Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1658/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı "xxxx" ASC-nin cavabdeh Əliyev Əhməd Səhrab oğlunun vərəsəsi Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Əhməd Səhrab oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit xətti üzrə 997.61 manat əsas borcun, 36.07 manat faiz borcunun, nağd kredit üzrə isə 2449.50 manat əsas borcun, 0 manat faiz, 13.06 manat cərimə borcunun, ümumilikdə 3496.24 (üç min dörd yüz doxsan altı manat 24 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 54.97 (əlli dörd manat 97 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Əliyev Əhməd Səhrab oğlu (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********47 nömrəli xx.xx.2020-ci il tarixli X2 müqaviləsni ə (bundan sonra “kredit xətti müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********20 nömrəli xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsinə (bundan sonra “kredit müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 48 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 4900 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilələrin şərtlərinə əsasən Borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ucar rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Əliyev Əhməd Səhrab oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən Əliyev Əhməd Səhrab oğlunun kredit xətti müqaviləsi üzrə Banka ödənilməmiş 997.61 manat əsas və 36.07 manat faiz borcu, nağd kredit üzrə isə 2449.50 manat əsas və 0 manat faiz, 13.06 manat cərimə borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdeh Əliyev Əhməd Səhrab oğlu arasında bağlanmış BPM**********47 nömrəli xx.xx.2020-ci il tarixli X2 müqaviləsindən görünür ki, Bank tərəfindən Əliyev Əhməd Səhrab oğluna 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti açılmışdir.
4. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdeh Əliyev Əhməd Səhrab oğlu arasında bağlanmış BPM**********20 nömrəli xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən Əliyev Əhməd Səhrab oğluna Borcalana 48 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 4900 manat məbləğində kredit verilmişdir.
5. İş materiallarına əlavə olunmuş arayışlardan görünür ki, "xxxx" ASC ilə bağlanmış BPM**********47 nömrəli xx.xx.2020-ci il tarixli X2 müqaviləsi üzrə Əliyev Əhməd Səhrab oğlunun 997.61 manat əsas borc, 36.07 manat faiz borcu, BPM**********20 nömrəli xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsi üzrə 2449.50 manat əsas borc və 13.06 manat cərimə borcu olmaqla, ümumilikdə 3496.24 manat borcu vardır.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Əliyev Əhməd Səhrab oğlunun vərəsəsi Cavabdeh borcun ödənilməsi barədə bildirişlər ünvanlanmışdır. 7.İşdə olan AZ-İİ 307766 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Əhməd Səhrab oğlu xx.xx.2023-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 82 nömrə ilə qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum Əliyev Əhməd Səhrab oğlu ilə iddiaçı bank arasında BPM**********47 nömrəli xx.xx.2020-ci il tarixli X2 müqaviləsi və BPM**********20 nömrəli xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2023-cü il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 10.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 11.Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 12.Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). 13.Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 14.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).
15. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Əliyev Əhməd Səhrab oğlunun vərəsəsi Cavabdehdır. İşdə olan Ucar rayonu Notariat Ofisinin 277 saylı, xx.xx.2023-cü il tarixli məktubunda görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Əliyev Əhməd Səhrab oğlunun adına xx.xx.2023-cü ildə vərəsəlik işi açılmış və xx.xx.2023-cü ildə varisi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 16.Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 18.Məhkəmə qeyd edir ki, ölmüş şəxsin kredit borcunun onun vərəsələrindən tutulmasına dair işlər üzrə tərəflərin sübutetmə yükü barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu 2(102)-3729/2024 saylı qərarı mövcuddur. 19.Sözügedən qərarda nümayiş etdirilən hüquqi mövqeni hazırki işə tətbiq edən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
20. Qeyd edilən normanın məzmununa görə mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
21. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
22. Hazırki iş üzrə cavabdeh məhkəmə icraatı barədə məlumatlı olsa da, mirasın notarius tərəfindən siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
23. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür.
24. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir. 25.Beləliklə, hazırkı iş üzrə sübutetmə yükü cavabdehin üzərində olduğu halda, o, qeyd edilən halları məhkəmədə sübut edə bilməmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Əliyev Əhməd Səhrab oğlu arasında bağlanmış kredit xətti müqaviləsi üzrə 997.61 manat əsas borcun, 36.07 manat faiz borcunun, nağd kredit müqaviləsi üzrə isə 2449.50 manat əsas borcun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin BPM**********20 nömrəli xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 13.06 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Əliyev Əhməd Səhrab oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit xətti üzrə 997.61 manat əsas borc, 36.07 manat faiz borcu, nağd kredit üzrə isə 2449.50 manat əsas borc, 13.06 manat cərimə borcu olmaqla, ümumilikdə 3496.24 manat borc tutulmalıdır. 30.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 54.97 manat dövlət rüsumu (0,4 manat xidmət haqqı da daxil olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
32. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Nəticə hissəsi:
33. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh Əliyev Əhməd Səhrab oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit xətti üzrə 997,61 (doqquz yüz doxsan yeddi manat altmış bir qəpik) manat əsas borc, 36,07 (otuz altı manat yeddi qəpik) manat faiz borcu, nağd kredit üzrə isə 2449,50 (iki min dörd yüz qırx doqquz manat əlli qəpik) manat əsas borc, 13,06 (on üç manat altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3496,24 (üç min dörd yüz doxsan altı manat iyirmi dörd qəpik) manat kredit borcu, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 54,97 (əlli dörd manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva