Məhkəmə qərarları › İş №e-2(060)-1298/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1298/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1298/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********04 nömrəli, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 4815.99 AZN, faiz borcu üzrə 57.28 AZN olmaqla, cəmi 4873.27 AZN tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 69.14 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********04 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 8600 AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 4815.99 AZN, faiz borcu üzrə 57.28 AZN olmaqla, cəmi 4873.27 AZN borcu mövcuddur. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan BPM**********90 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 8600 AZN kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, hazırda Cavabdeh "xxxx" ASC-yə 4815.99 manat əsas borc, 57.28 manat faiz borcu olmaqla, ümumilikdə 4873.27 AZN borcu var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında BPM**********90 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 4815.99 manat əsas borc, 57.28 manat faiz borcucavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 69.14 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********04 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 4815,99 (dörd min səkkiz yüz on beş manat doxsan doqquz qəpik) manat əsas borc, 57.28 (əlli yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 4873,27 (dörd min səkkiz yüz yetmiç üç manat iyirmi yeddi qəpik) manat borc, ödənilmiş 69,14 (altmış doqquz manat on örd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar