Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1664/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2021-ci ilin yay aylarında özünə məxsus mənzili 53000 (əlli üç min) manata satmış, satışdan əldə etdiyi məbləğin təxminən 14-15 min manatına özü üçün avtomobil almış, qalan məbləği banka əmanət hesabına qoymaq istəmişdir. Bundan xəbər tutan qardaşı yəni, Cavabdeh bacısından, yəni iddiaçıdan xahiş etmişdir ki, hazırda aylıq 500 manat ödəməklə kirayədə yaşadığı üçün yeni aldığı mənzili təmir etməkdə çətinlik çəkdiyindən ona evini təmir etmək üçün 30000 (otuz min) manat məbləğində borc pul versin ki, o evini qısa müddətdə təmir edərək evinə köçsün, aylıq kirayə haqqına xərci az çıxsın. Cavabdeh həmçinin iddiaçıya söz vermişdir ki, ilin sonunadək onun borcunu tam qaytaracaq, hətta iddiaçı pulu banka qoyacağı təqdirdə qazanacağı gəliri, yəni, cavabdehə borc verməsinə görə əldə çıxacaq faydanı da pulu tam qaytardıqdan sonra ona ödəyəcəkdir. Cavabdeh iddiaçını inandırmışdır ki, belə olan halda, o həm evini tez təmir edib evinə köçəcək və aylıq 500 manat kirayə haqqından azad olacaq, bununla da iddiaçıya pulunu banka qoyacağı təqdirdə ona ödəyəcəyi məbləğlə müqayisədə özü daha çox fayda əldə edəcəkdir. Bundan əlavə, cavabdeh iddiaçını inandırmışdır ki, hər hansı bir problem yaranarsa, o, özünə məxsus olan "Hyundai" markalı avtomobili satıb iddiaçıya olan borcunu ödəyəcəkdir. Cavabdeh iddiaçının doğma qardaşı olduğu üçün, həm qardaşına köməklik etmək məqsədilə, həm də pulun bankda olacağı təqdirdə əldə edəcəyi gəliri qardaşı ona ödəyəcəyi üçün 2021-ci ilin yay aylarında evdə anasının və qardaşı Azadın yanında cavabdehə 30000 (otuz min) manat məbləğində borca pul vermişdir. Doğma qardaş-bacı olduqları üçün onlar öz aralarında hər hansı bir yazılı əqd bağlamamışlar. Lakin cavabdeh verdiyi sözü tutmayaraq, indiyədək iddiaçıya hissə-hissə, bank kartına köçürməklə cəmi 2610 (iki min altı yüz on) manat məbləğində pul qaytarmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etmiş, lakin, cavabdeh hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan imtina etmişdir. Son dönəmlərdə isə, cavabdehin həyat yoldaşı, iddiaçının anasına və özünə təhqiramiz mesajlar göndərərək, həmin pulun guya gəlin gələrkən iddiaçının anası tərəfindən ona şər atılmasına görə, onun haqqı olduğunu, pulu qaytarmayacağını bildirmişdir. Qeyd edir ki, cavabdehin iddiaçıdan 30 min manat borca pul alması, onun cüzi hissəsini qaytarması, qalan hissəni qaytarmaqdan imtina etməsi barədə həm cavabdehin, həm də onun həyat yoldaşının, həm iddiaçı ilə, həm iddiaçının anası və digər qardaşı Azad ilə telefon danışıqları və vatsapda səsli və adi yazışmaları mövcuddur. Lakin həmin sübutların həcmi çox olduğuna görə, onları elektron kabinetə yükləmək mümkün olmadığından məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim olunacaqdır. Bundan əlavə, iddiaçının anası və digər qardaşı da şahid qismində onlar tərəfindən məhkəməyə dəvət olunacaqdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 27390 ( iyirmi yeddi min üç yüz doxsan ) manat pulun və 172.17 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, tərəflər qardaş və bacıdılar. Onların Sumqayıt Şəhərində ata evləri olmuşdur. Ata evi atalarının vəfatından sonra satılmışdır. Birgə nikah dövründə əldə olunmuş əmlakdır. Satılmaqda isə məqsəd onların hər birinin payının müəyyən edilməsi üçün olmuşdur. Birgə yaşamaq mümkün olmadığına görə ana üçün ayrıca ev alınmaq məqəsdi olmuşdur. Ev təxminən 100 min manata satılmışdır. 4 vərəsə olmuşdur. Hazırki işdə olan tərəflər onların anası və böyük qardaşlarıdır. Burada razılaşma ondan ibarət olmuşdur ki, 50 min manata anaya ev alınmışdır. Böyük qardaş öz payını istəməmişdir. Qalan vəsait isə hazırki iş üzrə tərəflər öz aralarında bölüşdürmüşlər. Sevinc xanım ona düşən məbləğin üstünü düzəldərək özünə ayrıca ev almışdır. Daha sonra isə evi kirayəyə vermişdir. Daha sonra isə bunun sərfəli olmadığını görmüş, evi satmış, qərara gəlmişdir ki, özünə ev alsın, qalan vəsaiti isə banka yatırsın. O zaman münasibətləri daha yaxşı olmuşdur. Qardaşları ilə də bu barədə söhbət olmuşdur. Hazırki iş üzrə cavabdeh olan qardaşı ona köməklik göstərmişdir. Qalan vəsait isə tərəflər arasında yarıbayarı bölünmüşdür. Sevinc xanım işləyir və kifayət qədər gəliri olur. Bu səbəbdən qazancı ilə ona düşən məbləğin üstünü düzəltmiş və ev almışdır. Cavabdeh də həmin məbləğdən pulu götürmüşdür. Cavabdeh öz maşınını təxminən 13-14 min manata Sevinc xanıma satmışdır. Demişdir ki, qalan pulu ona versin. O isə bankın verəcəyi faizlər miqdarında ona pul ödəyəcəkdir. Qarşı tərəf isə etiraf edir ki, 30 min məbləğində pulu almışdır. Lakin onun haqqı olduğunu iddia edir. Onun haqqı 100 minlik evdə 25 min ola bilər. Haqqını sadəcə vərəsələrdən birindən ala bilməzdi. Vərəsəlik ilə bağlı haqqı pozulmuşdursa, müvafiq qaydada iddia qaldırmaq hüququ vardır. Cavabdeh iddiaçıdan pulu aldığını etiraf etmişdir. Hüquq müstəvidə isə cavabdeh vərəsəlik payından imtina etmişdir. Bütün qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı izahatında bildirdi ki, maşını qardaşından 14-15 min manata almışdır. 25 ildir ki, həkim peşəsində işləyir. Öz imkanıda olmuşdur. Ona qalan məbləğdən üstünü düzəltmiş və ev almışdır. Tək qadındır. Ev 100 min manata satılmışdır. Onun 50 min manatına anasına ev almışlar. Qalan məbləğ isə yarıbayarı bölünmüşdür. O öz adına ev almışdır. Daha sonra mənzili satmış və əldə olan məbləğdən borclarını vermişdir. Atasının evi 2018-ci ildə satılmışdır. Hamı imtina etmiş və ev ananın adına keçmişdir. Digər ev isə təxminən həmin ildə alınmışdır. Ev satılmış və digər ev alınmışdır. 2018-ci ildə baş vermişdir. Onun başqa evi olmamışdır. Bu söhbətlərə qədər münasibətləri yaxşı olmuşdur. O pulu qardaşına verəndə qardaşının 2,3 maşını olmuşdur. Maşınları satıb pulu qaytarmalı idi. Məqsəd də o idi ki, qardaşı evi təmir etsin. O isə maşını satmış və pulu verməmişdir. O zamanlar Muğanbank yaxşı faizlər verirdi. Evin alqı-satqısında Nicat qardaşı olaraq onun yanında olmuşdur. Nicatın həyat yoldaşı demişdir ki, maşını satmışlar və pulu ödəməyəcəkdirlər. Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Qarşı tərəfin nümayəndəsi bildirmişdir ki, ata evinin bu işə aidiyyatı yoxdur. Ev satıldıqda razılığa gəlmişlər ki, bir ev satılıb iki ev alınacaqdır. Böyük qardaşı ona aid olan paydan imtina etmişdir. O da demişdir ki, o da imtina edə bilər. Anasının dediyinə görə məbləğ üç nəfər arasında bölünməli idi. Ev satıldıqda o pulunu götürmüşdür. İddiaçı bildirmişdir ki, o istəyir ki, pulu banka qoysun. Cavabdeh isə demişdir ki, o artıqlaması ilə pul ona verəcəkdir. Səsdə də bildirilir ki, onun haqqı olan puldur. Şahidlər yalan məlumat vermişdir. Sevinc xanım işləri onun vasitəsi ilə görmüşdür. Hətta Azada belə sözü onların vasitəsi ilə demişdir. 8 yanvar tarixində baş verən hadisədə o qardaşını gözləmişdir. Qardaşı xarici ölkədən gəlmiş və demişdir ki, gəl başqa yerdə söhbət edək. O isə pulun mübahisəsini etmişdir. Cavabdeh etiraf etmişdir ki, onun payına düşən hissəni götürmüşdür. Ona pul verilməmişdir. İddia tələbini qəbul etmir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia təmin oluna bilməz. İddianın əsasını təsdiq edən sübutlar yoxdur. Alqı-satqıya aid sənədlər yoxdur. Nümayəndəsi olduğu şəxsin həyat yoldaşının səs yazıları MPM-nin maddələrinə müvafiq olaraq təqdiq oluna bilməz. Anası və qardaşı bildirmişdir ki, ev satılana qədər onlar arasında mübahisə olmamışdır. Lakin sonradan münasibətləri pisləşmişdir. İşin faktiki tərəfi ondan ibarətdir ki, borc müqaviləsindən söhbət gedə bilməz. Qeydiyyata düşdüyü digər mənzildən qeydiyyatdan çıxarılması tələb olunur. Bütün qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Şahid qismində iştirak edən X1 ifadəsində bildirdi ki, hər iki övladlarıdır. Keçən il Sevinc demişdir ki, evi satır. Demişdir ki, Nicat demişdir ki, ona ev və maşın alsınlar. Sevinc 30000 manat Nicata pul vermişdir. Dedi ki, evi düzəldəcəkdir. Ona da ev alacaqdır. Ev də almamışdır. Pulu da qaytarmamışdır. Sevinc demişdir ki, pulu qaytarmır. Deyir ki, onun payıdır. Yoldaşının evini 100 min manata satmışlar. 50 min manata ona ev almışlar. 50 min isə tərəflər arasında bölünmüşdür. O pulu Azada vermişdir. Demişdir ki, yarıbayarı bölüşdürsün. 30 min manatı isə evdə onun yanında vermişdir. Şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, tərəflər qardaş və bacısıdır. Tarixlər dəqiq yadında deyildir. Bankdan pulu çıxardıqda Sevinc pulu Nicata vermişdir. Sevinc demişdir ki, evi satmaq istəyir. Demişdir ki, ipoteka ilə özünə ev götürmək istəyir. Planları çox olmuşdur. Maşın və ev almaq istəyirdi. Onlardan razılıq istəmiş, onlar da razılıq vermişlər. Miras əmlak 100 min manata satılmışdır. Onlar aralarında razılaşmışlar. O öz payını anasına vermişdir. Hər birinə 25 min manat pul düşürdü. Həmin məbləği Nicat götürmüşdür. Ev satılanda götürmüşdür. Pul evdə idi və gəlmiş, daha sonra isə götürmüşdür. 30 min manatı verərkən görmüşdür. O həmin gün evdə olmuşdur. 25 min manatıda evdə götürmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X1 01 iyun 1947-ci il tarixdə Azərbaycan Respublikası, Fizuli rayonu, Pirəhmədli kəndində anadan olmuşdur. 28 iyul 2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" ASC tərəfindən verilmiş qəbzlərdən görünür ki, hesabdan müxtəlif vaxtlarda ümumillikdə, cəmi 2610 manat məbləğində pul vəsaiti yüklənmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirafı qanuna müvafiq olmaqla işin hallarına uyğundur. İddianı qəbul etməsi işin mübahisəsiz halıdır. Bu səbəbdən iddianın təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması işin araşdırılan halları, çəkişmə prinsipinə əsasən tərəflərin verdikləri izahatlara, Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək götürdüyü pulu geri qaytarmaması ilə ifadə olunmuş, pul məbləğinin müyəən hissəsini qaytardıqdan sonra münasibətlərin pozulması nəticəsində qalan pul məbləği (27390 manat) qaytarılmamış, sonradan həmin məbləğin onun ata mirasından qalmış mənzilin satılmasında payının olması ilə əlaqələndirmiş, lakin etirazının əsasını sübuta yetirə bilməmişdir. Nəticədə cavabdehin İddiaçı 27390 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat məbləğində pul və 172.17 (bir yüz yetmiş iki manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 172.17 (bir yüz yetmiş iki manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat məbləğində pul və 172.17 (bir yüz yetmiş iki manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1664/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1664/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver