Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-111/2023 06.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP178 saylı kredit müqaviləsinə əsasən 46,130.55 (qırx altı min bir yüz otuz manat, əlli beş qəpik) manat əsas borcu, 4,858.27 (dörd min səkkiz yüz əlli səkkiz manat, iyirmi yeddi qəpik) manat faiz borcu, 423.24 (dörd yüz iyirmi üç manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 51,412.06 (əlli bir min dörd yüz on iki manat, altı qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 245 (iki yüz qırx beş) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsinə əlavə verərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 19 iyul 2017-ci il tarixli İP178 nömrəli kredit müqaviləsi və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla 330 ay müddətinə 50,400 (əlli min dörd yüz) manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2017-ci il tarixli İP178 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyələşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliyə əsasən 53-cü maddənin tələblərinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki iş üzrə tərəflərindən iddia tələbinin həcminin artırılması barədə ərizə axırıncı dəfə xx.xx.2022-ci il tarixdə verilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmə qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə asas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, Borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə Bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli İP178 saylı ipoteka kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən öhdəliyin müddəti 330 ay müddətinə bağlanmışdır. Bu da onu sübut edir ki, müqavilə müddətinin bitməməsi səbəbindən faiz və cərimə borcunun hesablanması davam edir. Qeyd edilənlərə əsasən cavabdehin aktiv öhdəliyi üzrə müqavilə müddəti davam etdiyi və tərəflər arasında öhdəlik münasibətlərinə xitam verilmədiyi üçün əsas borcu üzrə faiz və cərimə hesablanması davam etdiyindən, hazırki iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Hesab edirlər ki, tərəflərindən verilmiş hazırki iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmə baxışı gedişində əmələ gəlmiş hal olaraq nəzərə alınmalı və iddia ərizəsinə əlavə icraata qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən Cavabdeh İP178 saylı kredit müqaviləsinə əsasən 46,130.55 (qırx altı min bir yüz otuz manat, əlli beş qəpik) manat əsas borcu, 10,449.73 (on min dörd yüz qırx doqquz manat yetmiş üç qəpik) manat faiz borcu, 5,991.92 (beş min doqquz yüz doxsan bir manat doxsan iki qəpik) manat cərimə, cəmi 62,572.2 (altmış iki min beş yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; 2. Tutmanın ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiyməti 72 000 (yetmiş iki min) manat məbləğində müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 278 (iki yüz yetmiş əskkiz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh (bundan sonra “Borcalan”) arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 19 iyul 2017-ci il tarixli İP178 nömrəli kredit müqaviləsi və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla 330 ay müddətinə 50,400 (əlli min dörd yüz) manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2017-ci il tarixli İP178 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyələşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Borcalan arasında 20 iyul 2017-ci il tarixli İP178 nömrəli alğı-satqı və ipoteka müqaviləsi imzalanmış və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP178 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda RX №1133737 nömrəli (Reyestr nömrəsi: **********62-05101-093032, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2017) dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 00218 nömrəli ipoteka kağızı verilmişdir. Lakin Kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə asas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, Borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə Bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin o cümlədən güzəştli ipoteka kreditinin verilməsi haqqında qaydaların tələblərinə əsasən, borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə, Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir, müvəkkil bank Fonddan ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 245 (iki yüz qırx beş) manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə 330 ay müddətinə kredit verilmiş, müqavilə müddəti də davam etdiyindən cavabdehə əlavə faiz borcu hesablanmışdır. İddia ərizəsinə əlavə verilməsi bununla əlaqədardır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2017-ci il tarixli İP178 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla 330 ay müddətinə 50,400 (əlli min dörd yüz) manat məbləğində ipoteka krediti verilmişdir. İş materiallarından görünür ki, ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyələşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda qüvvəyə minən, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyən "xxxx" ASC ilə Cavabdeh arasında 20 iyul 2017-ci il tarixli razılaşma imzalanmışdır. İşdə olan 20 iyul 2017-ci il tarixli İP178 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzili 50400 manat məbləğində almışdır. İşdə olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 307 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubundan görünür ki, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzilin satış (likvid) dəyəri 82000 (səksən iki min) məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 fevral 2023-cü il tarixə İP178 saylı kredit müqaviləsinə əsasən 46,130.55 (qırx altı min bir yüz otuz manat, əlli beş qəpik) manat əsas borcu, faiz borcu 10,449.73 (on min dörd yüz qırx doqquz manat yetmiş üç qəpik) manat, cərimə borcu 5,991.92 (beş min doqquz yüz doxsan bir manat doxsan iki qəpik) manat, cəmi 62,572.2 (altmış iki min beş yüz yetmiş iki manat iyirmi qəpik) manat borcu var və gecikmə günün sayı 578-dir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 19 iyul 2017-ci il tarixli İP178 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış 19 iyul 2017-ci il tarixli İP178 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 46130.55 manat əsas borc və 10449.73 manat faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 5991.92 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 500 manat pul tutulmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin satış (likvid) dəyərinin 82000 (səksən min) manat olması müəyyən olunmuşdur. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzili açıq hərracda satıldıqdan sonra Cavabdeh 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 91% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 278 (245+5+28) manat dövlət rusumunun 253 manatı cavabdehdən tutulmalı, 25 manatı isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İP178 saylı kredit müqaviləsinə əsasən 46,130,55 (qırx altı min bir yüz otuz manat, əlli beş qəpik) manat əsas borc, 10449,73 (on min dörd yüz qırx doqquz manat, yetmiş üç qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 57080,28 (əlli yeddi min səksən manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun 253 (iki yüz əlli üç) manat hissəsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilsin. Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzil açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzil satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalıq borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 11-ci mkr, ev 26, 21 saylı mənzilin satış (likvid) dəyəri 82000 (səksən iki min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-111/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-111/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver