Məhkəmə qərarları › İş №e-2(060)-14/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-14/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-14/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit üzrə borcun tutulması tələbi»nə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı «kredit üzrə borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında İK2434 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi imzalanmış, bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin faktiki illik faiz dərəcəsi 17,8996%, güzəştsiz illik faiz dərəcəsi 27%, illik cərimə faizi 180% olmaqla, 63.000 manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixli İK2434 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavə imzalanaraq kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və illik güzəştsiz faiz dərəcəsi 19%-ə endirilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1140 gün, kart hesabı üzrə 1867 gün təşkil edir. Eyni zamanda İK2434 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün kredit alan tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti kredit alan daşıyır. Bank tərəfindən kredit alana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - İK2434 saylı kredit müqaviləsi üzrə 30365,16 manat əsas borc, 3927,58 manat faiz borcu, 51146,75 manat cərimə borcu olmaqla, cəmi 85439,49 manat, 41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc təşkil edir. Kredit Müqaviləsinin 5-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti bir tərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 347 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə 30365,16 manat əsas borc, 3927,58 manat faiz borcu, 51146,75 manat cərimə borcu olmaqla, cəmi 85439,49 manat, 41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 347 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan İddiaçı ASC tərəfindən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə 30365,16 manat əsas borc, 3927,58 manat faiz borcu, 56235,78 manat cərimə borcu olmaqla, cəmi 90528,52 manat, 41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 362 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Rövşən Hətəm oğlunun nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, ekspertiza rəyində qeyd edilən məbləğ ilə razılaşaraq, iddia tələbini bu həcmdə təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli, İK2434 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 17% ödəmək şərtilə 63.000 manat məbləğində kredit verilmişdir.

8. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsinə 1 №-li Əlavəyə əsasən bank tərəfindən Cavabdeh verilmiş kreditin faizi 19%, müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir.

9. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus 486020******4475 saylı kart hesabına əsasən xx.xx.2015-xx.xx.2023-cü il tarix aralığına 3875,50 ABŞ dolları mədaxil, 3897,17 ABŞ dolları məxaric əməliyyatı həyata keçirilməklə, balans 19,51 ABŞ dolları müəyyən edilmişdir.

10. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə banka 30.365,16 manat əsas, 3927,58 manat faiz, 56.235,78 manat cərimə olmaqla, ümumilikdə 90.528,52 manat məbləğində, 41020USDFK********** saylı kart hesabı üzrə 19,51 ABŞ dolları borcu mövcuddur.

11. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8490 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 03 avqust 2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 16488,33 manat, faiz borcu üzrə 1557,69 manat müəyyən edilir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, borcalan tərəfindən kreditora xx.xx.2022-ci il tarixdə 10000 manat məbləğində ödəniş edilmişdir. Lakin hazırki ekspertiza təqdiqatı zamanı həmin məbləğ nəzərə alınmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5283 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 03 avqust 2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 16488,33 manat, faiz borcu üzrə 1557,69 manat müəyyən edilir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, borcalan tərəfindən kreditora xx.xx.2022-ci il tarixdə 10000 manat məbləğində ödəniş edilmişdir. Lakin hazırki ekspertiza təqdiqatı zamanı həmin məbləğ nəzərə alınmamışdır. Bundan başqa qeyd edilir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 03 avqust 2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimə hesabından çıxarış olmadığından hazırki tədqiqat zamanı Cavabdeh cərimə hesablanılmadı. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8383 saylı ekspert rəyinə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2016cı il tarixli, İK2434 saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə banka olan əsas borc üzrə 16488,33 manat və faiz borcu üzrə 1557,69 manat olmaqla, ümumilikdə 18046,02 manat məbləğində müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2021-ci il tarixədən sonra 10000 manat məbləğində kredit ödənilmişdir. Hazırki tədqiqatla xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə borc qalığı xx.xx.2021-ci il tarixədək hesablandığından bu tarixdən sonra ödənilən 10000 manat məbləğində kredit ödənişi hazırki hesablamada nəzərə alınmadı. Bundan başqa "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə Bank tərəfindən cərimə hesablanmamış və buna görə də hazırki tədqiqatla cərimə müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 17% ödəmək şərtilə 63.000 manat məbləğində kredit verilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsinə 1 №-li Əlavəyə əsasən bank tərəfindən Cavabdeh verilmiş kreditin faizi 19%, müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri icra tametməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. (köhnə redaksiya) Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

23. (köhnə redaksiya) Qeyd olunan Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

25. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 16.488,33 manat, faiz borcu 1557,69 manat təşkil edir.

26. Məhkəmə onu da qeyd edir ki, sözügedən kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və faiz borcu da həmin dövrədək hesablanmışdır.

27. Həmçinin, ekspert rəylərindən göründüyü kimi İK2434 saylı kredit müqaviləsi üzrə borc qalığı xx.xx.2021-ci il tarixədək hesablandığından bu tarixdən sonra ödənilən 10.000 manat məbləğində kredit ödənişi hesablamada nəzərə alınmamışdır.

28. Eyni zamanda, məhkəmə iclasında cavabdeh tərəf ödənilmiş 10.000 manat pul məbləğini mübahisələndirməmişdir.

29. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyləri ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 16.488,33 manat, faiz borcunun 1557,69 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.

30. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.

31. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

32. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

33. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

36. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, tələb edilən 56.235,78 manat məbləğində dəbbə pulu (cərimə) azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir.

37. Belə ki, kredit müqaviləsi üzrə cavabdehdən ödənilməsi tələb edilən 56.235,78 manat məbləğində dəbbə pulu əsas borc və faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğ olmuşdur. Dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Hazırkı işdə iddiaçı tərəfindən ödənilməsi tələb edilən dəbbə pulu borc alanın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən tənasübsüz surətdə yüksəkdir.

38. Məhkəmə iddia tələbinin “41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc məbləğində borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Overdraft (ing. overdraft ) — müştəri-borcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir. Bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir.

41. Overdraftın 4 növü vardır: -Overdraft standartı (klassik), -Öncədən overdraft — kassa və hesablaşma xidmətlərinin cəlb edilməsi məqsədilə (əsasən etibarlı müştərilərə) verilir. -İnkasso üçün overdraft — hesablaşma hesabının kredit dövriyyəsi yığılmış pul vəsaitlərinin (o cümlədən müştərinin özü tərəfindən hesablaşma hesabına köçürülənlər) ən azı 75%-ni təşkil edən müştəriyə verilir. -Texniki overdraft müştərinin maliyyə vəziyyəti nəzərə alınmadan, borcalanın hesabına verilmiş hesaba zəmanətli qəbzlər (Birjada valyuta satışı/alınması, müddətli depozit qaytarılana qədər və s.) müqabilində verilir.

42. Məhkəmə qeyd edir ki, overdraft anlayışı əksər hallarda kredit kartlarına şamil edilir.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

44. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

45. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

46. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə “overdraft” anlayışı mövcuddur. Müqavilənin həmin bəndinə əsasən müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir.

47. Göründüyü kimi cavabdeh qeyd olunan borc məbləğini banka qaytarmamaqla, əsassız varlanmışdır.

48. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

49. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

50. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

51. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

52. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

53. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

54. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

55. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

56. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

57. Məhkəmə hesab edir ki, iddia tələbi 19,51 ABŞ dolları borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

58. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 148 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

60. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İK2434 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16.488,33 (on altı min dörd yüz səksən səkkiz manat, otuz üç qəpik) manat əsas, 1557,69 (bir min beş yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat faiz, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 19046,02 (on doqquz min qırx altı manat, iki qəpik) manat məbləğində pul, habelə 41020USDFK********** saylı kart hesabı üzrə 19,51 (on doqquz ABŞ dolları, əlli bir sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumunun 148 (bir yüz qırx səkkiz) manat hissəsi alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat İddiaçı ASC və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

68. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 342-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İK2434 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16.488,33 (on altı min dörd yüz səksən səkkiz manat, otuz üç qəpik) manat əsas, 1557,69 (bir min beş yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat faiz, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 19046,02 (on doqquz min qırx altı manat, iki qəpik) manat məbləğində pul, habelə 41020USDFK********** saylı kart hesabı üzrə 19,51 (on doqquz ABŞ dolları, əlli bir sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumunun 148 (bir yüz qırx səkkiz) manat hissəsi alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat İddiaçı ASC və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar