Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-84/2024 26.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3300 manat borc və ödənilmiş 53 manat dövlət rüsumu olmaqla, cəmi 3353 manat pulun cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 noyabr 2017-ci il tarixində İddiaçı MMC-də malların qəbuledicisi vəzifəsinə qəbul olunmuş, 23 fevral 2022-ci il tarixdə cavabdeh anası X1 təcili tibbi vəziyyəti ilə əlaqədar ona 3600 manat məbləğində borcun verilməsi üçün ərizə ilə iddiaçı MMC-yə müraciət etmişdir. Beləliklə, 03 mart 2022-ci il tarixdə cavabdehlə iddiaçı arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçı MMC tərəfindən cavabdehə 3600 manat məbləğində borc verilmiş və həmin müqavilə cavabdehlə bağlanmış əmək müqaviləsinin tərkib hissəsi kimi müəyyənləşdirilmişdir. Müqaviləyə əsasən, cavabdehə verilmiş borc məbləğinin geri qaytarılması hər ay sonuncunun aylıq əmək haqqından tutulmalar formasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Həmçinin, müqavilədə borcun 12 ay ərzində hissə-hissə ödənilməklə, 03 mart 2023-cü il tarixinədək tam həcmdə geri qaytarılması göstərilmişdir. Buna uyğun olaraq, 2023-cü ilin aprel ayı üzrə cavabdehin əmək haqqına 300 manat məbləğində tutulma tətbiq edilmiş, lakin sonuncu borc Müqaviləsini bağlandıqdan 3 ay sonra öz xahişi ilə işdən ayrıldığından digər aylar üzrə isə tutulmanı həyata keçirmək mümkün olmamışdır. Belə ki, 02 iyun 2022-ci il tarixli əmrə əsasən, cavabdehlə iddiaçı arasında 02 noyabr 2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, bu səbəbdən, borc məbləğinin müqaviləyə uyğun olaraq qaytarılması məqsədilə cavabdehin əmək haqqından tutulmaların aparılmasını davam etdirmək mümkün olmamışdır. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya ümumilikdə 3300 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Eyni zamanda, iddiaçı 01 aprel 2023-cü ildə cavabdehə pretenziya məktubu ünvanlayaraq, qalıq 3300 manat məbləğində borcun 10 gün ərzində iddiaçının bank hesabına ödənilməsini ondan tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəməyə müraciət ediləcəyi barədə məlumat vermiş, lakin, cavabdeh tərəfindən hazıradək borcun qaytarılması üçün hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən, borcun məhkəmə qaydasında tələb olunması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 30 dekabr 2019-cu il tarixli, AS1220/2 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, bu əmək müqaviləsi ilə işəgötürənlə işçi arasında bağlanmış 02 noyabr 2017-ci il tarixli əmək müqaviləsinə onların qarşılıqlı razılığına görə yenidən baxılmaqla, Cavabdeh "malların qəbuledicisi" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 03 mart 2022-ci il tarixli, BM005-22 nömrəli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh təcili tibbi vəziyyətlərdə əmək haqqı üzrə avans ödənişi ilə bağlı müraciətinə əsasən sonuncuya İddiaçı MMC tərəfindən 03 mart 2023-cü il tarixədək, yəni 12 ay müddətinə hissə-hissə ödəməsi şərti ilə 3600 manat məbləğində borc pul vermişdir. İşdə olan əmək haqqı üzrə çıxarışın surətindən görünür ki, 04 mart 2022-ci il tarixdə Cavabdeh hesabına avans olaraq 3600 manat həcmində vəsait köçürülmüşdür. İşdə olan 24 noyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, verilmiş borcla əlaqədar 2022-ci ilin may ayında Cavabdeh əmək haqqı məbləğindən 300 manat pul tutulmuşdur. İşdə olan 02 iyun 2022-ci il tarixli, T0951-22 nömrəli əmrinə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə görə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2023-cü il tarixli, 0205 nömrəli pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan 05 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət edərkən 53 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 03 mart 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 3600 manat borc pul alıb, həmin məbləği 03 mart 2023-cü il tarixədək, yəni 12 ay müddətinə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, o, iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməyərək, borcunu qaytarmamışdır. Həmçinin, 2022-ci ilin may ayında bu borca görə iddiaçı tərəfindən cavabdehin əmək haqqı məbləğindən 300 manat vəsait tutulmuşdur. Hazırda cavabdehin iddiaçıya 3300 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 03 mart 2022-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-740-cu maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739-cu maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 2-ci hissəsinin 1-ci cümləsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə 3300 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Sözügedən Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3300 manat borc və ödənilmiş 53 manat dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3300 (üç min üç yüz) manat borc və ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-84/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-84/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver