Məhkəmə qərarları › İş №e-2(060)-1626/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1626/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1626/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı ASCnin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tariхli, 200804-269734/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 8000 manat kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 10 yanvar 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3936,91 manat məbləğində əsas bоrcu və 687,94 manat faiz borcu оlmaqla, ümumilikdə 4624,85 manat məbləğində kredit bоrcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 3936,91 manat məbləğində əsas bоrc və 687,94 manat faiz borcu оlmaqla, cəmi 4624,85 manat borcun və 66,25 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə:

7. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tariхli, 200804-269734/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir.

8. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 fevral 2022-ci il tariхli, 200804-269734/1 nömrəli kredit müqaviləsinə əsasən Banka 3936,91 manat əsas borc, 687,94 manat faiz borcu, cəmi 4624,85 manat məbləğində borcu vardır.

9. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 3936,91 manat əsas, 593,85 manat faiz borcu olmaqla, cəmi 4530,76 manat borcunun olduğu bildirilmiş, borcun 7 gün müddətində qaytarılması, əks təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bağlı xəbərdarlıq edilmişdir.

10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. Qeyd olunan Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir.

18. Həmçinin, iddiaçı iddia qaldırarkən xx.xx.2025-ci il tarixə 687,94 manat faiz hesablandığını göstərmişdir.

19. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

20. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə ondan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.

21. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia faiz borcu hissəsində qismən, xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə (593,85 manat) təmin edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 65,30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

25. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3936,91 (üç min doqquz yüz otuz altı manat, doxsan bir qəpik) manat əsas, 593,85 (beş yüz doxsan üç manat, səksən beş qəpik) manat faiz borcu, cəmi 4530,76 (dörd min beş yüz otuz manat, yetmiş altı qəpik) manat məbləğində pul və ödənilmiş 65,30 (altmış beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 342-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3936,91 (üç min doqquz yüz otuz altı manat, doxsan bir qəpik) manat əsas, 593,85 (beş yüz doxsan üç manat, səksən beş qəpik) manat faiz borcu, cəmi 4530,76 (dörd min beş yüz otuz manat, yetmiş altı qəpik) manat məbləğində pul və ödənilmiş 65,30 (altmış beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar