Məhkəmə qərarları › İş №e-2(060)-1538/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1538/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1538/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və ödənmiş borcun yarısının tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və ödənmiş borcun yarısının tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixində anadan olmuşdur. xx.xx.2020-ci il tarixində xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh ilə nikaha daxil olmuşdur. İlk başlarda münasibətləri yaxşı olsa da, sonradan bu münasibətlər pisləşmişdir. Hal-hazırda ayrı yaşayır və ailə münasibətləri yoxdur. Ailə münasibətlərinin bərpası, yenidən ailə kimi yaşamaqları mümkün deyildir. O nikaha xitam verilməsi üçün xx.xx.2022-ci il tarixində Sumqayıt “ASAN xidmət” X2 yaxınlaşmışdır. Burada xx.xx.2022-ci il tarixli, 05/Q4062-76 nömrəli arayış ilə ona mövcud qanunvericiliyə əsasən nikahlarının pozulması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O xx.xx.2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsində nikahın ləğvi, kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və bu günə qədər ödənmiş borcun yarısının tələbinə dair Cavabdeh qarşı iddia qaldırsa da, məhkəmə e-2(060)-6504/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Belə ki, məhkəmənin qənaətinə görə iddia ərizəsində cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın ləğvi, kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və bu günə qədər ödənmiş borcun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsində forma və məzmuna əməl edilməmişdir. Bu səbəbdən o iddia tələblərini ayıraraq məhkəməyə müraciət edir və Sumqayıt Şəhər Məhkəməsində cavabdehə qarşı nikahın ləğvi tələbinə dair iddia da qaldırmışdır. Onlar nikahda olduqları müddətdə "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə 8000 manat məbləğində 36 aylıq kredit almışlar. Bu kreditin üzərinə gələn faiz məbləği isə 3151.74 manat təşkil edir. Buna görə də banka olan borcun ümumi miqdarı 11151.74 manat təşkil etmişdir. Buradan kredit götürdükləri məbləği isə ailəvi xərclərə sərf etmişlər. Ödənişin vaxtı xx.xx.2021-ci il tarixindən başlandığına görə o hər ay 309.68 manat məbləğində pulu banka ödəyir. xx.xx.2022-ci il tarixli, 05/Q4062- 76 saylı arayışdan da göründüyü kimi o həmin tarixdə nikahın ləğvinə qərar vermiş və bunun üçün Sumqayıt “ASAN xidmət” X2 yaxınlaşmışdır. Həmin vaxtdan bəri o cavabdehlə ayrı yaşayır və birgə təsərrüfatları yoxdur. Həmin günə qədər isə birlikdə yaşayıb birgə təsərrüfatlarını idarə etmişlər. Kredit götürdükləri məbləği də birgə təsərrüfata daxil edib ailə xərclərinin ödənilməsi üçün birlikdə istifadə etmişlər. Bütün bunlara görə də hesab edir ki, xx.xx.2022-ci il tarixindən sonra ödəniləcək bütün kredit borcları onların birgə borcu sayılmalıdır. "xxxx" ilə onun arasında bağlanan kredit sazişinə olan Əlavə No.1-dən də göründüyü kimi ödənilməmiş qalan 23 aylıq kredit borcları vardır. Bu da ümumilikdə hər ay 309.68 manat olmaqla (son ay istisnadır, son ayın kredit borcu: 312.94 manat) ümumilikdə 7125.9 manat təşkil edir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ayın 28dək cavabdeh tərəfindən ona 154.84 manat pulun ödənilməsi təmin edilməlidir. Son ayın kredit borcu 312.94 manat olduğuna görə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ona ödənilməli olan məbləğ 156.47 manat olmalıdır. Həmçinin xx.xx.2022-ci il tarixindən, yəni nikahın ləğvi üçün müraciət etdiyi tarixdən sonra cavabdehlə ayrı yaşayıb birgə təsərrüfatı idarə etmədiklərindən həmin tarixdən sonra ödədiyi məbləğlərin də yarısının cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Ödədikdən sonra bankomatdan götürdüyü, onda olan çeklər də sübut edir ki, xx.xx.2022-ci il tarixdə 320 manat, xx.xx.2022-ci il tarixdə 310 manat, xx.xx.2022-ci il tarixdə 310 manat, xx.xx.2022-ci il tarixdə 310 manat, xx.xx.2022-ci il tarixdə 310 manat, xx.xx.2022-ci il tarixdə isə 310 manat məbləğində pulu xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli və CC/55238/83 nömrəli kredit sazişlərinin aylıq ödənişlərinə ödəmişdir. Lakin bu kredit müqaviləsi üzrə öhdəliyin yarısı cavabdehin də üzərinə düşür. Bu krediti onlar birgə təsərrüfat dövründə almışdır. Bununla da, o birgə öhdəliklərində olan kredit müqaviləsinin ödənilməsini artıq 6 aydır ki, öz hesabına həyata keçirir. Lakin bu onların birgə öhdəliyində olduğu üçün hesab edir ki, cavabdeh tərəfindən ona 935 manat (320+310+310+310+310+310=1870, 1870:2=935 manat) pulun da ödənilməsi təmin edilməlidir. Bütün bunlardan başqa cavabdehlə onun birgə nikahları dövründə onlar AL/34635/74/11 nömrəli 29 oktyabr 2021-ci il tarixli kredit sazişi ilə "xxxx"-da Bolkart Ailə kartı açdırmışdır. Bu kartı birgə nikahları dövründə ailə ehtiyacları üçün istifadə etmişlər. xx.xx.2022-ci ilə qədər isə kartda yaranan ödənilməli olan ümumi borc 1236.44 manat təşkil edir. Kartın çıxarışından da göründüyü kimi biz birgə nikahları dövründə bu kartdan istifadə etmişlər. Nikahın ləğvinə qərar verdikdən və ayrı yaşamağa başladıqdan sonra isə o bu kartdan istifadə etməmişdir. Buna görə də hesab edir ki bu kartda olan borc miqdarının yarısının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, 618.22 manatın cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün aldıqları kreditin bundan sonra ödənilməsi ilə bağlı olaraq cavabdehdən bundan sonra hər ayın 28-dək xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər hər ay 154.84 manat pulun alınaraq ona ödənilməsinin təmin edilməsi, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün aldıqları kreditin bundan sonra ödənilməsi ilə bağlı olaraq cavabdehdən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 156.47 manat pulun alınaraq ona ödənilməsinin təmin edilməsi, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün aldıqları kreditin xx.xx.2022-ci ildən sonra onun tərəfindən ödənilən 1870 manat məbləğin yarısının, yəni ümumi 935 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsinin təmin edilməsi, AL/34635/74/11 nömrəli 29 oktyabr 2021-ci il tarixli kredit sazişi ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün "xxxx"-da birgə nikah dövründə açdıqları Bolkart Ailə kartı ilə nikah dövründə ailə xərclərinin ödənilməsi üçün xərclədikləri 1236.44 manat borcun yarısının, yəni 618.22 manat məbləğin də cavabdehdən alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, birgə nikah dövründə borc götürülmüşdür. Sonradan münasibətlər pisləşdiyi üçün nikahın pozulması ilə bağlı ərizə məhkəmənin icraatındadır. İddianın əsasları iddia ərizəsində qeyd olunmuşdur. Məhkəmə icraatı zamanı da ödənişlər olmuşdur. Kreditin götürülməsi ailənin birgə qərarı ilə mümkün olmuşdur. Ailənin ehtiyacları üçün götürülmüşdür. Ailə daxili məsələlər olduğuna görə iddia ərizəsində qeyd etməmişlər. Boşanmağa da əsas səbəblərdən biri övladlarının olmaması idi. Cavabdehin müalicəsi ilə əlaqədar götürülən xərclərdir. Bu səbəbdən böyük məbləğlərdən danışılır. Bunlar xanımın şəxsiyyətinə toxuna biləcək məlumatlar olduğu üçün onlar iddia ərizəsində qeyd olunmamışdır. Qarışılıqlı iddia ərizəsinə münasibətdə isə qeyd edir ki, artıq baxış iclasıdır. Vaxtında verilmədiyi üçün baxılmamış saxlanılmasını xahiş edir. Tərəfin gələcəkdə ayrıca icraat qaydasında vermək hüququnun olduğunu qeyd edir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, bank qarşısında iddiaçı məsuliyyət daşıyır. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmış, Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: AZ-İİ seriyalı, 403460 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 07 oktyabr 2020-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 07-ci günündə 1468 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. 20 oktyabr 2021-ci il tarixli, 1035 nömrəli qəbzdən görünür ki, İddiaçı 2 manat məbləğində vəsait ödəmişdir. 29 oktyabr 2021-ci il tarixli, 1036 nömrəli qəbzdən görünür ki, İddiaçı 1 manat məbləğində vəsait ödəmişdir. 29 oktyabr 2021-ci il tarixli, 1034 nömrəli qəbzdən görünür ki, İddiaçı 80 manat məbləğində vəsait ödəmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış CC/55238/83 saylı, xx.xx.2021-ci il tarixli kredit sazişi müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı ona verilmiş kredit üzrə borcunu hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq 36 ay müddətinə hər ay banka 309.68 manat, yalnız sonuncu ay 312.94 manat ödəməklə qaytarmalıdır. Bolkart ailə kredit kartının istifadə şərtləri və digər xüsusiyyətləri haqda məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər kartdan müəyyən məqsədlər üçün istifadə olunmuşdur. MŞB/6-5557 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh oğlunun xx.xx.2022-ci il tarixində 15:30-15:50-də keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasında sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci nağd qaydada ödəmişdir. Tərəflər əsas mediasiya sessiyasını keçirməkdən imtina etdilər. Məhkəmə tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara əsaslanaraq hesab edir ki, iddiaçının öhdəlik götürdüyü cavabdehin isə bu öhdəlikdə ailə xərclərinin qarşılanması üçün birgə məsuliyyət daşıması halları müşahidə olunmur. Belə ki, "xxxx" ASC ilə İddiaçı arasında CC/55238/83 saylı, xx.xx.2021-ci il tarixli kredit sazişi müqaviləsi bağlanmışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu kreditin cavabdehin müalicəsi üçün götürüldüyünü deməsinə baxmayaraq, bunları təsdiq edən zəruri sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, tələb edilən məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmiş, iş materiallarında olan sənədlərlə təsdiq olunmamışdır. Məhkəmə iş materiallarında əlavə edilmiş kredit müqaviləsinə münasibət bildirərək qeyd edir ki, həmin kredit müqaviləsi iddiaçı tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1,1091.2,1092.1-ci maddələri). Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh qarşı iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X5 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və ödənmiş borcun yarısının tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və ödənmiş borcun yarısının tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar