Məhkəmə qərarları › İş №e-2(060)-1097/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1097/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1097/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli, 355935-CNS-39264 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 1111,92 manat məbləğində əsas borc, 115,34 manat məbləğində faiz borcu, 118,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1345,61 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33,46 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 27 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2155 manat məbləğində kredit “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.22.2-ci bəndinə əsasən kredit alana verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2024-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka ümumilikdə 1345,61 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və bank borcludan vəzifəsinin icrasını “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda, həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “Kredit alan”ın vəzifəsidir (10.3.14-cü bənd). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. xx.xx.2022-ci il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,05 manat məbləğində cərimə hesablanır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

Tədqiq olunan sübutlar:

3. xx.xx.2022-ci il tarixli «Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən» görünür ki, Cavabdeh bankın rəsmi internet səhifəsində (www.vtb.az) yerləşdirilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri», tariflər, valyuta məzənnəsi və aparılan bütün bank əməliyyatları üzrə məhdudiyyətlər ilə tanış olmuş, onları qəbul etmiş və ona illik 27% ödəmək şərti ilə, 36 ay müddətinə 2155 manat məbləğində kreditin verilməsi ilə razılaşmışdır.

4. xx.xx.2022-ci il tarixli, 355935-CNS-39264 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər sözügedən müqavilə üzrə 2155 manat əsas borc, 1014,08 manat faiz borcunun, ümumilikdə 3169,08 manat məbləğində pul vəsaitinin 31 oktyabr 2022-ci ildən 29 sentyabr 2026-cı ilədək hissə-hissə, yəni hər ay 87,99 manat, son ay isə 89,43 manat olmaqla ödənilməsi barədə razılığa gəlmişlər.

5. Bank VTB ASC-nin 14 nömrəli “Neftçilər” filialı tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli, ********* saylı kassa məxaric oderindən görünür ki, Cavabdeh tərəfindən 2122 manat məbləğində pul vəsaiti məxaric edilmişdir.

6. İddiaçı ASC tərəfindən tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə 355935-CNS-39264 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə 1111,92 manat əsas borc, 115,34 manat faiz borcu, 118,35 manat cərimə borcu olmaqla, cəmi 1345,61 manat borcu vardır.

7. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan və 968490 saylı qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1345,61 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi, ödənilmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə pretenziya məktubu göndərilmiş, lakin göndərilən ünvanda qapının bağlı olması səbəbindən məktubun cavabdehə təqdim edilməsi mümkün olmamışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh bankın rəsmi internet səhifəsində (www.vtb.az) yerləşdirilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri», tariflər, valyuta məzənnəsi və aparılan bütün bank əməliyyatları üzrə məhdudiyyətlər ilə tanış olmuş, onları qəbul etmiş və ona illik 27% ödəmək şərti ilə, 36 ay müddətinə 2155 manat məbləğində kreditin verilməsi ilə razılaşmışdır.

15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 20 noyabr 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 115,34 manat faiz borcunun olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməli, cavabdehdən 115,34 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.

19. İddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təsdiq edilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin» 2.2.8-ci bəndində qeyd edilmişdir ki, borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün müştəri ödənilməli olan məbləğin 0,5%-i miqdarında banka dəbbə pulu ödəməlidir.

20. Məhkəmə işin hallarını nəzərə alaraq, 118,35 manat məbləğində cərimə borcunun 20 (iyirmi) manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

21. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 355935- CNS-39264 saylı müqavilə üzrə əsas borc qismində 1111,92 manat əsas borc, 115,34 manat faiz, 20 manat məbləğində cərimə borcu, cəmi 1247 (min iki yüz qırx yeddi) manat, 26 (iyirmi altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat, 47 (qırx yeddi) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 355935-CNS-39264 saylı müqavilə üzrə əsas borc qismində 1111,92 manat əsas borc, 115,34 manat faiz, 20 manat məbləğində cərimə borcu, cəmi 1247 (min iki yüz qırx yeddi) manat, 26 (iyirmi altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat, 47 (qırx yeddi) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar