Məhkəmə qərarları › İş №e-2(060)-1483/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1483/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1483/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq cəmi borcu 12477,09 ABŞ dolları - bundan 4764,49 ABŞ dolları əsas, 2122,61 ABŞ dolları faiz, 5432,25 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 157,74 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 153,64 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC (Ləğv prosesindədir)-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh3 vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh3 kredit verilərkən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə bank arasında 110009545/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 12818,75 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi.

Tərəflərin mövqeləri:

3. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 12818,75 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022ci il tarixədək təşkil etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdirlər.

4. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. 10 min manat məbləğində kredit verilmişdir. Ödənişlər edirmiş, gecikməyə yol verməmişdir. Dolların məzənnəsi qalxdıqdan sonra bankla arasında problemlər yaranmışdır. Sonuncu ödənişin tarixini xatırlamır. 2018-ci ilin iyul ayında azadlıqdan məhrum edilmişdir. İndiyə kimi üzərində məhkumluq var idi. Şərti cəza ilə azadlıqdan çıxmışdır. Banka gedərək nəzərə alınmasını xahiş etmiş, devalvasiya ilə bağlı vəkilə yönləndirmişdirlər. Məhkumluğu olduğu üçün onu işə götürmürlər. Aylıq aşağı məbləğlə ödəniş etməyə razıdır. Bank tərəfindən əsas borcumun 8000 manat olduğu deyilmişdir. Cərimə borcu ilə razı deyildir.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, sözügedən kredit müqaviləsi üzrə zamindir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh3 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

8. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin aylıq 392,38 ABŞ dolları olmaqla, xx.xx.2018-ci il tarixədək qaytarılması müəyyənləşdirilmişdir.

9. ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 20 oktyabr 2017-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, həmin müqavilə üzrə kredit şərtləri restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmiş, tərəflər restrukturizasiya edilmiş kredit üzrə illik 8 % ödənilməsi barədə razılığa gəlmişlər. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 12818,75 ABŞ dolları təşkil etmişdir.

10. 70087426-6 saylı müqaviləyə əlavədən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyənləşdirilmişdir.

11. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 arasında bağlanmış 110009545/ZM saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşdürlər.

12. 110009545 saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 1 saylı, 20 oktyabr 2017-ci il tarixli Əlavə sazişlərdən görünür ki, Cavabdeh2, Cavabdeh4 və X1 ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı xx.xx.2017-ci il tarixli Əlavə saziş üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər.

13. İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh3 və X2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək, sözügedən kredit müqaviləsi üzrə ödənişlərin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh3nın 16 iyun 2023-cü il tarixə xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 4764,49 ABŞ dolları əsas borc, 2122,61 ABŞ dolları faiz borcu, 5432,25 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 157,74 ABŞ dolları olmaqla, cəmi 12477,09 ABŞ dolları borcu vardır.

Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

19. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh3 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Qeyd edilən müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlərinə götürmüşlər. Daha sonra ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı Əlavə Sazişlə sözügedən kredit müqaviləsi üzrə kredit şərtləri restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmiş, tərəflər restrukturizasiya edilmiş kredit üzrə illik 8 % ödənilməsi barədə razılığa gəlmişlər. ********* saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 1 saylı, 20 oktyabr 2017-ci il tarixli Əlavə sazişlə Cavabdeh2, Cavabdeh4 və X1 sözügedən kredit müqaviləsinə 1 saylı xx.xx.2017-ci il tarixli Əlavə saziş üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyənləşdirilmişdir.

20. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

21. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği cavabdehə Cavabdeh3 vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin sonuncu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Eyni zamanda o məhkəmə iclasında iddianı əsas borc hissəsində qəbul etmişdir. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır.

23. İddiaçı tərəfindən tələb olunan 5432,25 ABŞ dolları cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 20 oktyabr 2017-ci il tarixli 1 saylı Əlavə Sazişin 1.3-cü bəndində qeyd edilmişdir ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

24. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 100 (yüz) ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

25. Məhkəmə iddiaçının kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 157,74 ABŞ dolları faiz borcu ilə bağlı qeyd edir ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır.

26. Məhkəmə iddiaçının borcun kredit müqaviləsi üzrə borclu Cavabdeh3 ilə yanaşı cavabdehlər-yuxarıda adı qeyd olunan kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavə Saziş üzrə zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutulmasına dair tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

27. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.

28. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.

29. Hazırki işdə ********* saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 20 oktyabr 2017-ci il tarixli 1 saylı Əlavə sazişlərin 2.3-cü bəndində qeyd edilmişdir ki, bu əlavə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. ********* saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinin 25.1.4-cü bəndində qeyd olunmuşdur ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi hada xitam verilir.

30. Sözügedən kredit müqaviləsinə 20 oktyabr 2017-ci il tarixli Əlavə Saziş üzrə öhdəliyin icrasının son müddəti 20 oktyabr 2022-ci il müəyyənləşdirilməmişdir. Belə olan halda iddiaçı xx.xx.2022-ci il tarixdən ən geci bir il ərzində zaminlərə qarşı iddia irəli sürməli olduğu halda bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürməmişdir ki, bununla da zaminliyə xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə də təmin edilməməlidir.

31. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, ********* saylı müqavilə üzrə 4764,49 ABŞ dolları əsas borc, 2122,61 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, 157,74 ABŞ dolları gecikməyə görə faiz borcu ümumilikdə 7144 (yeddi min yüz qırx dörd) dollar, 84 (səksən dörd) və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş dövlət rüsumunun 87,97 manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməlidir.

Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2015-ci il tarixli, ********* saylı müqavilə üzrə 4764,49 ABŞ dolları əsas borc, 2122,61 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, 157,74 ABŞ dolları gecikməyə görə faiz borcu ümumilikdə 7144 (yeddi min yüz qırx dörd) dollar, 84 (səksən dörd) və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş dövlət rüsumunun 87,97 manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar