddia tələbi kredit borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə, həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, faiz borcu və cərimə hissəsində iddia rədd edilməlidir. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə almaqda iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməlidir. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(102)-4628/2020 saylı qərarında da eyni hüquqi mövqe sərgilənmişdir. İşin faktiki hallarından da göründüyü kimi Mərkəzi Bankın elektron portalında Cavabdeh1 restrukturizasiya olunması təklif olunan əsas məbləği 7193,64 manat göstərilsə də, həmçinin məlum fərman verildiyi tarixdən indiyə qədər cavabdeh tərəfindən 25 yanvar 2022-ci il tarixdə 100 manat ödəniş edilmiş, nəticədə əsas məbləğ üzrə kredit borcu 7093,64 manat təşkil etmişdir. Eyni zamanda, məhkəmə, mühasibatlıq ekspertizası rəyində əsas borcun 7379,99 manat məbləğində müəyyən edilməsinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia üzrə tələb edilən əsas borcun 7093,64 manat həcmində tutulması xahiş edildiyindən, eləcə də qətnamə verilən tələbdən kənara çıxılmamaq şərti ilə çıxarıldığından ekspert rəyi ilə müəyyən edilmiş əsas məbləğ nəzərə alına bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Eyni zamanda, “X2” MMC tərəfindən 17 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş hesabata əsasən ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 22570 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Bu Qanunun 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasında 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranır. Bu Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Bu Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin faktiki hallarından da göründüyü kimi ipoteka qoyan Əlisafa Kərimovun 03 noyabr 2018-ci il tarixdə ölməsinə baxmayaraq, Cavabdeh2 miras qoyanın vərəsəsi kimi mərhumun şəxsinə bağlı olmayan və şəxsən icrasını tələb etməyən, icrası mümkün olan əmlak xarakterli öhdəliyin icraçısına çevrilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 ödənilməmiş 7093,64 manat əsas borc və iddia tələbi üzrə ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun 48%-i, yəni 64,80 manatı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilməklə, mərhum X1 mülkiyyətində olmuş Siyəzən şəhərinin Su kəməri küçəsindəki 52 kv.m ümumi, 35.4 kv .m yaşayış və 16.6 kv.m yardımçı sahəsi olan, 2 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və əldə olunmuş pul vəsaitindən Cavabdeh1 borcu ödənilməli, qalan pul vəsaiti isə mərhum Əlisafa Kərimovun vərəsəsi, o cümlədən Cavabdeh2 qaytarılmalıdır. Həmçinin, ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq, eləcə də tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetini təşkil edən mənzilin ilkin satış (likvid) qiyməti 22570 manat məbləğində müəyyən edilməli və bu mənzil açıq hərracdan satıldıqdan sonra boşaldılmalıdır. İş materiallarından göründüyü kimi ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 22570 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 iddiaçıya kredit müqaviləsi üzrə borcu isə 7093,64 manat həcmində müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinin dəyəri, ilkin satış (likvid) qiyməti faktiki mövcud olan borcun tamamilə ödənilməsini təmin etmək qabiliyyətindədir. Məhz bu səbəbdən, məhkəmə hesab edir ki, tələbin " ipoteka predmetinin satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması" hissəsi hazırkı vaxtda deyil, "İcra Haqqında" Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Eyni zamanda məhkəmə, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” hissəsini əsassız hesab etdiyindən həmin hissə rədd edilməlidir. Belə ki, ipoteka predmeti olan mənzil hərracda satılıb yeni mülkiyyətçi müəyyən edildikdən sonra ipoteka qoyan və onun orada yaşayan ailə üzvlərinin həmin mənzildən istifadə hüququna xitam verilməklə həmin fərdi yaşayış evi ancaq yeni alıcıya təhvil verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 52%-i, yəni 52 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 48%-i, yəni 48 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməli, aparılmış məhkəmə qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manatın 52 %-i, yəni 156 manatı iddiaçı ləğv prosesində olan bankdan, qalan 48 %-i, yəni 144 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı hesablaşma hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ödənilməmiş 7093,64 (yeddi min doxsan üç manat 64 qəpik) manat əsas borc və iddia tələbi üzrə ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun 48%-i, yəni 64,80 (altmış dörd manat 80 qəpik) manatı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilməklə, mərhum X1 mülkiyyətində olmuş Siyəzən şəhərinin Su kəməri küçəsindəki 52 kv.m ümumi, 35.4 kv .m yaşayış və 16.6 kv.m yardımçı sahəsi olan, 2 otaqlı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və əldə olunmuş pul vəsaitindən Cavabdeh1 borcu ödənilsin, qalan pul vəsaiti isə mərhum Əlisafa Kərimovun vərəsəsi, o cümlədən Cavabdeh2 qaytarılsın. İpoteka predmetini təşkil edən mənzilin ilkin satış (likvid) qiyməti 22570 (iyirmi iki min beş yüz yetmiş) manat məbləğində müəyyən edilsin və bu mənzil açıq hərracdan satıldıqdan sonra boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 52%-i, yəni 52 (əlli iki) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 48%-i, yəni 48 (qırx səkkiz) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Aparılmış məhkəmə qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manatın 52 %-i, yəni 156 (bir yüz əlli altı) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, qalan 48 %-i, yəni 144 (bir yüz qırx dörd) manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı hesablaşma hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar