Məhkəmə qərarları › İş №e-2(060)-147/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-147/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-147/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 1103.83 (bir min yüz üç manat, 83 qəpik) AZN-bundan 591.55 (beş yüz doxsan bir manat, 55 qəpik) AZN əsas, 213.90 (iki yüz on üç manat, 90 qəpik) AZN faiz, 213.90 (iki yüz on üç manat, 90 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84.48 (səksən dörd manat,48 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 31.04 (otuz bir manat, 04 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 25 avqust 2017-ci il tarixli 005346 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 25 avqust 2017-ci il tarixli 5 saylı Əlavəyə əsasən (KM018T********) bank müştəriyə Şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 7000 (yeddi min) AZN məbləğində kredit açmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında 005346 nömrəli 25 avqust 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********871 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1103.83 (bir min yüz üç manat, 83 qəpik) AZN təşkil edir. Bundan 591.55 (beş yüz doxsan bir manat, 55 qəpik) AZN əsas, 213.90 (iki yüz on üç manat, 90 qəpik) AZN faiz, 213.90 (iki yüz on üç manat, 90 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 84.48 (səksən dörd manat, 48 qəpik) AZN faiz borcu təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətləin Sığortalanması Fondu ona və qeyrilərinə qarşı "kredit borcunun qaytarılması tələbinə dair" iddia ilə Məhkəmə müraciət etmişdir. 2(060)- 5670/2023-saylı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında həmin mülki iş məhkəmənin icraatındadır. Aşağıdakılara görə həmin iddia ərizəsinin dəlillərinin qanunsuz və əsassız hesab edir və həmin mülki işin kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz edir. İddia ərizəsinin mahiyyətində göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd olunan tələbinin əsası kimi istinad etdiyi hallara dair hər-hansı mötəbər dəlil göstərməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb olunan borcun yaranma əsası və konktet olaraq məhz hansı aylar üzrə kredit ödənişinin həyata keçirilməməsi üzrə kredit borcunun yaranmasına dair hər-hansı əsaslandırma aparmamış və iş materiallarına bu barədə mötəbər sübut əlavə etməmişdir. Təkcə bu hal, hazırki kiçik iddianın mübahisəli tərəfidir. Ona görə ki, tərəfindən müqavilə üzrə borc öhdəliyi vaxtında icra olunmuşdur və onun iddiaçıya borcu qalmamışdır. Habelə tərəfindən hər zaman müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş və müqavilə üzrə öhdəliyi ödəmək məqsədilə buna maneə ola biləcək və ya öhdəliyin icrasını təhlükəyə məruz qoya biləcək qəsdən heç bir hərəkətə yol verməmişdir. Onu da, məhkəmənin diqqətinə çatdırır ki, müqavilə üzrə ödəmələr tərəfindən mütəmadi olaraq vaxtı-vaxtında bankın vaxtilə ona təqdim etdiyi müvafiq hesaba Ödəmə Terminalı vasitəsilə həyata keçirilmişdir. Lakin, müqavilə müddəti dövründə Dəmir Bank ASC-nin fəaliyyətinə xitam verildikdən sonra, həmin hesab bir müddət (təqribən iki aya yaxın vaxt ərzində) işləməmiş və kredit ödənişlərini qəbul etməmişdir. Bu hal onun iradəsindən asılı olmayan səbəbdir. Bu çətinliklə bankın həmin dövrdə bütün müştəriləri üzləşdi. Həmin dövrdə bank əməkdaşlarından bunun baş vermə səbəbini soruşarkən, bank müvəqqəti olaraq fəaliyyətinin dayandırılması ilə bağlı köhnə hesab nömrəsinin işləməyəcəyini və qısa vaxtda yeni hesab nömrəsi veriləcəyini ona bildirilmişdir. Nəticədə müəştərilərə və o cümlədən ona bank tərəfindən yeni hesab nömrəsi verildikdən sonra terminal vasitəsilə yenidən kredit ödənişlərinin qəbuli bərpa edildi və öhdəlik tərəfindən beləliklə tam icra olunaraq sona çatdırıldı. Bunun təsdiqi kimi, müqavilənin icra müddətinin bitməsindən təqribən son 3 il keçməsinə baxmayaraq, bank tərəfindən, nə də ki, hazırki Ləğvedici tərəfindən nə ona, nə də ki, zaminlərə müqavilə üzrə qalıq borc öhdəliyinin olması ilə bağlı hər-hansı irad və va tələb irəli sürülməmisdir. Demək ki, öhdəlik tam icra olunmuşdur. Təkcə bu hal, bank qarşısında öhdəliyinin icra olmaması ilə bağlı hazırki iddia ərizəsində göstərilən halların kifayət qədər qeyri-obyektiv olduğundan həmin halların açıq məhkəmə iclasında predmeti olmasına əsas verir. Nəticə etibarilə, bütün bu hallar işin mübahisə doğuran halları olduğundan, işin ümumi iddia icraatı qaydasında təhlil olunaraq, işin hərtərəfli, tam və obyetiv araşdırılması və sübutlara obyektiv qiymət verilməsi baxımından olduqca vacibdir. İddiaçı iddia tələbində ona münasibətdə yaranma mənbəyi bəlli olmayan 591,55 AZN əsas borca münasibətdə 213.90 AZN faiz və 213.90 AZN cərimə (dəbbə) pulu müəyyən etməsi umumiyyətlə qanunvericiliyin tələbinə ziddir. Belə ki, ilk növbədə bununla bağlı Məhkəmənin diqqətinə çatdırır ki, qanunvericiliyin imperativ nomrası cərimə (dəbbə pulu) ilə bağlı müqavilə tərəfləri arasında ayrıca razılaşma olmasını tələb edir. Lakin, tərəflər arasında belə bir razılaşma forması yoxdur. Demək ki, iddiaçının bu tələbinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki məcəlləsinin 463.1,-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2. -ci maddəsinə əsasən, Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Bundan əlavə, əsas borca (591, 55 AZN) münasibətdə, əsas borcun təqribən yarısı miqdarda (213.90 AZN) dəbbə pulunun hesablanması, qanunvericiliklə müəyyən olunan tənasüblük prinsipinə ziddir və bu hal AR. Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbi ilə uzlaşmır. Nəticə etibarilə, yuxarıda qeyd olunan bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız dır və bütün bu hallar tərəflərin iştirakı ilə ümumi iddia icraatında baxılamlıdır. Qeyd olunanları, işin faktiki hallarını rəhbər tutaraq iş üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona və qeyrilərinə qarşı "kredit borcunun qaytarılması tələbinə dair" iddiasının umumi iddia icraatı qaydasında tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxılaraq, həmin iddianın tam olaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizələrlə müraciət edərək bildirmişlər ki, iş üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması onlara və qeyrilərinə qarşı "kredit borcunun qaytarılması tələbinə dair" iddia ilə məhkəməyə müraciət etmişdir. 2(060)-5678/2023-saylı həmin mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin diqqətinə çatdırır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2017-ci il tarixli, 005346 nömrəli Bank Xidmətləri müqaviləsi üzrə zamin kimi çıxış etmişdir. Həmin müqaviləyə 5 saylı əlavəyə əsasən, müqaviləə üzrə öhdəliyin icra müddəti 36 ay müddətinə (25 avqust 2020-ci ilədək) müəyyən edilir. Onu da qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyin imperativ tələbinə əsasən (AR.MM-nin 477.4) zaminliklə təmin edilən öhdəliyin icra müddəti nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, əsas müqavilənin icra müddəti bitdikdən borcluya qarşı 1 il keçdikdən sonra iddia irəli sürə bilməz. Beləliklə, Bank ilə əsas öhdəliyin daşıyıcısı arasında xx.xx.2017-ci il tarixdə 36 ay müddətinə bağlanmş müqavilənin icra müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Belə ki, öhdəliyin icra müddətinin bitdiyi tarixdən artıq 3 il keçmişdir. Bu o deməkdir ki, iddiaçı hazırkı halda qeyd olunan müqavilə üzrə zamin qismində onlara qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürə bilməz. Bu səbəbdən zaminlik üzrə ödəliyə xitam verilməsi labüddür. Qeyd edilənlərə əsasən "xxxx" ASC-ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2017-ci il tarixli, 005346 nömrəli Bank Xidmətləri müqaviləsi üzrə zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasın xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməməsinin səsəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 25 avqust 2017-ci il tarixli 005346 nömrəli Bank Xidmətləri Müqaviləsi və həmin müqaviləyə 25 avqust 2017-ci il tarixli 5 saylı Əlavədən görünür ki, Bank tərəfindən cavabdeh 36 ay müddətinə illik 28% ödəmək şərtilə 7000 (yeddi min) AZN məbləğində kredit açmışdır. İş materiallarında olan ZM 1/018T08170051 saylı, xx.xx.2017-ci il tarixli və ZM 2/018T08170051 saylı, xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, borclu Cavabdeh1 Bank 36 ay müddətinə illik 28% ödəmək şərtilə 7000 (yeddi min) AZN məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 591.55 manat əsas, 213.90 manat faiz, 213.90 manat cərimə, kredit müqaviləsi bitəndən sonra illik 5 (beş) faizlə hesablanmış 84.48 manat faiz borcu olmaqla, ümumilikdə 1103.83 manat borcu mövcuddur. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yazılı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-c il tarixli 9/8855 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 25 avqust 2017-ci il tarixli 005346 nömrəli Bank Xidmətləri Müqaviləsi və həmin müqaviləyə 25 avqust 2017-ci il tarixli 5 saylı Əlavə üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borc üzrə 672.55 manat, faiz borcu üzrə 4.18 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 25 avqust 2017-ci il tarixli 005346 nömrəli Bank Xidmətləri Müqaviləsi və həmin müqaviləyə 25 avqust 2017-ci il tarixli 5 saylı Əlavə imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Mülki Məcəllənin zaminlik münasibətlərindən bəhs edən XXİV fəslinə aid 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. 477.0.4-cü maddədə qeyd olunur ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında olan münasibətlər zaminlik müqavilələri əsasında yaranmışdır. Bu halda həmin cavabdehlərə qarşı iddia ərizəsi kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində verilə bilərdi. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, həmin vaxtdan keçən 1 il müddətində zaminə qarşı hər hansı iddia irəli sürülməmiş, hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, bu müddət bitdiyinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik üzrə öhdəliklərinə xitam verilmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdır. Bu hal isə zaminlərə qarşı iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Cavabdeh1 münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 591.55 manat əsas borc və 213.90 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-c il tarixli 9/8855 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 672.55 manat əsas və 4.18 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 591.55 manat əsas və 4.18 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 213.90 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 30 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, qeyd edilənlərə istinad edərək, hesab edir ki, xx.xx.2020-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 84.48 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 64% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 31.04 manat dövlət rusumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 11.04 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 64 manatı cavabdehə, 36 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 591,55 (beş yüz doxsan bir manat əlli beş qəpik) manat əsas, 4,18 (dörd manat on səkkiz qəpik) manat faiz, 30 (otuz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84,48 (səksən dörd manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 710,21 (yeddi yüz on manat iyirmi bir qəpik) manat borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq iddiaçı "xxxx" ASC-dən 36 (otuz altı) manat, Cavabdeh1 isə 64 (altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar