Məhkəmə qərarları › İş №e-2(060)-1231/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1231/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1231/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı xeyrinə 2002-ci il buraxılışlı, qara rəngli «Nissan Terrano» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 5600 manat maddi zərərin, eləcədə hazırki iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini dəqiqləşdirərək avtomobilə çəkilmiş xərcin 5650 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 150 manat, vəkil ilə müqaviləyə ödənilmiş 500 manat və 96 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, turbo.az saytında “Nissan Terrano” markalı **- RL-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün həmin saytda qeyd olunmuş Cavabdeh istidəsində olan mobil nömrə ilə əlaqə saxladıqdan sonra xx.xx.2023-cü il tarixdə onun bildirdiyi Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən ünvanına getmişdirlər. Həmin ünvanda avtomobilin yanında olan vaxtı Səbuhi saat 13:00 radələrində gəldikdən sonra onunla avtomobilin yanında danışmış və onlara bildirmişdir ki, maşının turbosu xarabdır, 300 manat xərci var, əgər maşını sürərək aparsalar maşının motoru dağılacaq, bunun üçün təkidlə evakuator lazım olduğunu bildirmişdir. Onlarda onun dediklərinə inanmış və avtomobili almaq üçün 8000 manata razılaşmışdırlar. Sumqayıt şəhərində yerləşən 4 saylı notariat kontorunda qardaşı Quliyev Aftandilin iştirakı ilə 8000 manat verdikdikdən sonra baş etibarnamə almış və maşını evakuatora mindirdikdən sonra birbaşa Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində qardaşıgil yaşayan məhəlləyə aparmışdılar. Noyabr ayının 8-də isə ustaya aparmışdırlar. Lakin bir neçə ustalarda olan zaman maşının turbosunu düzəltdikdən sonra yenidən avtomobil nasazlığı aradan qalxmamış və 2300 manat xərc çəkdikdən sonra ustalar tərəfindən müəyyən olunmuşdur ki, əslində nasazlıq təkcə turbodan deyil, maşının raması ortadan suvarka ilə birləşdirilmiş, motorun paduşkaları cırılmış, lyuku işləməmiş, əl tormozu işləməmiş, hava radiaotoru cırılıb hava buraxmış, dinamosu tok verməmiş, sürətllər qutusu, droselin zaslonkası, elektron yanacaq nasosu, elektron keçiricilər (ştigerlər hamısı ləğv olunub) və beyni tamamilə sıradan çıxmış, düzəlməsi mümkünsüz olmuşdur. Çünki 2002-ci il istehsalı olan “Nissan Terrano” markalı avtomobilin Bakı şəhərində həm ehtiyat hissələri tapılmır, həm də Gürcüstan Respublikasından gətizdirmək çox baha başa gəlir. Bundan sonra anlamışdırlar ki, Cavabdeh onlara yalan məlumat verərək, həqiqi məlumatları gizlədərək, onları qəsdən aldatmışdır. Bunu bildikdən sonra onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və onları aldatdığını bildirmişdirlər. O, əvvəlcə onlara yalandan vədlər verərək müxtəlif bəhanələr gətirərək avtomobilin saz vəziyyətdə olduğunu, atası tərəfindən tez-tez Ucar rayonuna gedib gəldiyini, maşında heç bir problemin olmadığını qeyd etmiş, onlar isə bu nəqliyyat vasitəsini qaytarmaq istədiklərini bildirmişdilər. Səbuhi bunu geri qaytarmaqdan imtina etmiş, bir neçə usta adı çəkmişdir ki, onun yanına aparıb düzəldəcəkdir. O və qardaşı təkid etmişdirlər ki, maşını səhər gətirib qaytaracaqlar, bir saatdan sonra Səbuhi onlara zəng edərək maşının təmirinə 300 manat komək edə biləcəyini bildirmiş və Taryelin kartına 300 manat pul göndərmişdir. Bundan sonra noyabr ayının 10-dan Səbuhinin onlarda olan iki telefon nömrələri var idi ki, bunların hər ikisini söndürmüş və zəng çatmamışdır. Onlarda onun üçün onu tapa bilməmişdirlər. Onların araşdırmaları nəticəsində turbo.az saytında daha əvvəl bu nəqliyyat vasitəsini satışa qoymuş Ramil adında bir nəfərin telefon nömrəsini tapmış və onunla danışmışdırlar. Onlara etiraf eləmişdir ki, bu əvvəl onun maşını olmuş, bir çox problemləri olduğu üçün düzəltdirə bilməmiş və onu Səbuhi adlı Sumqayıt şəhərində maşın bazarında alverçi kimi tanıdığı adama 5500 manata satmışdır. O, isə onları aldadıb həm baha qiymətinə, həm də maşında olan problemləri deməmişdir. Noyabr ayının 10-da onların Cavabdehlə sonuncu telefon danışıqlarında nəqliyyat vasitəsini qaytarmaq üçün razılığa gəlməsini bildirmiş, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdikdə o, heç bir hüquq müfazifə orqanlarından qorxmadığını bildirirərək, telefon nömrələrini söndürərək, bir daha telefonlara cavab verməmişidir. Qeyd olunan hallarnan bağlı sms yazışmalar məhkəməyə təqdim olunacaqdır. “Nissan Terrano” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X7dən verilən arayışa görə həmin avtomobilin xərci 2300 manat təşkil edir. "xxxx" MMC-dən verilən rəyə əsasən həmin avtomobilin təmirinə 3650 manat xərc tələb olunur. Daha sonra o, törədilmiş hərəkətə hüquqi qiymət verilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdir. Müraciəti mülki xarakterli olduğu üçün araşdırılmasından imtina oluraraq geri qaytarılmışdır. Belə olan halda hesab edir ki, Mülki Məcəllənin tələblərinə əsasən Cavabdeh vurduğu zərərin əvəzini, yəni avtomobilinə vurulmuş 5428 manatı ona ödəməlidir. Həmçinin, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, bu ilin iyun ayından etibarən o, dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmiş, cavabdehlə danışıqlar aparmış, vaxt itirmiş və əsəb, gərginlik keçirmişdir. Bütün bunlar ona əsəb və stres yaşatmış, o, uzun müddət psixoloji gərginlik altında olmuş, onu daha da əsəbləşdirmiş, keçirdiyi istirabı daha da dərinləşdirmişdir. Bunlar da iddiaçının şürunda müəyyən mənfi psixi reaksiyalara səbəb olmuşdur. Onun yuxarıda qeyd edilən formada mənəvi ziyan keçirməyinin birbaşa səbəbkarı heç bir qanuni və hüquqi əsas olmadan onu aldadan cavabdeh olmuşdur.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

4. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş vardır. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, iddiaçı turbo.az saytında “Nissan Terrano” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı olan onun mülkiyyətində və şəxsi istifadəsində olan avtomobili almaq üçün sayta yerləşdirilmiş mobil nömrə vasitəsi ilə onunla əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə sözügedən avtomobilə baxmaq Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən ünvana qardaşı ilə birlikdə gəlmişdir. Qardaşı ilə birlikdə maşına baxmışdır. Guya o, maşının turbosunun xarab olduğunu bildirmiş, 300 manat xərci olduğunu bildirmiş və maşının sürülərək aparacağı halda motorun dağılacağını bildirmişdir. Sonradan Sumqayıt şəhərində yerləşən 4 saylı notariat kontorunda iddiaçının qardaşının iştirakı ilə ona 8000 manatı verdikdən sonra etibarnamə almış və maşını evakuatora mindirərək aparmışdırlar. İddiaçı bildirmişdir ki, avtomobili aldıqdan sonra onun nasazlığı aradan qalxmamış və təmir üçün 2300 manat xərc çəkmişdir. Sonradan da guya onları aldatdığını bildirərək maşını geri qaytarmaq istədiklərini, bu zaman onun iddiaçının kartına 300 manat pul göndərdiyimi bildirmişdir. Sonradan isə iddiaçı avtomobili yoxlatdıraraq avtoklub servisdən aldığı arayışa əsasən avtomobilin hələ 3650 manat xərci olduğunu da bildirmişdir. Bu səbəblə də məhkəməyə müraciət edərək, onun tərəfindən ona dəymiş 5650 manat məbləğində maddi ziyanın, qiymətləndirmə xidmətinə görə ödənilmiş 150 manatın, vəkillə müqavilə üçün ödənilmiş 500 manatın və ödənilmiş 96 manat pulun ödənilməsini xahiş etmişdir. Bu işlə bağlı onu bildirmək istəyir ki, sözügedən avtomobil 2002-ci il buraxılışlı “Nissan Terrano” markalı avtomobildir. Yəni buraxılış ili köhnədir. O, sözügedən avtomobili elan saytına 8700 manat satış qiyməti ilə yerləşdirmişdir. İddiaçı isə bu haqda məlumatı həm elanın yerləşdirildiyi saytda, həm də özü ilə görüşərkən almışdır. Bununla belə, iddiaçı isə həmin xərcin doğurdan da çəkildiyi hər hansı bir ödəniş qəbzi mövcud deyildir. İddiaçı aldığı maşının təzə olmadığını, buraxılış ili ilə bağlı olaraq gələcəkdə ona bəzi problemlər yaradacağını bildiyi halda, gəlib həmin avtomobilə özü baxmış və yenə də onu almışdır. Əgər iddiaçının avtomobillə bağlı sualları vardısa, onda nəyə görə avtomobili aldıqdan bir aydan çox keçəndən sonra onu qiymətlənirməyə aparmışdır? Buraxılış ili bu qədər köhnə istənilən avtomobili yoxlanışa salsalar, istənilən avtomobilin müəyyən qədər xərci çıxacaqdır. Bununla belə iddiaçı avtombili alan kimi deyil, hadisədən 1 ay sonra onu yoxlatmışdır. Bu təmiri tələb olunan hissələr iddiaçının istifadəsində də xarab olmuş ola bilər. Həmçinin eyni buraxılış ili olan, eyni markalı avtomobillərin satış qiymətlərinə baxsalar, əslində onun sözügedən avtomobili iddiaçıya aşağı qiymətə satdığı görülər. İddiaçı avtomobili almağa gəldikdə buraxılış ili köhnə avtomobil aldğını bilmiş, onu şəxsən sürüb yoxlamış ondan sonra almışdır. Yəni iddiaçının ərizəsində qeyd etdiyinin əksinə heç bir aldatma olmamışdır. İddia ərizəsində qeyd etdiyi məbləğin isə real bir qiymət olduğunu düşünmür. Bu məsələ il bağlı polis orqanına da iddiaçı tərəfindən ondan şikayət olunmuş, onu aldatmadığı təsdiqini tapmışdır. Əgər onu aldatmış olsaydı, bu məsələyə görə o, mülki deyil, cinayət təqibi qaydasında məsuliyyət daşımalıdır.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı avtomobili “Turbo.az” saytında görmüş, almaq üçün cavabdehlə əlaqə saxlamışdır. Maşına baxmaq üçün cavabdehlə birlikdə getmiş, ustaya ehtiyac olmadığını bildirmiş, nəqliyyat vasitəsinin turbasının xarab olduğu bildirilmişdir. Maşın ustaya aparılmamış, maşın alınan zaman yalnız vizual baxış keçirilmişdir. Bu səbəbdən maşını idarə etmək mümkün olmamış, maşın evakuator vasitəsilə aparılmışdır. İlk növbədə notariusda 8000 manata razılaşmışdırlar. Notariat orqanında maşın iddiaçının adına rəsmiləşdirildikdən sonra 300 manat məbləğində xərci olduğu bildirilsə də, sonradan 2300 manat xərci olduğu aydın olmuşdur. Hətta daha sonra 3650 manat məbləğində də xərci olmuşdur. İddiaçı qeyd olunan hallarla bağlı cavabdehlə əlaqə saxlamışdır. Cavabdeh yalnız maşının turbasının xarab olduğunu bildirsə də, ehtiyat hissələrinin çoxunda problem var idi. Bundan sonra cavabdeh 300 manat göndərmiş, daha sonra isə əlaqə saxlamamışdır. Onlar hətta maşının ilkin satıcısı ilə əlaqə saxlamışdırlar. Belə ki, o maşını cavabdehə 5500 manata satıbmış, xarab olan hissələrlə bağlı da məlumat vermişdir. Cavabdeh isə iddiaçıya daha baha məbləğə satmışdır. Avtomobil etibarnamə ilə verilmiş, alqı-satqı müqaviləsi olmamışdır. Dəfələrlə cavadebdehə ödəniş edilməsi, ödəniş edilmədiyi təqdirdə isə maşının qaytarılması barədə təklif edilmişdir. Cavabdeh maşınların başqa məqsədlə adına keçirildiyini bildirsə də, onun sərəncam hüququ olmuşdur. Bu isə o deməkdir ki, cavabdeh maşın alveri ilə məşğul olmuşdur. Həmçinin cavabdeh barədə Polis Bölməsində hansısa araşdırılma aparılıb-aparılmaması barədə sorğu vermişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2023-cü ilin noyabr ayının 5-də cavabdehdən maşın almışdırlar. Qardaşı Aftandillə getmişdir. Onun nömrəsi Naxtel olduğundan burada işlənmirdi. Ona görə qardaşının nömrəsi ilə cavabdehlə əlaqə saxlamışdır. Səbuhi maşını ustaya aparmağa icazə verməmiş, “50 manatınız cibinizdə qalsın” demişdir. Onlara yalnız maşının turbasının xarab olduğu bildirilmişdir. 5 gün keçdikdən sonra maşının karopkasının xarab olduğunu demiş, o zaman 300 manat məbləğində ödəniş etmişdir. Noyabr ayının 21-dən etibarən isə əlaqələri kəsilmiş, cavabdeh cavab verməmişdir.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən nəqliyyat vasitəsinin istehsal ili 2002-ci ildir. Maşın 7700 manata satılsa da, qarşı tərəf ondan 6000 manat məbləğində ödəniş tələb edir. Ayın 20-si maşını 2300 manata ustada yığdırmışdır. İddiaçı isə qeyd edir ki, başqa bir qiymətləndirmə rəyinə əsasən maşına dəymiş ziyan 3600 manatdır. 2300 manatın üstünə şifahi qaydada 3600 manat əlavə edərək tələb edirlər. 2300 manata aid çek də yoxdur, avtoservisdən çek almaq çətin deyildir. Karopkada problem olduğunu bildirmiş, 500 manat məbləğində pul istənilmişdir. Onda o qədər pul olmadığı üçün 300 manat göndərə biləcəyimi demişdir. Əlavə olaraq bildirmişdir ki, o, Taryellə danışmamış, onun qardaşı ilə əlaqə saxlamışdır. İddiaçı isə sadəcə yanlarında dinləyici olmuşdur. İddiaçı 2300 manatlıq təmir edibsə, sonra yenidən niyə qiymətləndirməyə aparır? Qiymətləndirmənin müəyyən etdiyi 3600 manatı da şifahi olaraq məbləğə əlavə edərək tələb edirlər. Əlavə olaraq benzin pulu və vəkil xidməti üçün pul da istənilir. Maşını alanda məbləği 8700 manatdan 8000 manata endirmişdilər, sonda isə 7000 manata almışdırlar. Maşını qaytarmırlar, amma 6000 manat pul istəyirlər. Maşından 5 ay istifadə etmiş, daha sonra belə iddia tələbi qaldırmışdırlar. O, maşını zorla satmamışdır. Oktyabr ayında maşın satılmış, fevral ayında Polis Bölməsinə müraciət etmişdirlər. Noyabr ayının 10-da isə 300 manat məbləğində pul göndərmişdir.

8. Məhkəmə baxış iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirdi ki, qardaşı Taryel maşın almaq üçün Bakıya gəlmişdir. Sumqayıtda maşın bazarında maşınlara baxmış, amma bəyəndikləri olmamışdır. “Turbo.az” saytına baxmış, orda maşın bəyənmişdirlər. Daha sonra cavabdehlə əlaqə saxlamışdırlar. Onun telefon nömrəsinə ünvan məlumatlarını göndərmişdirlər. Cavabdehin evinə getmişdirlər. Həmin vaxt cavabdeh evdə olmamış, sonradan gəlmişdir. O, qardaşına cavabdehi maşın bazarında gördüyünü bildirdirmişdir. Qiymətlə bağlı danışıb razılığa gəlmişdirlər. Maşından yağ süzülürdü, Cavabdeh maşını idarə etməməklərini məsləhət görmüşdür. Maşın idarə edildiyi təqdirdə yağ süzüldükdən sonra motorun sıradan çıxacağın bildirmişdir. Yalnız maşının turbosunda problem olduğunu bildirmişdir. Hətta 400 manat məbləğində xərc çəkilməli olduğunu qeyd edərək maşının dəyərindən 200 manat məbləğində endirim də etmişdir. Maşının aparılması üçün evakuator çağırmış, onun üçün də 5 manat məbləğində xərci cavabdeh ödəmişdir. 2023-cü ilin noyabr ayının 5-də maşını Bakıya aparmış, ustalar baxışdan keçirtmişdir. Maşının karopkasının yığılmalı olduğu bildirilmiş, ona da 800 manat məbləğində xərc çəkmişdilər. Təkcə karopka ustası onlardan 400 manat məbləğində pul almışdır. 2-3 nəfər başqa ustaya da yoxlatmışdırlar. Əslində bu modeldən olan nəqliyyat vasitələrində yanacaq nasosunun elektron olmalı olduğunu, sözügedən nəqliyyat vasitəsində isə elektron olmadığını bildirmişdirlər. Aldıqları maşında beyin yanmış, yanacaq nasosu isə olmamışdır. Alınandan 3 gün sonra cavabdehə zəng edərək xarab olduğu üçün maşını qaytarmaq istədiklərini bildirmişdirlər. Cavabdeh isə onlardan aldığı pulu artıq xərclədiyini, borclu olduğu şəxslərə verdiyini bildirmişdir. Ona 300 manat məbləğində pul verməyi təklif etmişdir. Daha sonra nəqliyyat vasitəsini servisə aparmış, Gürcüstandan ehtiyat hissələr sifariş vermişdirlər. Polisə də müraciət etmişdirlər. Aydın olmuşdur ki, cavabdeh onlardan başqa da 3-4 adama maşın satmış və belə problemlər ortaya çıxmışdır. Maşının əvvəlki alıcısını da tapmış, o da maşını aldıqdan sonra düzəltdirə bilmədiyi üçün satmışdır. Nəqliyyat vasitəsini yenidən təmir etsə də, işə düşməmişdir. Noyabr ayının 5-dən bu günə kimi nəqliyyat vasitəsi servisdən çıxmamış, istifadə etməmişdirlər. Maşının təmirinə 8000 manata yaxın xərcləri çıxmışdır.

Tədqiq olunan sübutlar:

9. X7 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Nissan Terrano” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və onun təmiri üçün göstərilən xidmətin dəyəri olaraq 2300 manat məbləğində xərc çəkilmişdir.

10. “Nissan Terrano” markalı, **-RL-*** dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, “Nissan Terrano” markalı, **-RL-*** dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyəri 3650 manat təşkil edir.

11. Turbo.az saytından çıxarışdan görünür ki, “Nissan Terrano” markalı avtomobil 8700 manat məbləğində satışa çıxarılmışdır.

12. “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” 05 noyabr 2023-cü il tarixli etibarnamədən görünür ki, etibar edilən Cavabdeh tərəfindən X2 09 sentyabr 2024cü il tarixədək “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə vermişdir.

Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -650-ci maddəsinə görə isə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın: - 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. -Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2- ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

17. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh tərəfindən «Nissan Terrano» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı xx.xx.2024-cü il tarixədək etibar etmişi etibaretmə qaydasında “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” verilmişdir. Həmin etibarnamədə nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi X3 göstərilmişdir. Hazırda İddiaçı cavabdeh tərəfindən satılmış avtomobilin nasaz olduğunu, təmiri üçün xeyli pul tələb olunduğunu və maddi ziyana məruz qaldığını iddia edir və cavabdeh tərəfindən avtomobilin təmir xərcinə görə dəymiş ziyanın ona ödənilməsini tələb edir.

18. Məhkəmə iclasında tərəflər verdikləri izahatlarında avtomobilin cavabdeh tərəfindən iddiaçıya satıldığını və iddiaçı tərəfindən həmin avtomobilin dəyərinin ödənildiyini bildirmişlər. Heç bir tərəf bu halı istisna etmir.

19. Məhkəmə hesab edir ki, bu halda ilk növbədə hazırki mübahisəyə tətbiq edilməli hüquq norması, yəni iddianın qanuni əsası müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər sözügedən avtomobilin cavabdeh tərəfindən iddiaçıya satıldığını bildirsələr də, aralarında bununla bağlı hər hansı müqavilənin bağlandığı müəyyən edilmir, işin müəyyən edilən halı ondan ibarətdir ki, həmin avtomobil iddiaçının etibarnamə əsasında idarəçiliyinə verilmiş, eyni zamanda ona həmin etibarnamə əsasında avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və.s səlahiyyətlər verilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2- ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Göründüyü kimi, mübahisə predmeti olan nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə isə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1, 146.1, 146.2- ci maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

23. Beləliklə qanunvericiliyin tələbindən göründüyü kimi əmlakla bağlı alqı-satqı və həmin nəqliyyat vasitəsi üzərində yaranmış mülkiyyət hüququ daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 181.4-cü maddəsinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir.

24. Göründüyü kimi, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlılığı üçün mütləq iki şərtin mövcudluğu - əqdin yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi tələb olunur. Rəsmi reyestrdə qeydiyyata alınmalı daşınar əşyalara daşınmaz əmlaklarla bağlı alqı-satqı qaydaları tətbiq edildiyindən hazırki halda da avtomobilin digər şəxsə satılması məhz həmin qaydalara riayət etməklə, yəni əqdin qanunvericilikdə nəzərdə tutulmuş imperativ forma və məzmununa dair şərtə riayət etməklə həyata keçirildikdə etibarlı olur.

25. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

26. Hazırki işdə tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsi ilə bağlı normalarının tətbiqi mümkün deyildir.

27. Avtomobil iddiaçının etibarnaməli idarəçiliyində olduğu halda ona çəkilmiş və ya çəkilməli olan xərclərin maddi ziyan qismində cavabdehdən tələb edilməsini isə məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Belə olduğu halda avtomobil etibarnamə əsasında iddiaçının istifadəsində olduğundan, ondan geri alınmadığından ona nasaz avtomobilin satılmasına istinad edərək həmin avtomobilin təmirinə görə çəkilməli olan və ya çəkilən xərcləri tələb etmək hüququ yoxdur.

28. Məhkəmə qeyd edir ki, iddia avtomobilə çəkilmiş xərcin tutulması hissəsində əsassız olduğundan qiymətləndirmə xidmətinə ödənilmiş 150 manat, vəkil ilə müqaviləyə ödənilmiş 500 manat hissəsində də təmin edilməməlidir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı avtomobilə çəkilmiş xərcin 5650 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 150 manat, vəkil ilə müqaviləyə ödənilmiş 500 manat və 96 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

30. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı avtomobilə çəkilmiş xərcin 5650 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 150 manat, vəkil ilə müqaviləyə ödənilmiş 500 manat və 96 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar