Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1613/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10509,1 manat məbləğində kredit bоrcu, 1422,11 manat məbləğində faiz bоrcu və 399,98 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12331,19 manat məbləğində bоrcun və ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, X8 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 003A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X12 aylıq faiz dərəcəsi 1.5% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4490,9 manat ödəniş etmiş və оnun iddiaçıya 10509,1 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 305 gün üçün hesablanmış faiz borcu 1422,11 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 305 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 399,98 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan X2nun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Sumqayıt şəhər 1 saylı notariat ofisində X5 adına vərəsəlik işinin açıldığı, Cavabdeh qanun üzrə vərəsə olduğu müəyyən edilmişdir. Həmçinin 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 2V-692 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, krediti mərhum həyat yoldaşı iş yoldaşı üçün götürmüşdür. Bu barədə məlumatı olmamışdır. Hər ay ödənişləri həyat yoldaşı etmişdir. Lakin o, 1-ci qrup əlil olduqdan sonra işləmədiyi üçün ödənişləri həyata keçirə bilməmişdir. Hazırda tələb olunan borc onun borcu deyildir. Həyat yoldaşının 2 otaqlı evi var idi. Həmin ev onun adına qeydiyyata alınmışdır. Qanun üzrə vərəsə təyin edilmişdir. Miras əmlak iki otaqlı evdir. Həmin evdə ailə üzvləri yaşayır. Ödənişləri etmək üçün evi sata bilməz. Hazırda işləmir və pensiya almır. Bank 15000 manat pul vermişdirsə, bunu sığorta etdirməli idi. Həyat yoldaşı vəfat edəndən sonra 5500 manat ödəniş edəcəyi təqdirdə borcun silinəcəyini bildirmişlər. Həmin məbləği hər ay hissəhissə ödəyə biləcəyini bildirsə də, razı olmamışdırlar. Həmin vaxt bank hissə-hissə ödənişlə razı olsaydı, borc çoxdan bağlanmışdı.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh X10 izahatında bildirdi ki, kredit götürülməsindən ümumiyyətlə məlumatı olmamışdır. Bir dəfə onları banka dəvət edərək kredit məbləğinin yarı hissəsinə bank tərəfindən güzəşt olunduğunu, qalan 5250 manat pulun birdəfəlik ödənilməsini tələb etdilər. Tələb olunan məbləği birdəfəlik ödəyə bilməyəcəkləri, hər ay hissə-hissə ödəniş edə biləcəklərini bildirmiş, lakin bank razı olmamışdır. Daha sonra isə məhkəməyə müraciət etmişlər. Krediti ödəməyə maddi imkanları yoxdur. Atasının adına sadəcə bir ev olmuşdur və həmin evdə 6 nəfər ailə üzvü yaşayır. Anası isə xəstədir və vəziyyəti yaxşı deyil. Bank yaşlı şəxsə 15000 manat kredit verən zaman məbləği sığortalamalı idi.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında bildirdi ki, təqsirli hərəkətlər mərhumun sağ olduğu vaxtdan başlanmışdır. Mərhum şəxslə iddiaçı arasında xx.xx.2022-ci ildə kredit müqavləsi bağlanmışdır. Təxminən 1 il 2 ay ödənişləri etmişdir. xx.xx.2023-cü ildən etibarən ödənişləri etməmiş, kredit borcu yaranmağa başlamışdır. xx.xx.2024-cü ildə şəxs vəfat etmiş, bundan yalnız 7 ay sonra cavabdeh qanun üzrə vərəsə elan edilmişdir. 2 ay sonra bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Məhz həmin vaxtlar ərzində borcun yaranması cavabdehin təqsirli hərəkətlərinin nəticəsi deyildir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, faiz və cərimə borcu vərəsələrə tətbiq oluna bilər, lakin bu borcun yaranması vərəsənin təqsirli hərəkətinin nəticəsində yaranmış olduğu təqdirdə mümkündür.
Tədqiq olunan sübutlar:
7. 12 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, X11 bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu, onları qəbul etdiyini bildirmiş və 36 ay müddətinə 18%-lə 15000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
8. 003A********** saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin icra edilməsi müddəti 14 oktyabr 2022-ci il tarixdən 16 sentyabr 2025-ci il tarixədək müəyyənləşdirilmişdir.
9. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi cavabdehə təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və banka borclu olduğu 12331,19 manat məbləğin, həmçinin xx.xx.2024-cü il tarixdən hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı QSC tərəfindən tərtib edilmiş 16 sentyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X5 003A********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 10509,1 manat əsas borc, 1422,11 manat faiz borcu, 399,98 manat cərimə olmaqla, cəmi 12331,19 manat borcu vardır.
11. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır, şəhadətnamə əsasında verilən miras əmlak Sumqayıt TİB tərəfindən xx.xx.2000-ci il tarixdə X7 verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,81 kv.m, yaşayış sahəsi 31,35 kv.m, yardımçı sahəsi 23,46 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 adına Sumqayıt şəhəri, 13-cü mikrorayon 50, 19 saylı mənzil qeydiyyatdan keçmişdir, lakin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 2V-692 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir.
Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X11 bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu, onları qəbul etdiyini bildirmiş və 36 ay müddətinə 18%-lə 15000 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh X6 qanun üzrə vərəsəsi təyin edilmiş və o, Sumqayıt TİB tərəfindən xx.xx.2000-ci il tarixdə X7 verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,81 kv.m, yaşayış sahəsi 31,35 kv.m, yardımçı sahəsi 23,46 kv.m, 2 otaqlı olan mənzildən ibarət miras əmlakdan tam hissədə pay almışdır.
19. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X5 vərəsəsi Cavabdeh bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
20. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.
21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X5 İddiaçı QSC-yə 003A********** nömrəli kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.
22. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Hazırki işdə cavabdehə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə X2ndan miras qalmış əmlak Sumqayıt TİB tərəfindən xx.xx.2000-ci il tarixdə X7 verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,81 kv.m, yaşayış sahəsi 31,35 kv.m, yardımçı sahəsi 23,46 kv.m, 2 otaqlı olan mənzildən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır.
25. Məhkəmə iddianın faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı bank tərəfindən təqdim edilmiş arayışdan görünür ki, borclunun vəfat etdiyi günə münasibətdə ödənilməmiş faiz borcu 393,64 manat, cərimə borcu isə 130,59 manat təşkil edir. İddiaçı borclunun öldüyü müddətdən sonrakı dövr ərzində də əsas borca faizlərin və cərimələrin hesablanmasını davam etdirərək borclunun vərəsəsinə qarşı əsas borcla yanaşı 1422,11 manat faiz borcunun və 399,98 manat cərimə borcunun ödənilməsi tələbini irəli sürmüşdür.
26. Mülki Məcəllənin 1151 və 1306.1-ci maddələrinə istinadən göstərmişdir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını əldə edir və onun həmin məqamadək daşıdığı vəzifələrin icraçısı olur. Qanuna görə miras əmlak dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Passiv miras qoyanın öldüyü məqamadək icra etməyə borclu olduğu öhdəliklərdir, ödəməli olduğu borclardır.
27. Məhkəmə hesab edir ki, hazırkı işdə kredit müqaviləsi üzrə borclunun ölümündən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin və cərimələrin hesablanmasının və borcalanın vərəsəsinə qarşı belə tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Bu tələb nə qanuna, nə də mülki qanunvericilikdə əks olunmuş vicdanlılıq prinsipinə uyğun hesab edilə bilməz. Yalnız mirasın açıldığı tarixədək miras qoyana məxsus əsas, faiz, cərimə borcu onun vərəsələrindən tələb edilə bilər.
28. Belə olan halda məhkəmə kredit müqaviləsi üzrə borclunun öldüyü məqamədək faiz borcunun 393,64 manat, cərimə borcunun 130,59 manat olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən faiz borcunun tutulması 393,64 manat hissə də, cərimə borcunun tutulması 130,59 manat hissədə təmin edilməlidir.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10509,1 manat məbləğində əsas bоrc, 393,64 manat faiz borcu, 130,59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11033,33 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 123,10 manat hissəsi tutulmalıdır.
Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10509,1 manat məbləğində əsas bоrc, 393,64 manat faiz borcu, 130,59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11033,33 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 123,10 manat hissəsi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva