Məhkəmə qərarları › İş №e-2(060)-1233/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1233/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1233/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 5702,48 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, cəmi 5702,48 manat borcun və 77,03 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hazırlıq iclasında İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və baxış iclasına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 200804-858576/2 saylı, 01 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə bank X2 48 ay müddətinə illik 20 faiz olmaqla cəmi 16000 manat məbləğində pul vəsaitini kredit verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarmağı, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirməyə görə faizləri banka ödəməyi öhdələrinə götürmüşlər. Sözügedən müqavilənin təminatı olaraq İddiaçı ASC, X4 və Cavabdeh arasında 200804-858576/2 saylı, 01 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 200804-858576/2 saylı, 01 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ 369774 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 14 dekabr 2023-cü il tarixdə ölmüşdür. Beləliklə, sözügedən kredit müqaviləsi üzrə borclu X4 vəfat etdiyindən bank tərəfindən 200804-858576/2 saylı, 01 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh qarşı iddia qaldırılmış və kredit müqaviləsi üzrə borcun ondan tutulması ilə bağlı qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Lakin iş materiallarına iddiaçı bank tərəfindən sözügedən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı ilk növbədə borclu X1 vərəsələrinə qarşı tələblə məhkəməyə müraciət edildiyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən vərəsələrə qarşı hər hansı tələb irəli sürülmədən borcun tam olaraq zamin tərəfindən ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalında X1 adına vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğu verilmiş və sorğuya cavab olaraq X1 adına Qobustan rayon notariat ofisində vərəsəlik işinin açıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən iddiaçı ilk növbədə mirası qəbul etmiş şəxslərdən borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədiyi təqdirdə iddiaçı zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı borclunun vərəsələrinə qarşı tələb irəli sürmədən birbaşa onun zamininə qarşı iddia ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar