Məhkəmə qərarları › İş №e-2(060)-1060/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1060/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1060/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, avtomobilə dəymiş zərərin əvəzi olaraq 6887 manat, 200 manat ekspertiza xərci, 1800 manat taksi xidmətinə ödənilən xərc, 97 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7784 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçıya məxsusdur. Həmin avtomobil etibarnamə əsasında X4 tərəfindən idarə edilir. 23 noyabr 2022-ci ildə təxminən 20:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə adlanan ərazidə X4 avtomaşını qonaq getdiyi binanın yaxınlığında yolun kənarında saxlamışdır. Saat təxminən 23:30 radələrində avtomobilə yaxınlaşdıqda avtomaşını qəzalı vəziyyətdə görmüşdür. Maşın arxadan zərbə nəticəsində itələnərək öndə olan X5 məxsus **-EH-*** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” markalı avtomobilə toqquşmuşdur. Nəticədə iddiaçının avtomobili ön və arxadan zərbə görərək yarasız vəziyyətə düşmüşdür. X1 hadisə yerinə yaxınlaşdıqda hadisəni törədən avtomobil hadisə yerində olmamışdır. 24 noyabr 2022-ci səhər saatlarında Cavabdeh1 hadisə yerinə gələrək hadisəni oğlu Cavabdeh2 idarə etdiyi Cavabdeh1 məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı “X11” markalı avtomobillə törətdiyini etiraf etmişdir. Yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus olan avtomobilə xeyli miqdarda zərər dəymişdir. Avtomobilin təmiri üçün “Ulduz FMK” avtoservis mərkəzinə aparılmışdır. Servis tərəfindən avtomobilə dəymiş zərərin miqdarı 10387 manat hesablanmışdır. İcbarı sığorta üzrə 3500 manat iddiaçıya, 1500 manat isə üçüncü avtomobilə pul məbləği təyin olunmuşdur. Lakin icbari sığorta üzrə olan ödəniş avtomobilimin təmiri üçün yetərli olmamışdır. Yerdə qalan 6887 manatın ödənilməsi üçün avtomobilin mülkiyyətçisi Cavabdeh1 və etibar edilən Cavabdeh2 yazılı və şifahi müraciətlər etsə də, onun müraciətinə məhəl qoymamış, ödəniş etməkdən yayınmışlar. Avtomobilə dəymiş zərəri dəqiqləşdirmək üçün müstəqil ekspert mərkəzinə müraciət olunmuşdur. Eskpert mərkəzi tərəfindən dəymiş zərər 10537 manat hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq ekspert rəyi ilə tanış olduqlarını və rəylə razı olduqlarını bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1987-c ildə anadan olmuşdur. Cavabdeh1 xx.xx.1966-cı ildə, Beyləqan rayonu, Bahar kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən “Chevrolet Trax” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının, **-CF-*** dövlət qeydiyyat nişanlı, “X11” markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında sözügedən avtomobili idarə etmək səlahiyyəti Cavabdeh2 verilmişdir. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarında istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokola əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 22:50-də 16-cı məhəllə ərazisində **-CF-*** dövlət qeydiyyat nişanlı, “X11” markalı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürcüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ulduz FMK Avtoservis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin miqdarı 10387 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş müstəqil ekspertin rəyinə əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəymiş zərər 10537 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiym nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Chevrolet Trax” markalı, ** OH *** dc qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş PXA126340 saylı sığorta aktına əsasən **-CF-*** dövlət qeydiyyat nişanlı, “X11” markalı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 3942,10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş xidmət müqavilələrinə əsasən iddiaçı ilə X3 arasında 05 yanvar, 05 fevral və 05 mart 2023-cü il tarixlərində taksi xidmətinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. Eyni tarixli aktlara əsasən iddiaçı tərəfindən X2 hər dəfə 600 manat olmaqla, cəmi 1800 manat ödəniş edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərəə pretenziya məktubu göndərilərək borcunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Göründüyü kimi Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan və onun tərəfindən etibarnamə əsasında idarə olunan **-CF-*** dövlət qeydiyyat nişanlı “X11” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya bunun üçün 3942,10 manat ödəniş edilmişdir. Ekspert rəyində iddiaçıya məxsus avtomobilə dəymiş ziyan 9641 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilmiş sığorta məbləği həmin məbləğdən çıxılmaqla, yerdə qalan 5698,9 manat dəymiş zərərin əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş materialları ilə müəyəyn edilir ki, müstəqil ekspertin rəy verməsi üçün iddiaçı tərəfindən 200 manat xidmət haqqı ödənilmişdir.İddia qismən təmine dildiyi üçün həmin məbləğin yarısı, yəni 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). İddiaçı öz avtomobilindən istifadə edə bilmədiyi üçün taksi xidmətindən istifadə etdiyini və bunun üçün 1800 manat pul xərclədiyini bildirərək, əldən çıxmış fayda qismində həmin məbləğin də cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə həmin məbləği ağlabatan məbləğdə, yəni 200 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 97 manat dövlət rüsumunun 75 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza xərci olan 50 manatın 39 manatı cavabdehlərə, 11 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5698 (beş min altı yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində avtomobilə dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci və 200 (iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5998 (beş min doqquz yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul və 75 (yetmiş beş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 39 (otuz doqquz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 11 (on bir) manatı isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar