Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-97/2024 11.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 21678 manat məbləğində maddi ziyanın, mediasiya xidməti üçün çəkilmiş 55 manat məhkəmə xərcinin, eləcə də ödənilmiş 106 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, 28 noyabr 2018-ci il tarixli əmək müqaviləsinə əlavəyə görə “administrator” vəzifəsinə keçirilmiş, həmçinin həmin tarixdə sonuncu ilə "xxxx" müqavilə bağlanmışdır. Bundan sonra, cavabdeh iddiaçı MMC-nin 31 yanvar 2023-cü il tarixli, 51 saylı əmri ilə işdən azad edilmişdir. Cavabdehlə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin tələblərinə görə sonuncu ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqaviləyə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir və bu halda imtina aktı tərtib edilir. İddiaçı MMC-nin “növbədənkənar inventarizasiyanın aparılması haqqında” 05 yanvar 2023-cü il tarixli, 3 saylı əmrinə əsasən “Oba–Siyəzən 2” mağazasında administrator işləyən cavabdehin öhdəsindəki maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. İnventarizasiya yoxlamasının 05 yanvar 2023-cü il tarixdə keçiriləcəyi və cavabdehin həmin yoxlamada iştirak etməli olduğu barədə sonuncuya dəfələrlə şifahi qaydada bildirilib, ünvanına rəsmi xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh hər hansı səbəb bildirmədən inventarizasiyada iştirak etməkdən imtina etmişdir. Həmin mağazada yeni təyin olunmuş administrator X2 iştirakı ilə cavabdehin öhdəliyində olan maddi qiymətlilər fiziki sayılmaqla yoxlanılmış, inventarizasiya siyahısına alınmış və yeni təyin olunmuş administratora təhvil verilmişdir. 08 iyul 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək aparılmış inventarizasiya yoxlaması nəticəsində işçi qrupu tərəfindən 05 yanvar 2023-cü il tarixli imtina aktı tərtib edilərək, cavabdehin inventarizasiyada iştirak etməkdən və inventarizasiya siyahısını imzalamaqdan imtina etdiyini öz imzaları ilə təsdiq etmişlər. İnventarizasiya zamanı tərtib edilmiş inventarizasiya komissiyasına iltizamnamədən göründüyü kimi mağazaya təyin olunmuş yeni administrator X1 tam olaraq iştirak etmiş, sayılan miqdarlarla tanış olmuş, sayımla bağlı heç bir etirazı olmamışdır. Yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş inventarizasiya nəticələrinə dair yekun akta əsasən cavabdehin iddiaçı MMC-yə 25064,57 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olmaq üçün cavabdehə dəfələrlə şifahi məlumatlar verilsə də, habelə ünvanına rəsmi xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh inventarizasiya nəticələrinin araşdırılmasında iştirak etməkdən, nəticələrlə tanış olmaqdan və yekun aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina aktı tərtib edilmişdir. İddiaçı MMC-nin təbii itki normalarının tətbiqi haqqında 12 yanvar 2023-cü il tarixli, 104 saylı əmrindən göründüyü kimi mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddiməsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,67 faizi miqdarında müəyyən edilmişdir. Beləliklə, yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 21678 manat təşkil edir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, eləcə də, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etməklə izahatında göstərdi ki, o, iddiaçı MMC ilə bağlanmış 17 avqust 2017-ci il tarixli əmək müqaviləsinə əsasən həmin MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 20 mart 2018-ci il tarixdə isə administrator vəzifəsinə keçirilmiş, həmçinin 20 dekabr 2022-ci il tarixdə işdən ayrılmışdır. 05 yanvar 2023-cü il tarixdə ona zəng edilmiş həmin gün inventarizasiya yoxlamasının keçiriləcəyi bildirilmiş, habelə bu yoxlanışa dəvət edilmişdir. Lakin, o, icazəli olduğunu bildirməklə, iştirak edə bilməyəcəyini, şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmasını qeyd etmişdir. Həmin vaxt o, rəsmi formada deyil, şifahi şəkildə icazəli olmuşdur. Bundan sonra, 07 yanvar 2023-cü il tarixdə bu barədə xəbərdarlıq məktubu evinə gəlmiş, həmçinin məktubu şəxsən özü qəbul etmişdir. Bundan başqa, o, İddiaçı MMC-də 9 il müddətində işləmiş, lakin heç vaxt bu qədər əskikləri olmamış, habelə onun iştirakı olmadan keçirilmiş inventarizasiya yoxlaması nəticəsində bu qədər yüksək məbləğdə əksiklərin yaranmış olması onda sual doğurur. Belə ki, hər ayın sonunda yaranan kiçik məbləğlərdə əskiklər məvacibindən tutulmuşdur. Həmçinin, o, işinə daim məsuliyyətlə yanaşmışdır. Eyni zamanda, 05 yanvar 2023-cü il tarixdə Oba-Siyezen 2 mağazasında inventarizasiya yoxlaması aparılmış, həmçinin ona heç bir məlumat verilmədən, habelə bundan 1 il 1 ay sonra məhkəməyə müraciət etmişlər. Odur ki, iddia müddəti tətbiq olunaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 06 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinin surətindən və eyni tarixli, 445-K nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh həmin tarixdən işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 28 noyabr 2018-ci il tarixli, 538-K nömrəli əmrin çıxarışından, eləcə də eyni tarixli əmək müqaviləsinə əlavənin və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 08 iyul 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək dövrü əhatə edən 15 fevral 2023-cü il tarixli “Oba-Siyezen 2” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 25064,57 manat çatışmazlıq müəyyən edilmiş, lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 05 yanvar 2023-cü il tarixli iltizamnamədən, həmçinin eyni tarixli və 13 fevral 2023-cü il tarixli imtina aktlarından görünür ki, 05 yanvar 2023-cü il tarixdə keçirilmiş inventarizasiya zamanı maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (25064,57 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. İşdə olan 31 yanvar 2023-ci il tarixli, 51 nömrəli əmrdən çıxarışa, eləcə də eyni tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərinə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsünə) görə xitam verilmişdir. İşdə olan 12 yanvar 2023-cü il tarixli, 104 nömrəli əmrdən, eləcə də 19 dekabr 2023cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə əlaqədar inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, onun hesabında 25064,57 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 21678 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 19 dekabr 2023-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 21678 manat təşkil etmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasına müraciət edərkən 55 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 106 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 06 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh bu tarixdən işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, "xxxx" MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra, o, 28 noyabr 2018-ci il tarixli əmrlə həmin tarixdən "xxxx" MMC-yə administrator vəzifəsinə təyin edilmiş, həmçinin eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Sonradan, 05 yanvar 2023-cü il tarixdə, “Oba-Siyezen 2” filialında keçirilmiş inventarizasiya zamanı 25064,56 manat zərər aşkar edilərək, bu barədə akt tərtib olunmuş, bundan əlavə Cavabdeh inventarizasiya prosesində iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (25064,57 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 31 yanvar 2023-cü il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 25064,56 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 21678 manat müəyyən edilmiş və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba-Siyəzən 2” filialı üzrə administrator işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə 21678 manat məbləğində zərər vurmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə hazırkı iddiaya cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə etiraz ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və sonuncu ona ziyanın vurulmasını aşkar etdiyi gündən, yəni 05 yanvar 2023-cü il tarixdən sonra 1 il ərzində məhkəməyə müraciət etmiş, o cümlədən iddia ərizəsi 22 dekabr 2023-cü il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş, bununla da iddiaçı edilməsi üçün müddət müəyyən olunmuş hərəkəti vaxtında icra etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin V hissələrinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Bununla da, məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçı MMC ilə cavabdeh arasında olan əmək münasibətlərindən irəli gələn maddi ziyanla bağlı mübahisəyə əmək qanunvericiliyində (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin V hissəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 21678 manat məbləğində maddi ziyanın və çəkilmiş 161 manat məbləğində məhkəmə xərcinin əvəzi tutularaq ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 21678 (iyirmi bir min altı yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyanın və çəkilmiş 161 (bir yüz altmış bir) manat məbləğində məhkəmə xərcinin əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-97/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-97/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver