Məhkəmə qərarları › İş №e-2(060)-1395/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1395/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1395/2024 19.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və digər tələblərinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş icarə müqaviləsinin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-də Snumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən ümumi sahəsi 47.87 kvm olan 53-20 saylı qeyri-yaşayış sahəsindən anbar, dükan və sair kimi istifadə nəticəsində icarə haqqı üzrə yaranmış 35000 manat məbləğində pul vəsaitinin və mediasiya üçün 200 manat, cəmi 35200 manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunan normaların mənasından göründüyü kimi işin mülki və ya kommersiya məhkəməsinə aidiyyatının müəyyən edilməsi üçün 3 qiymətləndirici meyar müəyyən edilmişdir: -Tərəflərin subyektiv tərkib; -Mübahisənin predmeti; -Hüquq münasibətlərinin xarakteri. Hazırki işdə iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd etsə də, tələbində "xxxx" MMC ilə aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini və icarə haqqı üzrə borcun ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericilikdən irəli gələn tələbə riayət olunmamış, tələb "xxxx" MMC-yə yönəldiyi halda cavabdeh qismində Cavabdeh qeyd edilmişdir. Məhkəmə hazırki işin yuxarıda qeyd edilən meyarlar əsasında yoxlanılmasını zəruri hesab edərək qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən çıxarışlarla İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu müəyyən olunur (VÖEN **********). "xxxx" MMC-nin də hüquqi şəxs olduğunu nəzərə aldıqda tərəflərin subyekt tərkibi işə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmasını mümkün edir. Hüquq münasibətinin xarakterinə gəldikdə isə iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə verməklə sahibkarlıq fəaliyyətini həyata keçirir (obyektin icarəyə verilməsindən gəlir əldə edir, həmin gəlirdən vergi ödəyir) və mübahisə də məhz tərəflər arasında olan icarə ilə bağlı hüquq münasibətlərindən yaranmışdır. Beləliklə mübahisənin predmetini iddiaçının və "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə subyekt tərkibi, hüquq münasibətinin xarakteri və mübahisənin predmetindən ibarət sadalanan üç qiymətləndirici meyarın bir-biri ilə qarşılıqlı bağlılığı olduğundan mübahisəyə ümumi məhkəmədə deyil kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, İddiaçı aidiyyət qaydaları və yuxarıda qeyd olunan tələblərə əməl etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 30, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması yenidən aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar