Məhkəmə qərarları › İş №e-2(060)-1190/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1190/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1190/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin (ləğvetmə prosesində olan) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti (ləğvetmə prosesində olan) Cavabdeh qarşı iddia qaldıraraq ləğv prosesində olan «X2» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM092000368 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 1443,51 manat məbləğində əsas borc, 52,10 manat məbləğində faiz borcu, 14,36 manat məbləğində cərimə borcu, cəmi 1509,97 manat məbləğində pulun, 35,10 manat dövlət rüsumunun ləğv prosesində olan «X2» ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan «X2» ASC ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM092000368 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli, 15564 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1572 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2024-cü il tarixinə banka 1443,51 manat məbləğində əsas borc, 52,10 manat məbləğində faiz borcu, 14,36 manat məbləğində cərimə borcu, cəmi 1509,97 manat məbləğində borcu qalmışdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh 5 dəfə 27 manat məbləğində ödəniş etmişdir. Bu isə hesabdan çıxarışda öz əksini tapır. Ümumilikdə cavabdeh 135 manat məbləğində pul ödəmişdir. Həmin ödənişin 6,48 manatı faiz borcuna, 0,3 manatı isə cərimə borcuna silinmişdir. Cavabdehin 1572 manat məbləğində əsas borc məbləğindən 128,49 manat çıxdıqdan sonra onun 1443,51 manat əsas borcu qalmışdır. Bu da maliyyə arayışında öz əksini tapır. Cavabdehin iddia qaldırılan günə 1443,51 manat borcu yarandığını daha əvvəl qeyd etmişdir. Həmin məbləğə görə xx.xx.2024-cü il tarixə kimi cavabdehin banka 52,10 manat əsas borcdan borcu yaranmışdır. Cavabdeh ödənişləri vaxtı-vaxtında həyata keçirmədiyi üçün 14,36 manat cərimə hesablanmışdır. Ümumilikdə cavabdehdən 1509,97 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM092000368 saylı restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 15564 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respulikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1572 manat məbləğini restrukturizasiya etməyi, borclu isə müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür.

6. xx.xx.2020-ci il tarixli, LM092000368 saylı restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, sözügedən müqavilə üzrə ödəniş müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.

7. 06.09.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı «X2» ASC tərəfindən cavabdehdən 1161,15 manat gecikdirilmiş borc məbləğinin 5 iş günü ərzində ödənilməsini təmin etməyi tələb olunmuş, əks təqdirdə Restrukturizasiya müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməməyini nəzərə alaraq bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcunun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

8. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, LM092000368 saylı kredit müqaviləsi üzrə 1443,51 manat əsas borc, 52,10 manat faiz borcu, 14,36 manat cərimə olmaqla, cəmi 1509,97 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

12. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

13. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh 1572 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir.

14. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

16. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

17. Məhkəmə işin hallarını nəzərə alaraq, 14,36 manat təşkil edən cərimə məbləğini məqsədəmüvafiq hesab edir.

18. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1443,51 manat əsas borc, 52,10 manat faiz borcu, 14,36 manat cərimə borcu olmaqla, cəmi 1509 (min beş yüz doqquz) manat, 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat, 10 (on) qəpik pul vəsaiti tutularaq ləğv prosesində olan «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 1443,51 manat əsas borc, 52,10 manat faiz borcu, 14,36 manat cərimə borcu olmaqla, cəmi 1509 (min beş yüz doqquz) manat, 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat, 10 (on) qəpik pul vəsaiti tutularaq ləğv prosesində olan «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar