Məhkəmə qərarları › İş №e-2(060)-1325/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1325/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1325/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3 Şadət qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 15 aprel 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2327.43 (iki min üç yüz iyirmi yeddi manat, 43 qəp) AZN– bundan 2138.70 (iki min bir yüz otuz səkkiz manat, 70 qəp) AZN əsas, 147.01 (bir yüz qırx yeddi manat, 01 qəp) AZN faiz, 41.72 (qırx bir manat, 72 qəp) AZN cərimə borcu və iş üzrə ödənilmiş 43.28 (qırx üç manat, 28 qəp) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 1506/10SF №-li, 28 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 36 (otuz altı) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 3760 (üç min yeddi yüz altmış) AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında 28 yanvar 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən “Zamin” müqavilənin 1.2. bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kreditor”a dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Kredit Müqaviləsinin 1.1-ci bəndinə görə “Kredit verən” “Kredit alan”a kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib ondan Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri “Kredit verən”ə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçun açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndində göstərilir ki, “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verən”ə illik 14 (on dörd) % ödəyir. Həmin kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən, “faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır”. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********269 saylı 17 noyabr 2021-ci il tarixli, **********271 saylı 17 noyabr 2021-ci il tarixli və **********358 saylı 25 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 15 noyabr 2021-ci il tarixə kredit üzrə cəmi borcu 2327.43 (iki min üç yüz iyirmi yeddi manat, 43 qəp) AZN təşkil edir. Bundan 2138.70 (iki min bir yüz otuz səkkiz manat, 70 qəp) AZN əsas, 147.01 (bir yüz qırx yeddi manat, 01 qəp) AZN faiz və 41.72 (qırx bir manat, 72 qəp) AZN cərimə borcu təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə borcun ödənilməsi ilə əlaqədar dəfələrlə cavabdehlərlə əlaqə yaradılmışdır. Onların məhkəmə mübahisəsindən xəbərləri var. Belə ki, cavabdehlərdən bir bankın keçmiş əməkdaşı olmuşdur. İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra da cavabdehlər tərəfindən hər hansı ödəniş olmamışdır. Nümayəndə qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 Şadət qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 1506/10SF №-li, 28 yanvar 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialından 36 (otuz altı) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 3760 (üç min yeddi yüz altmış) AZN məbləğində kredit götürmüşdür. İşdə olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış 28.01.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdürlər. İşdə olan 19.11.2021-ci il tarixli, **********315 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 1506/10SF №-li, 28 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 15.11.2021-ci il tarixinə 2138.70 manat əsas kredit borcu, 147.01 manat faiz borcu, 41.72 manat cərimə borcu olmaqla, cəmi 2327.43 manat borcu yaranmışdır. İş materiallarında olan 25.11.2021-ci il tarixli, **********358 nömrəli, 17.11.2021-ci il tarixli **********269 nömrəli, 17.11.2021-ci il tarixli **********271 nömrəli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borcun ödənilməsi barədə bildirişlər ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 1506/10SF №li, 28 yanvar 2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə 25.11.2021-ci il tarixli, **********358 nömrəli, 17.11.2021-ci il tarixli **********269 nömrəli, 17.11.2021-ci il tarixli **********271 nömrəli xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış1506/10SF №li, 28 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2138.70 manat məbləğində kredit borcu, 147.01 manat məbləğində faiz borcu, 41.72 manat cərimə borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 43,28 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASCnin xeyrinə 2138,70 (iki min yüz otuz səkkiz manat yetmiş qəpik) manat əsas borc, 147,01 (bir yüz qırx yeddi manat bir qəpik) manat faiz borcu, 41,72 (qırx bir manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 2327,43 (iki min üç yüz iyirmi yeddi manat qırx üç qəpik) manat kredit borcu və ödənilmiş 43,28 (qırx üç manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar