Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1430/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı "X5 Azərbaycan" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X5 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: «X5 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh əsas məbləğ üzrə borc 6363,33 (altı min üç yüz altmış üç manat 33 qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu : 608,9 (altı yüz səkkiz manat 90 qəpik) manat, cərimə 1237,07 (min iki yüz otuz yeddi manat 07 qəpik) manat, cəmi borc 8209,3 (səkkiz min iki yüz doqquz manat 30 qəpik) manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 102.09 manat məbləğində dövlət rüsumunun «X5 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "X5 Azərbaycan" QSC-nin nümayəndəsi Nümayəndə sonradan iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 5259.82 manat, faiz məbləği üzrə 389.69 manat, cərimə məbləği üzrə 1471.15 manat, cəmi borc 7120.66 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 102.09 manat məbləğində dövlət rüsumunun "X5 Azərbaycan" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə «X5 Azərbaycan» QSC və Fərəcov Nizami Əbdüləzim oğlu arasında 293902 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Fərəcov Nizami Əbdüləzim oğluna istehlak yönümlü 8000 (səkkiz min) manat məbləğində pul ayrılmışdır və о, 18 (on səkkiz) ay müddətində illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Fərəcov Nizami Əbdüləzim oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. AR DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından məlum olmuşdur ki, Fərəcov Nizami Əbdüləzim oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq banka təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 1694 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – Cavabdehdur. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş Fərəcov Nizami Əbdüləzim oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə: 6363,33 (altı min üç yüz altmış üç manat 33 qəpik) AZN faiz məbləği üzrə: 608,9 (altı yüz səkkiz manat 90 qəpik) AZN cərimə məbləği üzrə: 1237,07 (min iki yüz otuz yeddi manat 07 qəpik) AZN cəmi borc: 8209,3 (səkkiz min iki yüz doqquz manat 30 qəpik) AZN məbləğində təşkil edir. Məhkəmə iclasında iddiaçı "X5 Azərbaycan" QSC-nin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin hal-hazırda banka olan borcu azalmışdır. Əvvəlki hazırlıq iclasından sonra ödənişlər etmişdir. Ona görə də iddia ərizəsinə dəqiqləşdirmədə qeyd etdikləri məbləğin tutulmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5 Azərbaycan” QSC ilə Fərəcov Nizami Əbdüləzim oğlu (“kredit alan”) arasında bağlanmış 18 iyul 2023-cü il tarixli Kredit müqaviləsindən görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən Fərəcov Nizami Əbdüləzim oğluna 18 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X5 Azərbaycan” QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, “X5 Azərbaycan” QSC ilə Nizami Fərəcov (borcalan) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana 8000 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixinə borclunun gecikmə günü 446 gün təşkil edir. Borcalanın “X5 Azərbaycan” QSC-yə xx.xx.2025-ci il tarixinə borcu əsas məbləğ üzrə 5259.82 manat, faiz məbləği üzrə 389.69 manat, cərimə məbləği üzrə 1471.15 manat, cəmi 7120.55 manat borcdan ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********46 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 102.09 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materilllarında olan “X5 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, müqavilə üzrə borc məbləğinin məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Fərəcov Nizami Əbdüləzim oğlu (miras qoyan), Cavabdeh (qanun üzrə vərəsə), nümayəndə X3 (Cavabdeh əvəzinə) olmaqla, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə Fərəcov Nizami Əbdüləzim oğluna verilmiş **********23-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44.6 kv/m, yaşayış sahəsi 31.9 kv/m, yarımçı sahəsi 12.7 kv/m, 2 otaqlı mənzildən ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “X5 Azərbaycan” QSC ilə Fərəcov Nizami Əbdüləzim oğlu arasında bağlanmış 18 iyul 2023-cü il tarixli, 293902 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Fərəcov Nizami Əbdüləzim oğluna 18 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə, 8000 manat məbləğində kredit verilmiş, Fərəcov Nizami Əbdüləzim oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh borclu Fərəcov Nizami Əbdüləzim oğlunun qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məçəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır. Cavabdeh mərhumdan qalmış mirası qəbul etmək üçün müraciət etmiş və miras əmlakı qəbul etmişdir. Cavabdeh mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh miras əmlakı qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini və faiz borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 200 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78.49 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc 5259.82 (beş min iki yüz əlli doqquz manat səksən iki qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 389.69 (üç yüz səksən doqquz manat altmış doqquz qəpik), cərimə borcu 200 (iki yüz) manat, cəmi borc 5849.51 (beş min səkkiz yüz qırx doqquz manat əlli bir qəpik) manat məbləğində kredit borcu və dövlət büdcəsinəköçürülmüş 78.49 (yetmiş səkkiz manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu “X5 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1430/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1430/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver