Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1515/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1070***-*******02L saylı kredit limiti müqaviləsinin ləğv edilməsi, cavabdehdən 10976,78 manat məbləğində əsas kredit borcunun, 1170,3 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 79,2 manat məbləğində cərimənin, cəmi 12226,28 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 126,68 manat məbləğində dövlət rüsumunun tutularaq ididdiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 1070***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50 000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 19% dərəcəsi ilə 12 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 10976,78 manat məbləğində əsas kredit borcu, 1170,3 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 79,2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12226,28 manat məbləğində borcu qalmaqdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi cavabdeh xx.xx.1977-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 1070***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 439,97 manat olmaqla hər ayın 07-dək ödənilmək şərti ilə) 12 000 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlinə əsasən cavabdeh 36 ay müddətinə hər ay 439,97 manat, sonuncu ay isə 440,06 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə banka əsas borc üzrə 10976,78 manat əsas borc, 1170,3 manat faiz borcu, 79,2 manat cərimə olmaqla, cəmi 12226,28 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1936 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 10999,74 manat, faiz borcu üzrə 1249,41 manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı 126,68 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində rəyində cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixinə 10999,74 manat əsas və 1249,41 manat faiz borcunun olduğu göstərilmişdir. İş üzrə verilmiş ekspert rəyində cavabdehin əsas və faiz borcu iddia ərizəsində göstərilən məbləğdən çox göstərilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 10976,78 manat əsas borc məbləğinə 79,2 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia q təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126,68 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1070***- *******02L saylı kredit limiti müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 10976,78 manat, faiz borcu üzrə 1170,3 manat , cərimə üzrə 79,2 manat olmaqla, cəmi 12 226 (on iki min iki yüz iyirmi altı) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul və ödənilmiş 126 (yüz iyirmi altı) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-1515/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1515/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver