Məhkəmə qərarları › İş №e-2(060)-110/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-110/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-110/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırki İddiaçı ASC) illik 25 faizlə, 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 48.462 ABŞ dolları, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu, cəmi 56.139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı- Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, bağ evinin aşıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56.139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması və Cavabdeh həmin evdən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun Cavabdeh "xxxx" İnvesitisiya Kommersiya bankının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-204/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsi bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, cavabdehdən faiz borcuna görə 7.627 ABŞ dolları pulun tutulması hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin bazar dəyəri 133.000 manat müəyyən edilmiş, Cavabdeh 1490,48 ABŞ dolları faiz, cəmi 50.002,48 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq "xxxx" X1 xeyrinə tutulması müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 09 aprel 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2015-cı il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcun və 128,37 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X4 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, “bu ünvanda yaşamır” qeydi ilə bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 48462 ABŞ dolları əsas, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu, cəmi 56.139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə borcun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı- Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi, bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə manatla "xxxx" X1 xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması və Cavabdeh həmin evdən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun Cavabdeh "xxxx" X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, ev B-237 "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2016-cı il tarixdə 17 saylı reyestr kitabının 83 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

9. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2024-cü il tarixədək banka qətnamə üzrə tutuluş borca görə illik 5%-lə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcu vardır.

10. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(060)-2810/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi”nə dair iddia tələbinin rədd edilməsi, məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir.

12. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1529/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8125 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 6-G1-1-0-83-15 saylı kredit müqaviləsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-10099/2015 saylı qətnaməsinin tarixindən xx.xx.2024-cü il tarixədək 56.139 ABŞ dolları məbləğində tutulmalı borca görə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda 23.539,39 ABŞ dolları məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi hərraca çıxarılmış, həmin əmlak xx.xx.2016-cı il tarixli çıxarışla "xxxx" ASC-nin ("xxxx" İKB ASC) adına qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı cavabdehin borc öhdəliyini vaxtında icra etmədiyini əsas gətirərək, xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcun ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Həmin Məcəllənin 445.4-ci maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

21. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

22. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

23. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

24. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

25. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

26. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

28. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, əmlakı ipoteka ilə yüklü edilmiş, hərraca çıxarılması qət edilmiş, bank isə həmin əmlakı almışdır.

29. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus əmlak ipoteka ilə yüklü edildiyindən onun hüquqları məhdudlaşmaqla yanaşı maddi məsuliyyətdən də azad edir.

30. Məhkəmə ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsində xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 7523,81 ABŞ dolları faiz borcun ödənilməsini xahiş etmişdir, göstərilən ekspert rəyi ilə müəyyən edilmiş məbləğ iddia tələbinin həcmindən kənara çıxdığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hazırki ekspert rəyinə istinad edilərək qərar qəbul edilə bilməz.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia tələbi rədd edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

39. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətindən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətindən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar