Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1300/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli tam kart çərçivə müqaviləsi üzrə nağd kredit üzrə banka borcu 8699,19 manat əsas, 30,2 manat faiz borcu olmaqla, cəmi 8729,39 manat, kart krediti üzrə borcu 1965,09 manat əsas, 468,68 manat faiz borcu olmaqla, cəmi 2433,77 manat kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 123,49 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli tam kart çərçivə müqaviləsi üzrə nağd kredit üzrə 7685,71 manat əsas, 23,14 manat faiz borcu olmaqla, cəmi 7708,85 manat, kart krediti üzrə 1965,09 manat əsas, 771,1 manat faiz borcu olmaqla, cəmi 2736,19 manat kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 123,49 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya nağd kredit üzrə 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 12900 manat məbləğində kredit verilmiş, kart krediti üzrə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit xətti açılmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Qaradağ filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli tam kart çərçivə müqaviləsi üzrə nağd kredit üzrə banka borcu 8699,19 manat əsas, 30,2 manat faiz borcu olmaqla, cəmi 8729,39 manat, kart krediti üzrə borcu 1965,09 manat əsas, 468,68 manat faiz borcu olmaqla, cəmi 2433,77 manat təşkil edir. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2024-cü il tarixində 6-2-22/2-44863/2024 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı əvvəllər çıxarılmış icra qeydinin ləğv olunması üçün məhkəməyə müraciət edərək icra qeydini ləğv etdirmişdir. Buna görə də icra qeydinin ləğvindən sonra müqavilə üzrə münasibətlər davam etdirilmiş, məhz müqavilədə razılaşdırılmış faizlərin hesablanması davam etmişdir. Ekspert rəyi ilə razıdır.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, mülki iş ekspertizaya göndərilməzdən əvvəl 4789,32 manat ödəniş etmişdir. Sonradan isə 1434,59 manat məbləğində pul vəsaiti əmək haqqından tutulmuşdur. Bu səbəbdən ekspert rəyi ilə razı deyildir.
Tədqiq olunan sübutlar:
6. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriya tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək kreditdən istifadəyə görə illik 22 faizədək ödəməklə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.
7. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinədək illik 20 faiz ödəmək şərtilə 12900 manat məbləğində kredit verilmiş, ödənişlərin icra edilməsi müddəti isə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.
8. Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh sonuncuya 36 ay müddətinədək illik 22 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit xətti ayırılması ilə bağlı razılaşmışlar.
9. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 avqust 2025-ci il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 7685,71 manat əsas borc, 23,14 manat faiz borcu olmaqla, cəmi 7708,85 manat borcu, xx.xx.2020-ci il tarixli kart krediti üzrə 1965,09 manat əsas borc, 771,1 manat faiz borcu olmaqla, cəmi 2736,19 manat borcu vardır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2025-ci il tarixli, 9/1692 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********322 saylı Tam kart çərçivə müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir: maliyyə arayışının verildiyi tarixə (xx.xx.2024-cü il) - əsas borc üzrə 8699,28 manat, faiz borcu üzrə 259,16 manat, məhkəməyə müraciət olunan tarixə - əsas borc üzrə 8699,28 manat, faiz borcu üzrə 379,99 manat.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank 48 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 12900 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda "xxxx" ASC tərəfindən Cavabdeh kart krediti üzrə 36 ay müddətinədək illik 22 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit xətti ayrılmışdır.
18. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
19. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilələrdən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən və xx.xx.2025ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kart krediti üzrə 1965,09 manat əsas borcu vardır.
21. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb kart krediti üzrə 1965,09 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
22. Cavabdehin borc məbləği ilə razı olmaması səbəbindən məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertiza tədqiqatının nəticəsi olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********322 saylı tam kart çərçivə müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir: maliyyə arayışının verildiyi tarixə (xx.xx.2024-cü il) - əsas borc üzrə 8699,28 manat, faiz borcu üzrə 259,16 manat, məhkəməyə müraciət olunan tarixə - əsas borc üzrə 8699,28 manat, faiz borcu üzrə 379,99 manat.
23. Mülki iş üzrə icraat təzələndikdən sonra ididaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 7685,71 manat məbləğində əsas borcun və 23,14 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir.
24. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi tam kart çərçivə müqaviləsi üzrə əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
25. Məhkəmə iddianın kart krediti üzrə faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 07 avqust 2025-ci il tarixli maliyyə arayışlarında cavabdehin kart krediti üzrə 771,1 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 02 dekbr 2024-cü il tarixli bildirişdə cavabdehdən kart krediti üzrə 468,88 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir.
26. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
27. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən kart krediti üzrə 468,88 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
28. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 7685,71 manat əsas borc, 23,14 manat faiz borcu, kart krediti üzrə 1965,09 manat əsas borc, 468,88 manat faiz borcu olmaqla, cəmi 10142 (on min yüz qırx iki) manat, 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 120 (yüz iyirmi) manat, 43 (qırx üç) qəpik hissəsi tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
29. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(060)-1300/2025 saylı qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
30. 24.04.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
31. Məhkəmə hesab edir ki, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 7685,71 manat əsas borc, 23,14 manat faiz borcu, kart krediti üzrə 1965,09 manat əsas borc, 468,88 manat faiz borcu olmaqla, cəmi 10142 (on min yüz qırx iki) manat, 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 120 (yüz iyirmi) manat, 43 (qırx üç) qəpik hissəsi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva