Məhkəmə qərarları › İş №e-2(060)-1125/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1125/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1125/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2023-cü il tarixli, 360023-CNS-46163 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 5070,48 manat məbləğində əsas borc, 191,44 manat məbləğində faiz borcu, 178,45 manat məbləğində cərimə, ümumilikdə isə 5440,37 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 74,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2023-cü il tarixli, 360023- CNS-46163 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh borcu kapitallaşdırılmış və o, 5070,69 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə isə 5440,37 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

Tərəflərin mövqeləri:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hazırki işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

5. xx.xx.2023-cü il tarixli, 360023-CNS-46163 saylı «Kredit borcunun restrukturizasiyasına» dair müqavilədən görünür ki, bank Cavabdeh illik 11% ödəmək şərti ilə, 59 ay müddətinə 5070,69 manat məbləğində kredit ayırmağı, borcalan isə krediti qaytarmağı və müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən illik faizi ödəməyi öhdələrinə götürmüşlər.

6. xx.xx.2023-cü il tarixli, 360023-CNS-46163 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər sözügedən müqavilə üzrə 5070,69 manat əsas borc, 1745,10 manat faiz borcunun, ümumilikdə 6815,79 manat məbləğində pul vəsaitinin 24 iyul 2023-cü il tarixdən 22 may 2028-ci il tarixədək hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.

7. İddiaçı ASC tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, 360023-CNS-46163 saylı «Kredit borcunun restrukturizasiyasına» dair müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 5070,48 manat əsas borc, 191,44 manat faiz borcu, 178,45 manat cərimə borcu olmaqla, cəmi 5440,37 manat borcu vardır.

8. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 4802 P saylı pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 5440,37 manat məbləğlərində borcun 3 iş günü ərzində ödənilməsi, ödənilmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə pretenziya məktubu göndərilmişdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

12. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

13. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank Cavabdeh illik 11% ödəmək şərti ilə, 59 ay müddətinə 5070,69 manat məbləğində kredit ayırmağı, borcalan isə krediti qaytarmağı və müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən illik faizi ödəməyi öhdələrinə götürmüşlər.

14. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildirişlər göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Belə olan halda iddiaçı qeyd olunan müqavilələr üzrə əsas və faiz borc məbləğini tələb etməkdə haqlı olmuşdur.

16. Məhkəmə iddianın cavabdehdən 178,45 manat cərimənin tutulması hissəsinə münasibətdə hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 50 (əlli) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

17. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 360023- CNS-46163 saylı müqavilə üzrə 5070,48 manat əsas borc, 191,44 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 5311 (beş min üç yüz on bir) manat, 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 73 (yetmiş üç) manat, 11 (on bir) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 360023-CNS-46163 saylı müqavilə üzrə 5070,48 manat əsas borc, 191,44 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 5311 (beş min üç yüz on bir) manat, 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 73 (yetmiş üç) manat, 11 (on bir) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar