Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1098/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(105)-320/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 07 may 2018-ci il təvəllüdlü X1 və 28 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşağa görə sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, birgə münasibətlərindən 07 may 2018-ci il təvəllüdlü X1 və 28 yanvar 2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(105)-320/2022 saylı qətnaməsi ilə K.A.Alməmmədovdan uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Özü heç bir yerdə işləmir, övladlarını maddi cəhətdən təmin edə bilmir. Cavabdeh faktiki ayrıldıqları vaxtdan bu günə kimi birgə nikahdan doğulmuş uşaqlarının yaşayış şəraiti ilə maraqlanmamış, onların saxlanılmalarına heç bir maddi yardım göstərməmişdir. Cavabdehin yüksək gəlirləri vardır və azyaşlı uşaqlarının yaşayış minimumu həddində deyil, normal həddə saxlanılmaları üçün kifayət qədər maddi imkanı vardır. İddiaçı məhkəməyə ərizə yazaraq, iddia ərizəsini müdafiə etdiyini, təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, onun maddi imkanı uşaqları üçün hər ay 200 manat ödəməyə çatır. Başqa imkanı yoxdur. Belə ki, onun aylıq gəliri 345 manat məbləğindədir və o, hər ay gecikdirmədən hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində alimenti birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün ödəyir. Məhkəmə cavabdehin izahatını dinləyi, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, tərəflər 21 oktyabr 2019-cu il tarixdə nikaha daxil olmuşlar, bu nikahdan 07 may 2018-ci il təvəllüdlü X4 və 28 yanvar 2020-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(105)- 320/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilsin, Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, 07 may 2018-ci il təvəllüdlü X1 və 28 yanvar 2020-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 07 may 2018-ci il təvəllüdlü X1 və 28 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 mart 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaga görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İşdə olan elektron məlumatın surətindən görünür ki, A.M.X5 Mədəniyyət İdarəsində müəllimə vəzifəsində çalışır və aylıq əmək haqqı 450 (dörd yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İşə əlavə olan 31 yanvar 2023-cü il tarixli 01/2023 saylı arayışdan görünür ki, Cavabdeh 09 avqust 2021-ci ildən bu günədək "xxxx" MMC-də çatdırma elemanı vəzifəsində işləyir və onun aylıq əmək haqqı 345 (üç yüz qırx beş) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2023-cü il üçün “X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Odur ki, məhkəmə, uşaqların mənafeyini nəzərə alıb, iddianın qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 07 may 2018-ci il təvəllüdlü X1 və 28 yanvar 2020-ci il təvəllüdlü X2 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-320/2022 saylı iş üzrə qəbul etdiyi 16 mart 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 07 may 2018-ci il təvəllüdlü X1 və 28 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-320/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 07 may 2018-ci il təvəllüdlü X1 və 28 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın əvəzi olaraq Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini alandan sonra icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-1098/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1098/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver