Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1431/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO "xxxx" Kommersiya Bankı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış 24 may 2014-cü il tarixli, 1xx/xx/114834/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 221,87 manat məbləğində əsas borc, 149,92 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 244,13 manat məbləğində cərimə borcu, 70,86 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 686,78 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/114834/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 560 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 221,87 manat məbləğində əsas borc, 149,92 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 244,13 manat məbləğində cərimə borcu, 70,86 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 686,78 manat məbləğində borcu qalmışdır. Münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1978-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 24 may 2014-cü il tarixli, 1xx/xx/114834/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 25 faizlə, 560 manat kredit vermişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya kredit müqaviləsinə əsasən hər ay 29,89 manat ödəniş etməli idi. Sonuncu ödəniş xx.xx.2016-cı il tarixində edilməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixə 221,87 manat məbləğində əsas borc, 149,92 manat faiz borcu, 244,13 manat cərimə, 70,86 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 686,78 manat borcu vardır. İş materiallarına kredit müqaviləsi üzrə ödənişləri özündə əks etdirən hesabdan çıxarış əlavə edilmişdir. İşdən göründüyü kimi cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə sorğusuna əsasən iddiaçının xx.xx.2023-cü il tarixli elektron məktubunda göstərilmişdir ki, Mərkəzi Bankın elektron (cbar.az) portalına daxil olaraq “Problemli kreditlər” bölməsində yerləşdirilmiş çıxarışa əsaslanaraq aydın oldu ki, Cavabdeh fərmanın təsir dairəsinə düşür. Lakin Banka müraciət etmədiyi üçün, cavabdeh ilə restrukturizasiya müqaviləsi bağlamaq mümkün olmamışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas borcu qalmışdır. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin (5.1). İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 2014-cü ildə bağlanmışdır. Kreditin məbləği və gecikmə müddəti müqavilənin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşməsini təstiq edir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda da həmin fakt öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yuxarıda qeyd edilən Fərmanın əhatə dairəsinə düşdüyündən iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, digər hissələrdə isə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 221 (iki yüz iyirmi bir) manat 87 (səksən yeddi) qəpik pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 "xxxx" Kommersiya Bankı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-1431/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1431/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver