Məhkəmə qərarları › İş №e-2(060)-1645/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1645/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1645/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia qaldıraraq cəmi borcu 1987,92 ABŞ dolları - bundan 464,15 ABŞ dolları əsas, 462,94 ABŞ dolları faiz, 1006,47 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 54,36 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 53,80 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2901,99 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 25 ay uzadılaraq, xx.xx.2017-ci il tarixə kimi hesablanmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1807,35 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1987,92 ABŞ dolları təşkil edir. Bundan 464,15 ABŞ dolları əsas, 462,94 ABŞ dolları faiz, 1.006,47 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 54,36 ABŞ dolları faiz borcu təşkil edir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Acıq Səhmdar Cəmiyyəti ona qarşı iddia qaldırmaqla ondan əsas borc 464,15 ABŞ dolları, faiz borcu kimi 462,94 ABŞ dolları,cərimə borcu kimi 1006,47 ABŞ dolları olmaqla, cəmi 1987,92 ABŞ dolları məbləğində kreditin qaytarılmasını iddia etmişdir. İddia tələbini qəbul etmir və bildirmək istəyir ki, iddiaçı bank olaraq İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ona xx.xx.2014-cü ildə 24 ay müddətinə qaytarmaq şərti ilə 3800 ABŞ dolları məbləgində kredit verilmiş və tərəfindən ödənişlər həyata keçirilmişdir. Lakin 2015-ci ilin əvvəlində baş vermiş devolvasiya ilə bağlı ödənişlərdə problem yaranmış və 2015, 2017-ci illərdə bank tərəfindən müqavilə müddəti 2 dəfə uzadılmışdır. Tərəfindən aparılmış ödəmələr bahkdan götürdüyü kredit məbləğindən artıq olsa da, iddiaçı faiz hesablamaqda davam etmişdir. Halbuki krediti devolvasiyadan qabaq götürmüş və həmin məbləğ 10000 ABŞ dollarından və 17000 manatdan az olduğu ücün Prezident Fərmanmının təsiri altına düşürdü. Həmin krediti 10 il qabaq götürmüş və 2017-ci ildə iddiaçı həmin tarixə əlavə faizlər və cərimələr hesablamaqla onun üzərinə əlavə ödəniş yükü qoymuşdur. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 2015-ci ildə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan müəyyən məbləğədək kreditlərinin ödənilməsində üzləşdikləri maliyyə itkisinin qarşılanması üçün əlavə tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Həmin Fərmana əsasən qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə bu Fərmanın 1.1 -ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Lakin həmin kreditin ona 2014-cü ildə xarici valyutada verilməsinə baxmayaraq bank həmin krediti Fərmanın təsiri altına salmamış və ona kreditin artıq Fərmana uyğun olaraq silindiyi bildirildiyi ücün ödəmlər aparılmamış və ondan borc da tələb olunmamışdır. Lakin bank nəinki həmin borcu silmiş, hətta onun üstünə faiz və cərimə hesablamaqla ondan əsas borcun 5 qatı məbləğdə faiz və cərimə tələb edir. Müqavilə müddəti bitmiş və müqavilə müddəti ərzində və sonrakı 3 il müddətində ondan həmin borc tələb olunmamışdır. Hesab edir ki, ona verilmiş kredit borcu tərəfindən ödənilmiş və iddiaçı tərəfindən 2 dəfə onunla bağlanmış müqavilə əvvəlki müqavilə müddətinin uzadılmasına xidmət etmişdir. Götürdüyü kredit məbləği məlum Fərmanın təsiri altına düşdüyü ücün həmin əsas borc, hesablanan faiz və cərimə borcu restruktizasiya olunmaqla silinməli olduğu halda bank tərəfindən silinməmiş, sonuncu müqavilədən sonra (2017) ondan tələb olunmamış və 2019-cu ildə borcun restruktizasiya ilə əlaqədar silindiyi bildirilmiş və ondan tələb olunmamışdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, etiraz ərizəsi əsassızdır. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitir. Göründüyü kimi iddia müddəti isə xx.xx.2025-ci il tarixdə bitir. Tərəflərindən məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. 3800 dollar məbləğində kredit verilmişdir. 2 dəfə cavabdehlə aralarında əlavə saziş bağlanmışdır. 2-ci saziş 13 iyun 2017ci il tarixində bağlanmışdır. Cavabdeh tərəfindən kredit borcu üzrə sonuncu ödəniş 15 may 2018-ci il tarixində edilmişdir. Kredit borcu Prezident Fərmanının təsir dairəsinə düşmüş, lakin kompensasiyalara hesablanmışdır. Borcun azaldılan hissəsi 1928,73 manat olmuşdur. Qalan 789,06 manat məbləğ isə əsas borcnan eynilik təşkil edir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, kredit məbləği 3860 ABŞ dolları təşkil etmiş və 24 ay müddətinə verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər edilmişdir. 2015-ci il tarixdə devalvasiya olduğu üçün ödənişdə gecikmələr olmuşdur. 2015-2017-ci illər üçün iddiaçı tərəfindən kredit müqavilələrinin müddətinin artırılması üçün cavabdehlə müqavilələr bağlanmışdır. Sonuncu dəfə 2019-cu il tarixdə Prezident Fərmanına əsasən 2015-ci il tarixdə baş verən devalvasiyadan əvvəl bağlanmış kreditlərə güzəştlər tətbiq edilməsinə baxmayaraq iddiaçı cavabdehə hər hansısa güzəştlər tətbiq etməmiş və bankdan götürülən kredit məbləğinin devalivasiya olunmaqla restrukturizasiyası həyata keçirilməmişdir. Cavabdeh hesab edir ki, onun götürdüyü kredit məbləğinin Prezident Fərmanına uyğun restrukturizasiyası aparılsaydı, cavabdehin hazırki günə borcu qalmazdı. İddiaçı ASC hazırda ləğv prosesindədir. Prezident Fərmanında göstərilən qaydalar cavabdehə də şamil olunur. Lakin cavabdehə münasibətdə fərmanda qeyd olunan güzəştlər tətbiq edilməmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə, illik 24% olmaqla 3800 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

7. 110005246 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müəyyənləşdirilmişdir.

8. 05 avqust 2014-cü il tarixli, 110005246-USD saylı kredit müqaviləsi üzrə 08 aprel 2015-ci il tarixli, 1 nömrəli Əlavə Sazişdən görünür ki, kreditorun borcalana 3800 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 2901,99 ABŞ dolları təşkil edir. Kreditin ödənilmə müddəti 25 ay uzadılaraq xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur.

9. 110005246 kredit hesabı üzrə qrafikdən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir.

10. 110005246 saylı, 5 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017ci il tarixli, 2 nömrəli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı 2740,24 USD məbləğində cəmi kredit öhdəliyinin əsas borc üzrə qalığı bu sazişin qüvvəyə mindiyi tarixə 1807,35 USD təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilir.

11. 70036210-6 üzrə müqaviləyə Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyənləşdirilmişdir.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək, sözügedən kredit müqaviləsi üzrə ödənişlərin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 5 dekabr 2024-cü il tarixə xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 464,15 ABŞ dolları əsas borc, 462,94 ABŞ dolları faiz borcu, 1006,47 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 54,36 ABŞ dolları olmaqla, cəmi 1987,92 ABŞ dolları borcu vardır.

Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

18. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Daha sonra 08 aprel 2015-ci il tarixdə tərəflər arasında 05 avqust 2014-cü il tarixli, 110005246-USD saylı kredit müqaviləsi üzrə 1 nömrəli Əlavə Saziş bağlanmış, həmin sazişə əsasən borcalanın kreditor qarşısındakı 2740,24 USD məbləğində cəmi kredit öhdəliyinin əsas borc üzrə qalığı bu sazişin qüvvəyə mindiyi tarixə 1807,35 USD təşkil etmiş, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə yenidən ********* saylı, 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 2 nömrəli Əlavə Saziş bağlanmış, həmin sazişə əsasən borcalanın kreditor qarşısındakı 2740,24 USD məbləğində cəmi kredit öhdəliyinin əsas borc üzrə qalığı bu sazişin qüvvəyə mindiyi tarixə 1807,35 USD təşkil etmiş, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

19. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

20. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği Cavabdeh vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin sonuncu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır.

22. Məhkəmə cavabdehin sözügedən kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşməsi və bankın həmin fərmanı ona aid kredit müqaviləsinə şamil etməməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin krediti ilə bağlı sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adı qeyd edilən fərmanı cavabdehin kredit borcuna da tətbiq edilmiş, onun iddiaçıya olan borcu 1928,73 məbləğində azaldılmış, qalan borc məbləği üzrə ödənişlərin icra edilməsi müddəti isə yuxarıda adı çəkilən sazişlər əsasında iki dəfə uzadılmışdır.

23. Cavabdehin 3 (üç) il müddətin keçməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 13 iyun 2017-ci il tarixdə sözügedən kredit müqaviləsi üzrə ödənişlərin ödənilməsi müddəti 13 iyun 2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi öhdəliyin icrası müddəti 13 iyun 2022-ci il tarixdə başa çatmışdır ki, iddiaçının iddia ilə məhkəməyə müraciət etdiyi tarixdə 3 (üç) il müddət keçməmişdir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

25. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”

26. Beləliklə, iddiaçı iddia müddətini ötürmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasssızdır.

27. İddiaçı tərəfindən tələb olunan 1006,47 ABŞ dolları cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin 2.5-ci bəndində qeyd edilmişdir ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 faiz dərəcəsi ilə, aylıq isə 4 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

28. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 49,55 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

29. Məhkəmə iddiaçının kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,36 manat faiz borcu ilə bağlı qeyd edir ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır.

30. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 464,15 ABŞ dolları əsas borc, 462,94 ABŞ dolları faiz, 49,55 ABŞ dolları cərimə borcu, 54,36 ABŞ dolları gecikməyə görə faiz borcu olmaqla, ümumilikdə 1031 (min otuz bir) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat, 53 (əlli üç) qəpik hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 464,15 ABŞ dolları əsas borc, 462,94 ABŞ dolları faiz, 49,55 ABŞ dolları cərimə borcu, 54,36 ABŞ dolları gecikməyə görə faiz borcu olmaqla, ümumilikdə 1031 (min otuz bir) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat, 53 (əlli üç) qəpik hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar