Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1482/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 18518.56 (on səkkiz min beş yüz on səkkiz manat 56 qəpik) manat - bundan 6087.05 (altı min səksən yeddi manat 05 qəpik) manat əsas, 8878.63 (səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 63 qəpik) manat faiz, 3325.93 (üç min üç yüz iyirmi beş manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226.95 (iki yüz iyirmi altı Manat 95 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 145.56 (bir yüz qırx beş manat 56 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında 004852 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. KM004T09170034 nömrəli xx.xx.2017-ci il tarixli 5 saylı Əlavə üzrə cavabdehə 60 ay müddətinə illik 30 % dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit açılmışdır. Cavabdehlər Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM1/004T09170034 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 18518.56 (on səkkiz min beş yüz on səkkiz manat 56 qəpik) manat təşkil edir. Bundan 6087.05 (altı min səksən yeddi manat 05 qəpik) manat əsas, 8878.63 (səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 63 qəpik) manat faiz, 3325.93 (üç min üç yüz iyirmi beş manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226.95 (iki yüz iyirmi altı manat 95 qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, İddiaçı ASC ilə cavabdehlər arasında istər kredit müqaviləsi, istərsə də zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixd bağlanmış və 60 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit xətti açılmışdır. Kredit və Zaminlik müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən pozulmamış, əksinə Cavabdeh2 banka kredit ödənişləri etmiş, daha sonra İddiaçı ASC öz iş fəaliyyətini dayandırması səbəbindən ödənişlərin hansı hesaba ödənilməsi barədə məlumatlar cavabdehlərə təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, bildiriş məktubları göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi barədə heç bir tədbir görməmişlər. Xüsusi qeyd edir ki, cavabdeh tərəf olaraq o, heç vaxt qeydiyyatda olduğu və yaşadığı ünvanı dəyişməmiş, bu gündə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və istər İddiaçı ASC, istərsə də iddia ərizəsi üzrə iddiaçı tərəfindən onun yaşadığı ünvana hər hansı rəsmi bildiriş və xəbərdarlıq göndərilməmiş, borcun olması və ya hansı hesaba ödəniş edilməsi barədə ona məlumat verilməmiş və borc ondan tələb edilməmişdir. Yəni, bank cavabdehlərlə bağladığı müqavilənin şərtlərini özü pozmuş, cavabdehlər tərəfindən onlarla bağlanmış müqavilənin şərtləri pozulmamışdır. Bundan başqa iddia ərizəsindən görünür ki, bankla cavabdehlər arasında kredit müqaviləsi əsasında 7000 manat məbləğində kredit xətti açılsa da, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlər etmiş və əsəs borcun məbləği 6087.05 manat təşkil edir. Lakin şişirdilmiş məbləğdə hesablanmış faiz və cərimə borcları ilə cəmi borc 18518.56 manatı çatmışdır ki, reallığı əks etdirmir. Ona görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Bundan başqa iddia ərizəsindən görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ildə bitmiş, cavabdeh isə hazırki iddia tələbi ilə 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir iddia tələbi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən iş üzrə iddia müddətinin ötürülməsi əsas göstərilməklə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsasldır və qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 004852 nömrəli kredit müqaviləsi və 25 sentyabr 2017-ci il tarixli 004852 nömrəli Bank Xidmətləri Müqaviləsinə KM004T09170034 saylı Əlavədən görünür ki, həmin müqavilə əsasında X1 60 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 7000 manatı kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 25 sentyabr 2017-ci il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, 25 sentyabr 2017-ci il tarixli 004852 nömrəli Bank Xidmətləri Müqaviləsi üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin surətindən görünür ki, 03 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi cavabdehlərə bildirilmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 sentyabr 2017-ci il tarixli KM004T09170034S01 saylı kredit müqaviləsi üzrə 19 iyun 2023-cü il tarixinə cəmi borcu 18518.56 (on səkkiz min beş yüz on səkkiz manat 56 qəpik) manat - bundan 6087.05 (altı min səksən yeddi manat 05 qəpik) manat əsas, 8878.63 (səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 63 qəpik) manat faiz, 3325.93 (üç min üç yüz iyirmi beş manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226.95 (iki yüz iyirmi altı Manat 95 qəpik) manat faiz borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli 9/4102 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM004T09170034S01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixə olan borcu 13564,97 manat məbləğində müəyyən edilməklə həmin məbləğin 5837,08 manat əsas borc və 7727,89 manat faiz borcu təşkil edir. Ekspert rəyinin Tədqiqat prosesinin təsviri hissəsində əks edilmiş cədvəldən görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarından müəyyən olundu ki, xx.xx.2017-ci il tarixli, KM004T09170034S01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 7000 manat kredit verilmişdir. Cavabdeh2 kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. 25 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə iddiaçı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və borcalan Cavabdeh2 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh1 öz üzərinə götürmüşdür. İddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddia ərizəsi üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İş materialları ilə müəyyən edilir ki iddiaçı ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 25 sentyabr 2017-ci il tarixdə müvafiq olaraq kredit müqaviləsi və zaminlik müqaviləsi imzalanmaqla aralarında müqavilə üzrə münasibətləri yaranmışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir, lakin müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İş materiallarından görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 25 sentyabr 2017-ci il tarixli kredit və zaminlik müqaviləsi 60 ay müddətinə bağlanmış və müqavilənin bitmə tarixi xx.xx.2022-ci il kimi müəyyən edilmişdir. Lakin Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixində kredit müqaviləsi üzrə ödəniş həyata keçirildiyindən bu məhkəmə tərəfindən borcun etiraf edilməsini göstərən hərəkət kimi qəbul edilərək kredit müqaviləsi üzrə iddia müddətinin axımının kəsilməsi kimi müəyyənləşdirilir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırki iddia ərizəsi ilə 18 yanvar 2024-cü il tarixdə müraciət edərkən 3 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 6087,05 manat əsas və 8878,63 manat borc məbləği qismən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə uyğun olaraq əsas borc 5837,08 manat, faiz borcu 7727,89 manat həcmində təmin edilməli və qeyd edilən məbləğ Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbi əsas borca hesablanmış müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226,95 manat borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə 3325,93 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 25 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsi şərtlərinə görə zamin-Cavabdeh1 iddiaçı qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki müqavilə 60 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin son icra tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafikə əsasən xx.xx.2022-ci il kimi müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırki iddia ərizəsi ilə zamin-Cavabdeh1 qarşı 18 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət edərkən həmin müddəti ötürmüşdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsində qeyd edilən 1 ilik iddia müddəti başa çatdığından Cavabdeh1 zaminliyinə xitam verilməli və iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh2 ilə yanaşı Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Cavabdeh2 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 5837 (beş min səkkiz yüz otuz yeddi) manat 08 (səkkiz) qəpik məbləğində əsas borc, 7727 (yeddi min yeddi yüz iyirmi yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu, 100 (bir yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226 (iki yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla, ümumilikdə 13891 (on üç min səkkiz yüz doxsan bir) manat 92 (doxsan iki) qəpik və 145 (bir yüz qırx beş) manat 56 (əlli altı) qəpik ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-1482/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1482/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver