Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1633/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul tələbi”nə dair iddia ərizə ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh arasında TK001158 saylı, xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 15 ay müddətinə, hər ayın 9-dən gec olmamaqla, 204 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Zamin1 arasında bağlanmış TK001158Z01 saylı zaminlik müqaviləsinə və əlavə olaraq, İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Zamin2 arasında bağlanmış TK001158Z02 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Zamin1 və Zamin2 tamamilə icra edəcəklərini öz öhdələrinə götürmüşdürlər. Belə ki, cavabdehlər qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirməmişlər. Həmçinin, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə ümumilikdə 750 manat borcu qalmışdır. Göstərilənlərə əsasən İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış TK001158 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 750 manat əsas borc olmaqla, ümumilikdə 750 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin1, Zamin2 müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən qarşılıqlı iddia verilərsə, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa, məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır.
4. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul tələbi” ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən məhkəməyə ərizə göndərilərək, məhkəmə iclasının iştirakları olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Zamin1 izahat verərək bildirmişdir ki, Cavabdeh 2015-ci il tarixində kredit götürmüşdür. Cavabdeh nə zaman zamin olduğunu isə xatırlamır. Ötən il Cavabdeh tərəfindən avtoqəza hadisəsi baş verdiyi üçün, o, hazırda həbsdədir. Onun isə həmin borcu ödəməyə maddi imkanı yoxdur. Cavabdehla uzun müddətdir əlaqəsi olmadığı üçün bu barədə məlumatı yoxdur. Həmçinin qeyd edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı uzun müddət sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 tərəfindən məhkəməyə ərizə göndərilərək, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə cavabdeh Zamin1 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. Belə ki, iş materiallarında olan iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, TK001158 saylı kredit müqaviləsinə və 1 nömrəli əlavəyə əsasən bank tərəfindən Cavabdeh illik 31 faiz ödəmək şərti ilə 15 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir.
13. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Zamin1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, TK001158Z01 saylı zaminlik müqaviləsinə əsasən Zamin1 borclu Cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.
14. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Zamin2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, TK001158Z02 saylı zaminlik müqaviləsinə əsasən Zamin2 borclu Cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.
15. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 750 manat məbləğində əsas borcu vardır. Sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.
16. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlər kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, TK001158 saylı kredit müqaviləsinə əsasən BOKT tərəfindən Cavabdeh illik 31 faiz ödəmək şərti ilə 15 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş, zaminlər Zamin1 və Zamin2 borclu Cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşlər. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə ödənilməmiş borcları yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 09 iyun 2016-cı il tarixdə bitmiş, Cavabdeh tərəfindən isə sonuncu ödəniş 31 yanvar 2019-cu il tarixdə (iş materiallarında olan arayışa əsasən) həyata keçirilmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti (sonuncu ödəniş tarixi nəzərə alınmaqla) 31 yanvar 2022-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 24 yanvar 2024-ci il tarixində məhkəməyə müraciət etmişdir.
20. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir.
23. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
25. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
26. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
27. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
28. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
30. Məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Zamin1 və Zamin2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri Cavabdeh kredit öhdəliyinin təminatı olaraq bağlandığından və iddia Cavabdeh münasibətdə rədd edildiyindən, həmin öhdəliyin təminatı qismində çıxış edən zaminlərə qarşı da iddia təmin edilə bilməz.
31. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul tələbi”nə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva