Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-928/2025 16.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Vahabzadə Gülay Xanlar qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 5237,30 manat əsas, 247,11 manat faiz, 35,53 manat cərimə olmaqla, cəmi 5519,94 manat borcun və ödənilmiş 75,60 manat məbləğində məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh 16 may 2022-ci il tarixdə müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olaraq onun bütün şərtləri ilə razı olmasını təsdiq etmişdir. Beləliklə, ümumi ofertaya uyğun olaraq, bank tərəfindən 27 dekabr 2023-cü il tarixdən 26 dekabr 2026-cı il tarixədək illik 20% ödəmək şərtilə 9000 manat nağd kredit məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, onun banka cəmi 5519,94 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 16 may 2022-ci il tarixli ərizənin, eləcə də 27 dekabr 2023-cü il tarixli SMS mətnin surətindən görünür ki, Cavabdeh müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olaraq onun bütün şərtləri ilə razılaşmış və ödəniş kartını təhvil almışdır. Həmçinin, bank tərəfindən 27 dekabr 2023-cü il tarixdən 26 dekabr 2026-cı il tarixədək istehlak məqsədi üçün illik 20% ödəmək şərti ilə 9000 manat nağd kredit məbləği onun ödəniş kartına köçürülmüşdür. İşdə olan 09 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" KB ASC məhkəməyə müraciət edərkən 75,60 manat xərc (75,20 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Sözügedən Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Bu Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Sözügedən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertanın 20.9-cu bəndinə görə “Müştəri” kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 16 may 2022-ci il tarixli razılaşmaya əsasən bank tərəfindən cavabdehə 27 dekabr 2023-cü il tarixdən 26 dekabr 2026-cı il tarixədək istehlak məqsədi üçün illik 20% ödəmək şərti ilə 9000 manat nağd kredit verilmiş, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh razılaşmanın şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Beləliklə, sözügedən razılaşma üzrə cavabdehin banka cəmi 5519,94 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5237,30 manat əsas, 247,11 manat faiz, 35,53 manat cərimə olmaqla, cəmi 5519,94 manat məbləğində borc və ödənilmiş 75,60 manat məbləğində məhkəmə xərcinin əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 336-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5237,30 manat əsas, 247,11 manat faiz, 35,53 manat cərimə olmaqla, cəmi 5519,94 (beş min beş yüz on doqquz manat 94 qəpik) manat məbləğində borc və ödənilmiş 75,60 ( yetmiş beş manat 60 qəpik) manat məbləğində məhkəmə xərcinin əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-928/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-928/2025
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver