Məhkəmə qərarları › İş №e-2(060)-1374/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1374/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1374/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh Rəfail oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Rəfail oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh Rəfail oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəfail oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1280***-*******02L saylı kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh Rəfail oğlundan 7644.41 manat məbləğində əsas kredit borcunun, 310.82 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 15.69 manat məbləğində cərimənin, cəmi 7970.92 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 99.71 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 1280***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh Rəfail oğluna 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh Rəfail oğluna 36 ay müddətinə illik 17.1% dərəcəsi ilə (aylıq ödəniş 322.13 manat olmaqla hər ayın 03-dək ödənilmək şərti ilə) 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Rəfail oğlu onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh Rəfail oğlunun xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 7644.41 manat məbləğində əsas kredit borcu, 310.82 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 15.69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7970.92 manat məbləğində borcu qalmaqdadır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxıb tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Rəfail oğlu iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, krediti 28 yanvar 2022-ci ildə götürsə də, onu iş yoldaşına vermişdir. Pulu bankdan o götürmüşdür. Belə ki, iş yoldaşı uşağının xəstə olduğunu və müalicəsi üçün pul lazım olduğunu ona demişdi. O da iş yoldaşı ilə razılaşıb bankdan kredit götürərək ona vermişdir. İş yoldaşı 8 ay müddətində banka ödəniş etmişdir. Daha sonra iş yoldaşı səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş və nəticədə banka olan ödənişlər dayanmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əslində bank ona saxta yolla pul verib. Belə ki, onun iş yeri barədə təqdim edilmiş arayışda onun 1100 manat əmək haqqı aldığı qeyd edilmişdi. Bildirir ki, hətta həmin saxta sənədi verən şəxs də artıq işdən azad olunub. Eyni zamanda o, məsələ ilə əlaqədar Prokurorluğa müracit etmiş və bununla bağlı araşdırma aparılır. Bundan başqa o, həmçinin məsələ ilə əlaqədar Bankın rəhbərliyinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bildirir ki, maddi vəziyyəti yaxşı deyil. Şəhid qardaşıdır. 160 manat məbləğində aliment ödəyir və 206 manat əmək haqqı kartından tutulur. Cavabdeh qeyd edilənləin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ciil tarixli 1280***-*******02L saylı kredit limiti müqaviləsindən görünür ki, Cavabdeh Rəfail oğluna 120 ay müddətinə illik 17.10% olmaqla, 50000 manat məbləğində kredit limiti ayrılmışdır . İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Rəfail oğlunun İddiaçı ASC-yə 7644.41 manat məbləğində əsas borcu, 310,82 manat faiz borcu, 15.69 manat cərimə borcu olmaqla, ümumilikdə 7970.92 manat borcu mövcuddur. İşdə olan xx.xx.2023-ci il tarixli, xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Rəfail oğluna yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 1280***-*******02L saylı kredit limiti müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh Rəfail oğlu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 7644.41 manat əsas borc və 310.82 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 15.69 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək deyil, kreditorun əmlak mənafelərinə uyğundur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 15,69 manat pul tutulmalıdır. Məhkəmə cavabdehin mübahisəli kredit müqaviləsini imzalayaraq həmin müqavilə üzrə ayrılmış kredit məbləğini qəbul etdiyini nəzərə alaraq ona bank tərəfindən kredit verilməli olmaması, saxta yolla kredit verilməsi barədə cavabdehin etirazının dəlilləri ilə razılaşmır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 99,71 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Rəfail oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1280***- *******02L saylı kredit limiti müqaviləsi ləğv edilsin. Cavabdeh Rəfail oğlundan 7644,41 (yeddi min altı yüz qırx dörd manat qırx bir qəpik) manat məbləğində əsas kredit borcu, 310,82 (üç yüz on manat səksən iki qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 15,69 (on beş manat altmış doqquz qəpik) manat məbləğində cərimə, cəmi 7970,92 (yeddi min doqquz yüz yetmiş manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 99,71 (doxsan doqquz manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar