Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1213/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı «X3 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı «X3 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh kredit müqaviləsinə əsasən 589,29 manat əsas və 265,38 manat faiz olmaqla, cəmi 854,67 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MR0015504-2022 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 25% ödəmək şərtilə 2035 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh xx.xx.2022-ci il tarixli, MR0015504-2022 saylı kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Dəfələrlə cavabdehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq onun bir müsbət nəticəsi olmamışdır. Hazırda xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-yə 589,29 manat əsas, 265,38 faiz və 0 manat cərimə olmaqla, cəmi 854,67 manat kredit borcu qalmaqdadır.
Tərəflərin mövqeləri:
3. İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 xx.xx.2024-cü il tarixində məhkəməyə vəsatət ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçı «X3 Kredit Təşkilatı» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MR0015504-2022 saylı çərçivə kredit və girov müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borcverən 60 ay müddətində (xx.xx.2027-ci il tarixədək) 2035 manat məbləğində bərpa olunan kredit xəttini borcalana veməyi, borcalan isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borcverənə verməyi, borcverənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür.
6. xx.xx.2022-ci il tarixli, MR0015504-2022 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə 12 sentyabr 2022-ci il tarixdən 10 iyul 2025-ci il tarixədək hər ay 101,10 manat, 11 avqust 2025-ci il tarixində isə 101,70 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
7. 12.10.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehin öhdəliklərini 21 oktyabr 2023-cü il tarixinə qədər yerinə yetirməyi və gələcək ödənişlərdə bir daha gecikmə və ya müqaviləni poza biləcək hansısa problem yaratmamağı təklif olunmuş, əks halda, təşkilat olaraq cəmi kredit vəsaitini vaxtından əvvəl tələb etməklə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı «X3 Kredit Təşkilatı» ASC tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış xx.xx.2022ci il tarixli, MR0015504-2022 saylı kredit müqaviləsinə əsasən «X3 Kredit Təşkilatı» ASCdən götürdüyü 2035 manat məbləğində əsas borcdan 1445,71 manat məbləğində ödəniş etmiş, eləcə də müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 23,01 manat ödəniş etmiş, hal-hazırda müştərinin təşkilata ödənilməmiş 589,29 manat məbləğində əsas borcu, 265,38 manat faiz borcu, cəmi 854,67 manat məbləğində borcu qalmışdır.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
12. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
13. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borcverən 60 ay müddətində (xx.xx.2027-ci il tarixədək) 2035 manat məbləğində bərpa olunan kredit xəttini borcalana veməyi, borcalan isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borcverənə verməyi, borcverənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür.
14. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
16. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
17. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 589,29 manat əsas borc, 265,38 manat faiz borcu olmaqla, cəmi 854 (səkkiz yüz əlli dörd) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq «X3 Kredit Təşkilatı» ASC-yə ödənilməlidir.
Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 589,29 manat əsas borc, 265,38 manat faiz borcu olmaqla, cəmi 854 (səkkiz yüz əlli dörd) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq «X3 Kredit Təşkilatı» ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva