Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1062/2023 01.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: LPO "xxxx" KB QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2014-ci il tarixli 1xx/xx/71938/14 saylı kredit müqaviləsi üzrə 1192,68 (bir min yüz doxsan iki manat, 68 qəpik) manat məbləğində əsas borc, 816.69 (səkkiz yüz on altı manat, 69 qəpik) manat məbləğində faiz borcu, 899,85 (səkkiz yüz doxsan doqquz manat, 85 qəpik) manat məbləğində cərimə borcu, 363.46 (üç yüz altmış üş manat, 46 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 3272.68 (üç min iki yüz yetmiş iki manat, 68 qəpik) manat məbləğində pulun, 52.73 (əlli iki manat 73 qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 05 iyun 2014-cü il tarixində Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 5000 (beş min) manat məbləğində kredit verilməsini xahiş etmişdir. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh1 ilə 05 iyun 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/71938/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən borcluya illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 05 iyun 2014-cü il tarixli 1xx/xx/71938/14 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Sonradan Cavabdeh1 xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdə 1xx/xx/71938/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanmışdır. Eyni zamanda digər Cavabdeh2 ilə də həmin tarixdə zaminlik müqaviləsinə 01 saylı əlavə saziş bağlanmışdır. 01 saylı Sazişə əsasən 05 iyun 2014-cü il tarixli 1xx/xx/71938/14 saylı kredit müqaviləsinin 2.7-ci yarımbəndinə dəyişikliklər edilərək kreditin qaytarılmalı olduğu son tarix xx.xx.2016-cı il tarixə müəyyən edilmiş və müqavilənin 8-ci bəndi ləğv edilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1192,68 (bir min yüz doxsan iki manat, 68 qəpik) manat məbləğində əsas borc, 816.69 (səkkiz yüz on altı manat, 69 qəpik) manat məbləğində faiz borcu, 899,85 (səkkiz yüz doxsan doqquz manat, 85 qəpik) manat məbləğində cərimə borcu, 363.46 (üç yüz altmış üş manat, 46 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 3272.68 (üç min iki yüz yetmiş iki manat, 68 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh1 kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9608/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9608/2019 saylı qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, müvafiq kredit müqaviləsi üzrə zamin şəxs qismində cavabdeh olmuşdur. Kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixdə bitmişdir. Zamin qismində növbəti il ərzində heç bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən zaminə qarşı müqavilə tələbi üzrə bir illik iddia tələbinin ötürülmüş hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, qanunda iddia müddətinin tətbiqi ilə bağlı 3 il müddət nəzərdə tutulmuşdur. Bu isə 2019-cu ilə təsadüf edir. 2019-cu ildə məhkəməyə iddia müddətini ötürməmişdən öncə müraciət etmişlər. Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixdə fərman imzalanmışdır. Bu səbəbdən də iş məhkəmədə baxılmamış saxlanılmışdır. Tərəfin restrukturizasiya müqaviləsi ilə bağlı çıxarış əldə olunmuşdur. Bunun bir nüsxəsi isə məhkəməyə təqdim edilmişdir. Zaminliklə bağlı ərizənin təmin edilməsinə, zaminliyə qanunvericiliyin tələbinə əsasən xitam verilməsinə etirazı yoxdur. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 05.06.2014-cü il tarixli, 1xx/xx/71938/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 25%-lə, 5000 manat kredit vermişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. -Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2014-cü il tarixdə edilmişdir. - İddiaçının cavabdehin ünvanına göndərilən bildiriş məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - Problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh1 LPO "xxxx" KB QSC-yə olan borcundan 1192.68 manat restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1062/2023 saylı, 01 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı QSC «Bank Standard» KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə dair verilmiş ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət edilmiş, məhkəmənin qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır.Bu səbəbdən müddətin axımı kəsilmiş, məhkəmədə hüquqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1192.68 manat əsas borcu yaranmışdır. Cavabdeh1 iddiaçıya olan borcundan 1192.68 manat restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, borclu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 05 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 05 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşlarınbank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək- borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqlaqiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddianın faiz borcu, cərimə, həmçinin müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış borc məbləği hissəsində tələb təmin olunmamalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 31.93 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 05 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1192.68 manat əsas borc və ödənilmiş 31.93 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1192.68 manat əsas borc vəödənilmiş 31.93 manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" KB QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1062/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1062/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver