Məhkəmə qərarları › İş №e-2(060)-1432/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1432/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1432/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/00082-01AK №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 29% hesablanmaq şərti ilə 10000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan marka/model: “Kia Sorento”, tip: universal, buraxılış ili: 2011, ban: № KNAKU811DC5277696, rəngi: qara, mühərrik həcmi 2359 sm3, nəqliyyat vasitəsini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2024-cü il tariхli, 2024/00082-01AK №-li girov müqaviləsi bağlanmışdır. Qeyd olunan girov müqaviləsi xx.xx.2024-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikasının Dövlət X3 müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən ÇİXARİŞ: AA152038). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 25000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: xx.xx.2024cü il tarixinə kreditin əsas borcu üzrə 9822,72 manat məbləğində qalıq, ona hesablanmış 2024,34 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2300 manat məbləğində dəbbə pulu, cəmi 14147,06 manat məbləğində borc yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh kreditin əsas borcu üzrə 9822,72 manat məbləğində qalıq, ona hesablanmış 2024,34 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2300 manat məbləğində dəbbə pulu, cəmi 14147,06 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan marka/model: KİA SORENTO, tip: UNİVERSAL, buraxılış ili: 2011, ban: № KNAKU811DC5277696, rəngi: qara, mühərrik həcmi 2359 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 9822,72 manat məbləğində qalıq, ona hesablanmış 2024,34 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2300 manat məbləğində dəbbə pulu, cəmi 14.147,06 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, öhdəliyində iki azyaşlı uşaq və şəkər xəstəsi anası olduğu üçün borcunu ödəyə bilmirdi. Hal-hazırda isə “Socar”da işləyir. Dəfələrlə bildirmişdir ki, iddiaçı tərəflə barışıq əldə edib, ödənişlərini etmək istəyir. Bunun üçün faizlərin və penyanın silinməsi, yerdə qalan əsas məbləği ödəməyə hazır olduğunu bildirmişdir. Borcunu danmır, hissə-hissə ödəniş etməyə də razıdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən, cərimə hissəsində təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 2024/00082-01AK saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 29 faizlə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

8. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış 27 fevral 2024-cü il tarixli, 2024/00082-01AK saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Kia Sorento” markalı, universal tip, buraxılış ili 2011 olan, ban nömrəsi KNAKU811DC5277696, rəngi qara, olan nəqliyyat vasitəsi öhdəliklərin təminatı kimi İddiaçı BOKT ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 25000 manat məbləğində qiymətləndirilmişdir.

9. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AA № 152038 saylı, 27 fevral 2024-cü il tarixli «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh məxsus “Kia Sorento” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı BOKT ASC-yə ipoteka qoyulmuşdur.

10. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ipotekaqoyan Cavabdeh göndərilmiş «İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında» bildirişin qeydə alınması xahiş edilmişdir.

11. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli borc haqqında arayışın surətindən görünür ki, Cavabdeh 27 fevral 2024-cü il tarixli, 2024/00082-01AK saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək ödənilməmiş əsas borcu 9822,72 manat, faiz borcu 2024,34 və cərimə borcu 2300 manat olmaqla, cəmi 14147,06 manat təşkil edir.

12. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 2024/00082-01AK saylı kredit müqaviləsinə əsasən, kredit təşkilatı tərəfindən Cavabdeh illik 29 faizlə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə kredit təşkilatı arasında ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə kredit təşkilatına borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

20. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır.

21. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas və faiz borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir.

22. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

23. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, tələb edilən 2300 manat məbləğində dəbbə pulu (cərimə) azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 9822,72 manat əsas, 2024,34 manat faiz və 300 (üç yüz) manat cərimə borcu, cəmi 12147,06 manat məbləğində pul alınaraq İddiaçı BOKT ASC-yə ödənilməlidir.

25. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh mülkiyyətində olan marka/model: KİA SORENTO, tip: UNİVERSAL, buraxılış ili: 2011, ban: № KNAKU811DC5277696, rəngi: qara, mühərrik həcmi 2359 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin borcunun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

26. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməməklə (cavabdehlə kredit təşkilatı arasında notarial qaydaya təsdiq edilmədən) bağlanmışdır.

27. Məhkəmə tərəflərə qeyd olunan sübutların məhkəməyə təqdim edilməsi üçün vaxt vermiş, həmçinin mübahisəyə tam, hərtərəfli və obyektiv baxılması, prosesin yubanmaması üçün 04 aprel 2025-ci il tarixli qərardadla ipoteka predmeti kimi göstərilən əmlakın dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə (ekspertiza) təyin etmişdir.

28. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AE 06-316/25 saylı mütəxəssis rəyindən görünür ki, “Kia Sorento”, tip: Universal, buraxılış ili:2011, ban: № KNAKU811DC5277696, rəngi: qara, mühərrik həcmi 2359 kub sm olan nəqliyyat vasitəsinin19 iyun 2025-ci il tarixinə likvid dəyəri (bazar dəyərindən 5% aşağı) 24700 manat məbləğində müəyyən edilmişdir.

29. İddiaçı tərəf notarial qaydada bağlanmış ipoteka müqaviləsini məhkəməyə təqdim etməmişdir.

30. Halbuki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

31. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

32. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

33. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

34. Eyni Məcəllənin 309-cu maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.

35. Məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən avtomobillə bağlı ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmədiyindən, bununla da ipoteka müqaviləsinin bağlanması üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilmədiyindən, tərəflərin biridigəri qarşısında hər hansı bir öhdəliyi də yaranmamışdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9822,72 (doqquz min səkkiz yüz iyirmi iki manat, yetmiş iki qəpik) manat əsas, 2024,34 (iki min iyirmi dörd manat, otuz dörd qəpik) manat faiz və 300 (üç yüz) manat cərimə borcu, cəmi 12.147,06 (on iki min bir yüz qırx yeddi manat, altı qəpik) manat məbləğində pul, habelə 126,44 (bir yüz iyirmi altı manat, qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 126,44 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9822,72 (doqquz min səkkiz yüz iyirmi iki manat, yetmiş iki qəpik) manat əsas, 2024,34 (iki min iyirmi dörd manat, otuz dörd qəpik) manat faiz və 300 (üç yüz) manat cərimə borcu, cəmi 12.147,06 (on iki min bir yüz qırx yeddi manat, altı qəpik) manat məbləğində pul, habelə 126,44 (bir yüz iyirmi altı manat, qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar