Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1172/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 3748,73 manat əsas kredit borcu, 40,36 manat kreditdən istifadəyə görə faiz borcu, 0,10 manat cərimə olmaqla, cəmi 3789,09 manat borcunun, həmçinin 62,81 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 40241***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit razılaşmasına əsasən Cavabdeh 36 ay müddətinə, illik 17% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin əsas kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 3748,73 manat əsas kredit borcu, 40,36 manat kreditdən istifadəyə görə faiz borcu, 0,10 manat cərimə olmaqla, cəmi 3789,09 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır.
Tərəflərin mövqeləri:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40241***- *******02L saylı əsas kredit limiti razılaşmasından görünür ki, kreditverən borcalana 50000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açmağı və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürmüş, borcalan isə verilmiş krediti bu əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə kreditverənə geri qaytarmağı öhdəsinə götürmüşdür.
6. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit kreditverən tərəfindən borcalanın 40-1879207-1 nömrəli cari hesabına köçürülməklə veriləcəkdir və kreditin alınma tarixi kreditin Borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir.
7. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu əsas kredit razılaşmasının 1.1-ci bəndinə əsasən Borcalana kreditin verilməsi barədə onun kreditverənə təqdim etdiyi ÖMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, müvafiq xidmət haqqını və.s məlumatları əks etdirən SMS göndərilir. Borcalan sms-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (Kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə təsdiq sms-nin göndərilməsi və.s) bu əsas kredit limiti razılaşmasının 2.1-ci bəndinə uyğun olaraq kredit verilir.
8. Bu əsas kredit razılaşmasının 2-ci bəndinə əsasən verilmiş kredit məbləği Borcalanın cari hesabından çıxarış vasitəsilə təsdiq edilir.
9. 24 oktyabr 2022-ci il tarixli sms bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, illik 17 faiz dərəcəsi, 50 manat komissiya ilə hər ayın 01-dək 178,88 manat məbləğində pul vəsaiti ödəmək şərtilə 5000 manat məbləğində kredit vermişdir.
10. 13.12.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunması və 3 gün müddətində göstərilən məbləğdə borcun banka ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı ASC tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3748,73 manat əsas borc, 40,36 manat faiz borcu, 0,10 manat cərimə olmaqla, cəmi 3789,09 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, illik 17 faiz dərəcəsi, 50 manat komissiya ilə 5000 manat məbləğində kredit vermiş, tərəflər hər ay 01-dək 178,88 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
18. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
19. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
21. İddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 0,10 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.
22. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3748,73 manat əsas borc, 40,36 manat faiz borcu, 0,10 manat cərimə borcu olmaqla, cəmi 3789 (üç min yeddi yüz səksən doqquz) manat, 19 (on doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat, 81 (səksən bir) qəpik pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 3748,73 manat əsas borc, 40,36 manat faiz borcu, 0,10 manat cərimə borcu olmaqla, cəmi 3789 (üç min yeddi yüz səksən doqquz) manat, 19 (on doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat, 81 (səksən bir) qəpik pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva