Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-128/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 12 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1673.10 manat məbləğində əsas borcun, 1180.08 manat faiz borcunun, cəmi 2853.18 manat borcun və 49 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Plastik Kartı üzrə kredit xətti müqaviləsinə əsasən bank Borcluya xx.xx.2020-ci il tarixədək istifadə edilmək şərtilə illik 12.5 faiz olmaqla bərpa olunan kredit xətti açmışdır. xx.xx.2017-ci il tarixli pul vəsaitinin girovu müqaviləsinə əsasən həyatın yığım sığortası üzrə cavabdehin bankdakı hesabına hər ay əmək haqqından köçürülmüş (artırılan) pul vəsaitlərinin 65 faizi hesabına verilmiş krediti kartın son müddətinə kimi bağlamalı olduğu halda bağlamamış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SX034396475AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasın xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2017-ci il tarixli PY/72482/58 saylı Plastik Kartı üzrə kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixədək istifadə edilmək şərtilə illik 12.5 faiz olmaqla bərpa olunan kredit xətti açılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixli PY/72482/58 saylı Plastik Kartı üzrə kredit xətti müqaviləsi üzrə 1673.10 manat məbləğində əsas, 1180.08 manat faiz borcu olmaqla, cəmi 2853.18 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh pretenziya məktubu ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3338 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh Niftəli oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, PY/72482/58 saylı X1 Kredit Xətti müqaviləsi şərtləri əsas götürülməklə onun 31 mart 2020ci il tarixədək( sualda göstərilən tarix) İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 1627,90 AZN, faiz borcu üzrə 562,91 AZN. Həmçinin hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixindən sonra 100,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin iş materiallarında borc məbləğinin hesablanma tarixi xx.xx.2020-ci il tarixə göstərildiyindən sonradan ödənilən 100 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli, PY/72482/58 saylı X1 Kredit Xətti müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1673.10 manat məbləğində əsas borcun, 1180.08 manat faiz borcunun xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3338 saylı ekspert rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 1627,90 manat əsas, 562,91 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixindən sonra 100 manat məbləğində ödəniş edilmişdir. Lakin ekspertiza qarşısında borcun məbləğinin müqavilə müddətinin sonuna, yəni xx.xx.2020-ci il tarixə müəyyən edilməsi sualı qoyulduğundan sonradan ödənilən 100 manat məbləğində ödəniş ekspert rəyində nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin məbləğ ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunun ümumi məbləğindən çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli PY/72482/58 saylı Plastik Kartı üzrə kredit xətti müqaviləsinə əsasən 462.91 (562,91-100) manat faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 73% həcmində) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 49 manat dövlət rüsumunun 36 manat hissəsi cavabdehdən alınmalı və iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 73 manatı cavabdehə, 27 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1627,90 (bir min altı yüz iyirmi yeddi manat doxsan qəpik) manat əsas, 462,91 (dörd yüz altmış iki manat doxsan bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2090,81 (iki min doxsan manat səksən bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manat hissəsi tutulsun. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq İddiaçı ASCdən 27 (iyirmi yeddi) manat, Cavabdeh isə 73 (yetmiş üç) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ**********0000003944 saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-128/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-128/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver