Məhkəmə qərarları › İş №e-2(060)-12/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-12/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-12/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 20000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun qaynatası, yəni keçmiş həyat yoldaşı X4 atasıdır. Cavabdeh onun birgə nikah dövründə inşa və təmir etdiyi evi arvadı ilə onun arasında əmlak mübahisəsi olan zaman öz adına rəsmiləşdirmişdir. O, keçmiş həyat yoldaşı X11 ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuş və bir müddət Qaradağ rayonunda anasına məxsus evdə yaşamış və bu ərəfədə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tikdirərək oraya köçmüşdür. Hər iki övladı orada bağçaya getmişdir. Sözügedən evin tikintisinə 20000 manat xərc çəkmişdir. Həyat yoldaşı X11 ilə uzun müddət bir yerdə mehriban yaşasalar da, sonradan ailədaxili münasibətlər kəskinləşmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Əziyyətlə tikib qurduğu evə hazırda cavabdeh sahiblənməklə əsassız varlanmışdır. Bu səbəbdən də, o həmin fərdi yaşayış evinin tikintisinə çəkdiyi 20000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun maliyyə vəsaiti hesabına tikilmiş və təmir olunmuş fərdi yaşayış evini cavabdeh əsassız olaraq öz adına keçirməklə mənimsəmiş, ona maddi zərər vurmaqla özü əsassız olaraq varlanmışdır. Cavabdehin qəsdən törədilmiş bu hüquqazidd hərəkətləri ona birbaşa maddi zərər vurmaqla qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. O, keçmiş həyat yoldaşı X11 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş, həmin ildə 3-4 ay ünvan 2 ünvanında yerləşən mənzildə yaşamış və həyat yoldaşının ailəsi ilə birgə yaşayışı alınmadığından həmin mənzili tərk edib 1 il müddətində kirayədə yaşamışdır. Bundan sonra Bağda Qurbanovanın babasının istifadəyə yararsız evinin yanında ev tikməyi onlara keçmiş qaynatası Cavabdeh təklif etmiş və həmin yerdə 2008-2009-cu illərdə mübahisələndirilən mənzili tikib ayrılanadək orada yaşamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, İddiaçı ondan 1000 ədəd qırmızı kərpic və 30-40 kisə sement almış, bunun müqabilində 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, iddiaçı onun oğludur, oğlu və gəlini ilə əvvəllər bir yerdə yaşamışlar. Oğluna ev tikməsi üçün 12000 manat pul vermişdir. Cavabdeh isə onlara ev tikmək üçün torpaq sahəsi vermişdir. Sözügedən ev H.Z.Tağıyev qəsəbəsində tikilmişdir. Oğlu ilə keçmiş gəlini həmin evdə bir neçə ilə yaşamışlar. Cavabdeh evin tikintisi üçün heç bir kömək etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, mübahisəli ev 1992-1993-cü illərdə cavabdeh tərəfindən inşa edilmişdir. Ev kubikdən tikilmiş, nəmlik olduğu üçün sonradan evin çölünə kərpic vurulmuşdur ki, həmin kərpic də cavabdeh tərəfindən vurulmuşdur. Ev bir mərtəbəli evdir, həyətə girərkən sağ tərəfdə yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, usta kimi evin tikintisində iştirak etmişdir. Ev tikilərkən xərclərlə bağlı pulu ona cavabdeh vermişdir. Evin tikintisi üçün sifariş verilərkən tərəflər hər ikisi iştirak etmişdir. Cavabdeh tərəfindən ona nə qədər pul verildiyi yadında deyil. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, birgə nikah dövründə cavabdeh X4 adına banka qoyulmuş 15000 (on beş min) manat pulun yarısını təşkil edən 7500 (yeddi min beş yüz) manat pul, bir ədəd LG markalı kondisionerə görə onun dəyərinin yarısını təşkil edən 350 (üç yüz əlli) manat pul, habelə bir ədəd İNDESİT markalı paltaryuyanın, bir ədəd 150 (yüz əlli) manat dəyərində şirəçəkənin, 500 (beş yüz) manat dəyərində bir maşın kərpicin özü və ya dəyəri, həmçinin ilk iddia ərizəsi üzrə 10 (on) manat dövlət rüsumu cavabdeh X3 alınaraq İddiaçı verilməsi, tərəflərin birgə nikah dövründə əldə etdiyi “Mercedes-Benz C180 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə həmin avtomobilin özgəninkiləşdirildiyi dövdə dəyərinin yarısını təşkil edən 3500 (üç min beş yüz) manat pul, habelə İddiaçı adına banka qoyulmuş 16000 (on altı min) manat pulun yarısını təşkil edən 8000 (səkkiz min) manat pul, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş evə çəkilən xərcin yarısını təşkil edən 10233 (on min iki yüz otuz üç) manat pul, həmçinin qarşılıqlı iddia ərizəsi üzrə 15 (on beş) manat dövlət rüsumu İddiaçı alınaraq X5 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10046/2021 satlı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi avtomobilin dəyərinin ½ hissəsinin bölünməsinə dair hissədə dəyişdirilərək avtomobilin dəyərinin 6000 manat olması nəzərə alınmaqla onun ½ hissəsi olan 3000 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı X5 verilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən verilmiş ünvan 3 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan vizual orta bazar qiyməti 19000 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-31/2-59/2023 saylı, xx.xx.2023-cü il tarixli sənədlərin təsdiq olunmuş surətinin göndərilməsi barədə məlumatdan görünür ki, 0,098 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi eskiz layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AZ5022, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 0,098 ha torpaq sahəsindən bölgü sxeminə əsasən 0,0733 ha hissəsi X6 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0247 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmış, lakin vətəndaş tərəfindən sənəd götürülməmişdir. Cavabdeh adına digər qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiiyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, AZ5022, ünvan 4 ünvanında yerləşən 42,4 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. ƏMDX DƏDKR publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin inşa edilidyi torpaq sahəsinə çıxarışın verilməsinə əsas- Nasosnıy qəsəbə şurasının xx.xx.1958-ci il tarixli 14 saylı, xx.xx.1959-cu il tarixli 9 saylı protokollar və Sumqayıt şəhər şurasının zəhmətkeşlərin deputatlarının İcrayyə Komitəsinin xx.xx.1959-cu il tarixli iclas protokundan çıxarışa əsasən X7 (cavabdehin atası) ayrılması olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6316 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inşası zamanı qırmızı kərpiclə görülmüş işlərin (tikinti materiallarının və usta pulunun) təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 914,76 manat müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiiyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən AZ5022, ünvan 4 ünvanında yerləşən 42,4 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6316 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inşası zamanı qırmızı kərpiclə görülmüş işlərin (tikinti materiallarının və usta pulunun) təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 914,76 manat müəyyən olunmuşdur. Qeyd edilən işlər (qırmızı kərpiclə görülmüş işlər) iddiaçı tərəfindən nikahda olduğu dövrdə ailənin birgə vəsaiti hesabına aparılmışdır. Hazırda tərəflər arasında nikah pozulduğundan həmin 914,76 manatın ½ hissəsi İddiaçı aiddir edilməlidir. Odur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inşası zamanı qırmızı kərpiclə görülmüş işlərin (tikinti materiallarının və usta pulunun) təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 914,76 manatın ½ hissəsi, yəni 457,38 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi ərlə arvadın ümumi mülkiyyətinə dair hüquq normalarını müəyyən edir. Həmin normalara əsasən - Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (225.6). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-cü maddəsinin tələbinə görə mübahisə olduqda, ər-arvadın əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələbinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakda paylar bərabər hesab edilir. Bu Məcəllənin 37.2-ci maddəsini tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 457,38 manat alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 457,38 manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar