Məhkəmə qərarları › İş №e-2(060)-1373/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1373/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1373/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/124148/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 661 (altı yüz altmış bir) manat 55 (əlli beş) qəpik məbləğində əsas borc, 514 (beş yüz on dörd) manat, 14 (on dörd) qəpik müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 649.61 (altı yüz qırx doqquz) manat 61 (altmış bir) qəpik məbləğində cərimə borcu, 200 (iki yüz) manat 25 (iyirmi beş) qəpik gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 2025 (iki min iyirmi beş) manat, 55 (əlli beş) qəpik məbləğində pulun, 40 (qırx) manat 26 (iyirmi altı) qəpik dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014- cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/124148/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1210 (min iki yüz on) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 661.55 (altı yüz altmış bir manat, 55 qəpik) manat məbləğində əsas borc, 514.14 (beş yüz on dörd manat, 14 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 649.61 (altı yüz qırx doqquz manat, 61 qəpik) manat məbləğində cərimə borcu, 200.25 (iki yüz manat, 25 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 2025.55 (iki min iyirmi beş manat, 55 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi A.V.Hüseynov iddianı müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh iddiaçıdan nağd pul krediti almamışlar. “Maqnit” mağazasında soyuducu götürmüşlər və vaxtlı-vaxtında da hər ay ödəniş etmişlər. Lakin soyuducu xarab olduqdan sonra cavabdeh mağazaya zəng edib qarantiyasına görə yaranan nasazlığı bildirmişlər. Mağazanın əməkdaşlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq gəlib soyuducunu təmir etməmişdirlər. Bu vaxt ərzində isə cavabdeh soyuducu xarab olduğuna görə ödəniş etməmişdir. Hazırda soyuducu onların istifadəsindədir. Cavabdehin hazırda tələb olunan məbləği tam ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyi, iddia ərizəsini nəzərdən keçirdib, iş materiallarını qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan QSC-nin "xxxx" KB-ı arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 1xx/xx/124148/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 1210 (bir min iki yüz on) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə 1210 (bir min iki yüz on) manat məbləğində kredit verilmişdir. İşdə olan Cavabdeh QSC “Bank Standart” KB-nın kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 08 oktyabr 2014-cü il tarixli 1xx/xx/124148/14 saylı kredit müqaviləsi üzrə 661.55 (altı yüz altmış bir manat, 55 qəpik) manat məbləğində əsas borc, 514.14 (beş yüz on dörd manat, 14 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 649.61 (altı yüz qırx doqquz manat, 61 qəpik) manat məbləğində cərimə borcu, 200.25 (iki yüz manat, 25 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 2025.55 (iki min iyirmi beş manat, 55 qəpik) manat təşkil edir. İş materiallarında olan 26 sentyabr 2019-cu il tarixli bildirişdən məlum olur ki, iddiaçı Cavabdeh borcun 3 gün müddətində Banka ödənilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 661,55 manat əsas, 514,14 manat məbləğində faiz borcu məbləğində pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat cərimə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 661.55 (altı yüz altmış bir manat, 55 qəpik) manat məbləğində əsas borc, 514.14 (beş yüz on dörd manat, 14 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 50 (əlli) manat məbləğində cərimə borcu, 200.25 (iki yüz) manat, 25 (iyirmi beş) qəpik gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, ümumilikdə isə 1425,94 (bir min dörd yüz iyirmi beş) manat, 94 (doxsan dörd) qəpik məbləğində pulun, 40.26 (qırx) manat 26 (iyirmi altı) qəpik dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar