Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1514/2023 24.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1368 (min üç yüz altmış səkkiz) manat borcun, 50 (əlli) manat əldən çıxmış faydanın, əlavə 10 faiz hesablanmaqla (dəbbə pulu) 136,80 (yüz otuz altı manat 80 qəpik) pulun, ümumilikdə 1554,80 (min beş yüz əlli dörd manat 80 qəpik) məbləğin və 33,68 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə 16 sentyabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən şirkətə maddi ziyan vurmuş və nəticədə 1368 (min üç yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, 12 aya 1368 (min üç yüz altmış səkkiz) manat borcu 16 sentyabr 2022-ci il tarixindən hər ay 114 ( yüz on dörd ) manat ödəməyi öhdəsinə götürmüş və müqavilədə göstərilən 1368 (min üç yüzaltmış səkkiz) manat məbləğin heç bir hissəsini ödəməmiş və 1368 (min üç yüzaltmış səkkiz) manat borcu olduğu kimi qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən ümumi borc məbləği müqavilə ilə müəyyən edilmiş son tarixə ödənilmədikdə, “Borclu” borc məbləğindən əlavə ödəmə tarixində sonraki hər gün üçün ümumi borc məbləğinin 0.5 %-imiqdarında dəbbə pulunu “Kreditor”a ödəməyi öhdəsinə götürmüşdür. “Cavabdeh”ə “Kreditor” tərəfindən dəfələrlə telefon danışığı zamanı, həmçinin ona göndərilmiş 22 noyabr 2022-ci il tarixli Pretenziya məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəliklərin lazımınca icra edilməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəliklərini yerinə yetirməmişdir. Tələbin əsaslığı tərəflər arasında bağlanmış müqavilədən ibarətdir. Odur ki, İddiaçı MMC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, borclu kreditora 1368 manat borcun yarandığını etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə 16 sentyabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən şirkətə maddi ziyan vurmuş və nəticədə 1368 (min üç yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, 12 aya 1368 (min üç yüz altmış səkkiz) manat borcu 16 sentyabr 2022-ci il tarixindən hər ay 114 ( yüz on dörd ) manat ödəməyi öhdəsinə götürmüş və müqavilədə göstərilən 1368 (min üç yüzaltmış səkkiz) manat məbləğin heç bir hissəsini ödəməmiş və 1368 (min üç yüzaltmış səkkiz) manat borcu olduğu kimi qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adimülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.3-cü maddəsinə əsasən “Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.” Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli borc etirafının tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2022-ci il tarixli borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 136,80 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Tələbin əldən çıxmış fayda hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1318 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumunun 33,18 əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 2,82 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1368 (min üç yüz altmış səkkiz) manat borc, 50 manat dəbbə borcu, ümumilikdə 1318 manat borc və 33,18 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş Dövlət rüsumunun 2,82 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1514/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1514/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver