Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-852/2025 08.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı bankla cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmçinin onlarla Əlavə Saziş bağlanaraq kredit və zaminlik müqavilələrinə əlavə və dəyişiklik edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdehlər krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə əsasən geri qaytarmağı öhdələrinə götürsələr də, kredit və zaminlik müqavilələrinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərdən Cavabdeh2 iddia tələbini qəbul etsə də, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaya dair öz münasibətini bildirməmişdir. İddia tələbi İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə 6508,61 manat əsas, 526,68 manat faiz, 252,76 manat cərimə borcu olmaqla, cəmi 7288,05 manat borcun və ödənilmiş 92,88 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 011A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, götürdüyü kredit bоrcundan 11491,39 manat ödəniş etmiş və оnun iddiaçıya 6508,61 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 100 gün üçün hesablanmış faiz borcu 526,68 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 100 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 252,76 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışını nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, ailə üzvlərindən birinin cərrahi əməliyyat keçirməsi səbəbindən kredit borcunun ödənişlərini vaxtında icra edə bilmədiyini, lakin məhkəməyə iddia verildikdən sonra ödənişlər etdiyini qeyd edib, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin:
739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
Mülki Prosessual Məcəllə
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını iddiaçının nümayəndəsinin və cavabdehin izahatı ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 011A********** saylı ərizədən görünür ki, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını cavabdeh öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. 12 iyul 2024-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı QSC arasında 011A**********S saylı “Kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında” Saziş bağlanmış və kreditin ödəniş müddəti 02 sentyabr 2026-cı il tarixədək uzadılmışdır. İşdə olan 011G**********01 saylı 12 aprel 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 011A********** saylı kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə zaminlik müqaviləsi bağlamış və öhdəliyinin icrasını təmin etmək üçün bank qarşısında tam məsuliyyət götürmüşdür. 12 iyul 2024-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında 011G**********01S saylı “Zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqqında” Saziş bağlanmış və zamin kreditin ödəniş müddətinin 02 sentyabr 2026-cı il tarixədək uzadılması ilə razılaşmışdır. İşdə olan "xxxx" QSC-nin 07 yanvar 2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" QSC-yə xx.xx.2026-cı il tarixə 5418,61 manat əsas, 801,43 manat faiz, 314,73 manat cərimə borcu olmaqla, cəmi 6534,77 manat borcu vardır. İşdə olan "xxxx" QSC-nin cavabdehlərə ünvanladığı 10 oktyabr 2025-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, həmin tarixə cavabdehləridən sözügedən müqavilə üzrə "xxxx" QSC-yə 6508,61 manat əsas, 526,68 manat faiz, 252,76 manat cərimə borcu olmaqla, cəmi 7288,05 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman 6508,61 manat əsas borc tələb edilsə də, sonradan xx.xx.2026-cı il tarixli maliyyə arayışı məhkəməyə təqdim edilərək qalıq əsas borc məbləğinin 5418,61 manat olduğunu göstərmişlər. Ona görə də məhkəmə hesab edir ki, əsas borc hissədə iddia tələbi qismən 5418.61 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcu və cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı 10 oktyabr 2025-ci il tarixdə bildiriş göndərərək cavabdehlərdən sözügedən müqavilə üzrə əsas və gecikmə günü üçün hesablanmış faiz borcunu, eyni zamanda cərimə borcunun qaytarmasını tələb etməklə, həmin müqavilənin birtərəfli qaydada ləğv olunmasını bəyan etmişdir. Belə olan halda, kreditorun borclulara bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair bildirişi borclulara göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehlərdən müqavilə üzrə faizi tələb etməsi yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği iddia tələbində və 10 oktyabr 2025-ci il tarixli bildiriş-məktubda eyni, 526,68 manat məbləğində müəyyən edildiyindən faiz borcunun tutulması hissəsində iddia tələbi tam təmin olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlərdən tutulmalı olan 252,76 manat cərimə borcunun məbləği 5418,61 manat əsas borca mütənasibdir və ağılabatan hesab olunmaqla təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2026-cı il tarixli maliyyə arayışında faiz və cərimə borcu iddia tələbində göstərilən məbləğlərdən çox olsa da, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim iddia tələbində göstərilən məbləğlərdə faiz və cərimə borcunun tutulmasını əsaslı hesab edir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 04 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" QSC məhkəməyə müraciət edərkən 92,88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı bank tərəfindən ödənilmiş 92,86 manat məbləğində məhkəmə xərcinin 85%-i, yəni 79 manatı tutularaq, iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5418,61 manat əsas, 526,68 manat faiz, 252,76 manat cərimə borcu olmaqla, cəmi 6198,05 manat borc və ödənilmiş 92,86 manat məbləğində məhkəmə xərcinin 85%-i, yəni 79 manatı dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5418,61 manat əsas, 526,68 manat faiz, 252,76 manat cərimə borcu olmaqla, cəmi 6198,05 manat (altı min yüz doxsan səkkiz manat beş qəpik) borc və ödənilmiş 92,86 manat məbləğində məhkəmə xərcinin 85%-i, yəni 79 (yetmiş doqquz) manatı tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə