Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1664/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “şəhid ailə üzvü olmasına dair hüququna xitam verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “şəhid ailə üzvü olmasına dair hüququna xitam verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1944-cü ildə Şəmkir rayonun Qaracəşirli kəndində anadan olmuşdur. 05 iyul 1965-ci il tarixində X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 5 övladları anadan olmuşdur. Həyat yoldaşı X6 31 mart 1983-cü il tarixdə vəfat etmişdir. X3 21 fevral 1992-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, lakin bəzi məlum səbəblərə görə toyun səhəri günü Cavabdeh atası ilə öz evlərinə göndərmişdir. Həmin ərəfədə 1992-ci ildə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz Sadıqov könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə oğlu X14 uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onların Cavabdeh ilə hər hansı bir münasibəti və Cavabdeh xəbərləri olmamışdır. Sonradan iddiaçıya məlum oldu ki, Cavabdeh kiminləsə ailə həyatı qurmuş və həmin şəxsdən də bir oğlan övladı dünyaya gətirmişdir. Cavabdeh nə onun mərhum oğlu Əvəz Sadıqovla, nə də onların ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair ona və digər 1/3 hissəsinə dair xx.xx.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi arvadı olan ona vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh iddiaçının mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursa da, qeyd etdiyi səbəbdən toyun səhəri günü öz atası evinə getmiş, oğlu vəfat edən zaman yas mərasimində iştirak etməmiş, bundan sonra bir dəfə də olsun iddiaçı ilə maraqlanmamışdır. Lakin buna baxmayaraq, Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu Əvəz Sadıqovun adına olan miras əmlakına dair Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum X3na məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli idi. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qətnaməsi ilə iddiaçı kimi İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qətnaməsi ləğv edilmiş,Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-332/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş Əvəz Sadıqova məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi qət edilmişdir Ali Məhkəmənin MK-nın xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 mart 2023-cü il tarixli, 2(105)- 332/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 03 oktyabr 1992-ci il tarixdə iddiaçının mərhum oğlu X14 uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Oğlunun şəhid olmasından əvvəl və onun ölümündən sonrakı illər ərzində iddiaçının Cavabdeh ilə hər - hansı bir münasibəti və Cavabdeh xəbəri olmamışdır. Sonradan iddiaçıya məlum oldu ki, Cavabdeh evdən qovulandan sonra X10 ilə ailə həyatı qurmuş və həmin şəxsdən xx.xx.2001-ci il tarixdə Arzuman adlı övladı doğulmuşdur. Cavabdeh nə iddiaçının mərhum oğlu Əvəz Sadıqovla, nə də iddiaçının ailə üzvü olmamışdır. Artıq şəhid olmuş mərhum oğlum Əvəz Sadıqovun ailə üzvü-arvadı olması statusunu itirməsi X10 ilə ailə həyatı qurması və həmin şəxsdən xx.xx.2001-ci il tarixdə Arzuman adlı övladının doğulması ilə tam təsdiq edilir. Göstərilənlərə əsasən Cavabdeh mərhum şəhid X3nun ailə üzvü olmasına dair hüquqlarına xitam verilməsi, şəhid oğluna görə iddiaçıya çatası və cavabdeh tərəfindən qanunsuz alınmış 9000 manat pulun və mənəvi ziyana görə 50.000 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iddiaçı cavabdehin keçmiş qayınanasıdır. İddiaçının oğlu ilə cavabdeh 21 fevral 1992-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Lakin, toy gecəsi müəyyən xoşagəlməz hadisələrlə bağlı qohumlar arasında mübahisə yaranmış və cavabdehi dərhal toy gecəsi evinə qaytarmışlar. Bundan sonra 1992-ci ilin fevral ayında Birinci Qarabağ müharibəsi davam etdiyi üçün iddiaçının oğlu könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 03 oktyabr 1992-ci il tarixdə X14 uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində tərəflər bir-birləri ilə əlaqə saxlamamışlar. Daha sonra cavabdehin atası ilə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə getmişlər. İdarəyə daxil olmuşlar, savadsızlıqdan nikahın pozulduğunu düşünmüşlər. Belə ki, nikah şəhadətnaməsi qüvvədə qalmışdır. Cavabdeh başqa bir şəxslə ailə qurmuş və övladları olmuşdur. 2009-cu il tarixə qədər iddiaçı oğlunun döyüşlərdə şəhid olması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini alandan sonra, cavabdeh nikah şəhadətnaməsinin qüvvədə olduğunu, həyat yoldaşının varisi olduğunu və sözügedən pul məbləğindən ona da pay çatacağını bildirmişdir. Konstitusiya Məhkəməsinin qərarına qədər qanunda göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunur və bunun əsasında tərəflər arasında 11.000 manat məbləğində pul bölünür. Sumqayıt Şəhər Notariat Kontorunun notariusu tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bir pay da Əvəz Sadıqovun keçmiş həyat yoldaşına verilmişdir, hansı ki, heç bir gün də birlikdə yaşamamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə şəhadətnamə etibarsız sayılmışdır. Daha sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. 20 sentyabr 2022-ci il tarixli qərar ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş və işə yerindən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Birmənalı olaraq vərəsəliyin predmeti miras qoyanın sağlığında qoyduğu əmlakdır. İşə baxdıqda məlum olmuşdur ki, Bakı Şəhər Apellyasiya Məhkəməsinin hakimi X8 Məhkəməsinə sorğu göndərmişdir. 08 dekabr 2022-ci il tarixdə qərar qəbul edildi və bu qərarla əlaqədar da yenə sübut edilmişdir ki, cavabdeh heç bir gün belə ailə münasibətlərində olmamış və ailə ilə maraqlanmamışdır. İddiaçının oğlunun ölümündən sonra ondan miras qalmış əmlakları anası, yəni hazırki iş üzrə iddiaçı qəbul etmişdir. Eyni qaydada da Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və qanun üzrə vərəsəlik şəhadətnaməsi cavabdehə aid hissədə etibarsız sayılmışdır. Bundan sonra cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin sonuncu 14 noyabr 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Beləliklə, 11.000 manat məsələsi öz həllini tapmışdır, lakin bununla əlaqədar Prezident tərəfindən təyin olunan, hər ay 500 manat şəhid ailələrinə verilən maddi yardımı cavabdeh 2009-cu il tarixindən almaqda davam edir. Cavabdeh yenidən ailə qurmuş, digər şəxsdən övladları vardır və əvvəlki ailəsi ilə bir gün də olsun münasibəti olmamışdır. Belə ki, konkret olaraq Ailə Məcəlləsində müddəaya istinad olunmuşdur. Görünür ki, tərəflərdən biri dünyasını dəyişdikdə nikah haqqında şəhadətnaməyə və nikah münasibətlərinə xitam verilir. İddiaçının oğlu 1992-ci ilin 03 oktyabr tarixində dünyasını dəyişməsinə baxmayaraq, xx.xx.2008-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə döyüşlərdə şəhid olması statusu tanınmışdır. 1992-ci il tarixindən cavabdehin ailə münasibətləri kəsilmiş və başqa şəxslə ailə qurmuşdur. Artıq burada ailə statusu termini işlədilə bilməz. Cavabdeh başqa şəxslə nikaha daxil olduğu tarixdən də onun ailə üzvü kimi statusuna xitam verilmişdir. Cavabdehin hər ay aldığı 250 manat məbləğində pul hesablamalara əsasən 9000 manat edir. Cavabdeh aldığı pulu geri qaytarmalıdır. O cümlədən də, mənəvi ziyana görə 50.000 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Həmçinin, ona diskdə və “WhatsApp” vasitəsi ilə cavabdehlə olan danışıqlar göndərilmişdir. Lakin orada cavabdeh tərəfindən keçmiş həyat yoldaşına, yəni şəhidə qarşı həddindən artıq kəskin şəkildə ifadə olunmuş təhqirlər vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbi əsassızdır və iddiaçının formal mülahizələrinə əsaslanır. X1 ilə Cavabdeh 1992-ci ilin fevral ayında rəsmi nikaha daxil olmuşlar. İddia ərizəsində qeyd olunduğu kimi səhəri gün qayıtma halı olmamışdır. Ailə münasibətlərinə davam edərək, bir neçə ay ailə kimi yaşamışlar. 1992-ci ilin təxminən sentyabr-oktyabr aylarında Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmişdir. Bundan sonra cavabdeh qayıdıb atasının evində yaşamağa başlamışdır. 1992-ci ilin oktyabr ayında isə Əvəz Sadıqov şəhid olmuşdur. Əvəz Sadıqov şəhid olana qədər də cavabdeh ilə rəsmi nikahda olmuşdur və onun ölüm faktı 2008-ci il tarixində məhkəmə qaydasında tanınmışdır. Tərəflər arasında əvvəl də vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Əvəz Sadıqov şəhid olduqdan sonra Cavabdeh həm iddiaçı, həm də onun qızı ilə ümumiyyətlə əlaqələri olmamışdır. 2021-ci il tarixində özləri cavabdehə yaxınlaşmış və bildirmişlər ki, Prezidentin Sərəncamı əsasında şəhid ailələrinə 11.000 manat birdəfəlik ödəniş verilir. Cavabdehə nikahda olduğu üçün şəhadətnamə alınmalı olduğu bildirilmişdir. Əvvəlcə Cavabdeh, ondan bir ay sonra isə iddiaçı tərəf məbləği ala bilmək üçün müraciət edərək notarial qaydada şəhadətnamə almışlar. Daha sonra onlar vərəsəlik haqqında şəhadətnaməni mübahisələndirmişlər. Hesab ediblər ki, ailə münasibətləri məhkəmə tərəfindən pozulmuş hesab edilməlidir. Belə ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi nikahda olmalarına baxmayaraq, ailə olmamışlar və bu səbəbdən də, nikaha xitam verilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərək, həm ailə münasibətlərinə xitam verilməsi hallarını, həm də müddəti ötürməklə mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik haqqında şəhadətnaməni ləğv etmişdir. Qətnaməni apellyasiya məhkəməsi qüvvədə saxlamış, Ali Məhkəmə isə ləğv etmişdir. İş yenidən apellyasiya məhkəməsinə qayıtmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsinin 39-cu bəndində qeyd edilmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni Cavabdeh X1nun ailə üzvü hesab edilməməsi və mirasın qəbulu müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi qanunvericiliyin birinci instansiya tərəfindən pozulmasını göstərir. 46-cı bənddə isə qeyd edilir ki, “qanunvericiliyin qeyd olunan normalarına istinadən məhkəmə kollegiyası cavabdehin ailə üzvü hesab edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir”. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ailə üzvü barədə nəticəyə gəldiyi üçün ləğv edilmişdir. Bu mövqe Ali Məhkəmənin qərarı ilə də qüvvədə qalmışdır. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir. İddia tələbinin birinci hissəsində ailə üzvü münasibətlərinə xitam verilməsi məsələsinin məhkəmə tərəfindən göstərilməli olduğu qeyd olunmuşdur. Daha sonra isə maddi ziyanla bağlı məsələ öz əksini tapmışdır. Təbii ki maddi ziyanla bağlı ikinci hissə birinci hissədən asılıdır. Birinci hissə ilə bağlı isə bundan əvvəlki məhkəmələrdə qanuni qüvvəsini alınmış hüquqi mövqe vardır. Həm apellyasiya məhkəməsi, həm də Ali Məhkəmənin mövqeyinə görə ailə üzvü münasibətlərinə xitam verilməsi məsələsindən söhbət gedə bilməz. Bu qanuni əsas deyildir. 2000-ci ilə qədər qüvvədə olan Ailə Məcəlləsinin normalarına əsaslanır və rəsmi nikahın olduğuna görə iddiaçının belə bir tələbinin mümkün olmaması əsaslandırılmışdır. Qanuni qüvvəsini alan məhkəmə qərarlarında göstərilən mövqeyə əsaslanaraq, iddia tələbinin birinci hissəsi, yəni ailə üzvü məsələsinə xitam verilməsi məsələsi əsassızdır. Bu məhkəmə aktlarında öv əksini tapmışdır. O olmadığı təqdirdə də maddi ziyandan söhbət gedə bilməz. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Qanunun 2-ci maddəsində də qeyd edilmişdir ki, şəhidin ailə üzvləri birinci sırada ər-arvaddır. Bu səbəblərdən də, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nikah haqqında şəhadətnamə iddiaçının oğlu şəhid olana qədər qüvvədə olmuşdur. Bu məhkəmə aktlarında da göstərilmişdir. Bununla bağlı hər hansısa müraciət olunmamışdır. Əvəz Sadıqov 1992-ci ilin oktyabr ayında şəhid olmuşdur. Cavabdeh ikinci dəfə 2001-ci il tarixində ailə qurmuşdur, lakin rəsmi nikah olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin 39 və 46-cı hissələrində bu məsələ ilə bağlı kifayət qədər izah verilmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. Qeyd edir ki, məhkəmə tələb qoymur, iddiaçının tələbinə münasibət bildirir. Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərara gəlmək üçün orada aydın şəkildə izah verilmişdir. O qərara gəlmək üçün birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi prosessual hüquq normalarının hansı səbəbdən düzgün olmadığını qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli 05/Q-893/69 saylı arayışdan görünür ki, X9 ilə Cavabdeh nikahları 21 fevral 1992-ci il tarixində Sumqayıt Nikah evində 274 №-li akt qeydi ilə tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Sadıqova soyadı verilmişdir.
7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-450/08 saylı qətnaməsinə əsasən, ərizə təmin edilərək, 04 fevral 1969-cu ildə anadan olmuş X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 03 oktyabr 1992-ci il tarixdə həlak olması faktının müəyyən edilməsi qət edilmişdir.
8. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ № 285543 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə Ağdam rayonu Aşdal Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
9. İş materiallarında olan Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 007679 saylı vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının X3 ilə Cavabdeh xx.xx.1992-ci il tarixində nikah bağlamışlar, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixində həlak olması faktı məhkəmə qaydasında müəyyən edildiyi 2008-ci il tarixədək Cavabdeh Əvəz Sadıqovun arvadı olmaqla, tərəflər arasındakı nikah pozulmamışdır. Hazırda iddiaçı cavabdehin şəhidin ailə üzvü olmasına dair hüququna xitam verilməsini, habelə maddi və mənəvi ziyanın əvəzini tələb edir. Cavabdeh tərəf iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir.
12. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
14. İşin hallarından göründüyü kimi İddiaçı mərhum X4 anasıdır.
15. Məhkəmə iddia tələbinin “Cavabdeh mərhum X1nun ailə üzvü olmasına dair hüquqlarına xitam verilməsi” hissəsinin hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 ilə Cavabdeh xx.xx.1992-ci il tarixdə nikah bağlamışlar.
17. 01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsi: Maddə 14. Evlənmək arzusunda olanlar vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanına ərizə verdikdən bir ay sonra nikah bağlanır. Maddə 16. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin qarşılıqlı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Maddə 37. Nikah ər-arvaddan biri öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə xitam edilir. Maddə 38. Ər-arvadın sağlığında nikah ərin və ya arvadın, yaxud da hər ikisinin ərizəsinə əsasən boşanma pozula bilər. Maddə 39. Nikahın pozulması haqqındakı işlər mülki mühakimə icraatının ümumi qaydasına əsasən, rayon (şəhər) xalq məhkəməsi tərəfindən həll edilir. Bu Məcəllənin 45- 46-cı maddələrində nəzərdə tutulan hallarda, nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozula bilər. Maddə 45. Həddi-buluğa çatmamış uşaqları olmayan ər-arvad nikahı pozmağa qarşılıqlı razılıq verdikdə, nikahın pozulması vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır. Belə hallarda boşanmaq haqqında ər-arvad ərizə verdiyi gündən 3 ay keçdikdən sonra boşanma rəsmiləşdirilir və nikahın pozulması haqqında ər-arvada şəhadətnamə verilir.
18. Hazırda qüvvədə olan Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
19. Göründüyü kimi, 01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş ailə qanunvericiliyi nikahın pozulmasının konkret qaydalarını müəyyən etmişdir. Araşdırılan mübahisə üzrə mərhum X9 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması ilə bağlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarına müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilmir. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh mərhum Əvəz Sadıqovun arvadı olmaqla, aralarındakı nikaha yalnız 2008-ci il tarixdə Əvəz Sadıqovun həlak olması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra xitam verilmişdir.
20. Odur ki, X9 ilə Cavabdeh arasındakı nikaha Ə.Sadıqovun ölümü ilə əlaqədar xitam verilsə də, Cavabdeh hazırda mərhum Əvəz Sadıqovun ailə üzvüdür.
21. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycn Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
22. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
23. Həmin Qanununun 3-cü maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir: -qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması; -şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi. Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir: -ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir; -işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir, -həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir; -dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar; -tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər; -sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.
24. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” haqqında Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə şəhidin ailə üzvləri anlayışı öz əksini tapmışdır: Maddə 2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Maddə 6. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Maddə 8. Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.
25. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh mərhum şəhid X3nun ailə üzvü olmasına dair hüquqlarına xitam verilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir.
26. Bundan əlavə, məhkəmə hesab edir ki, iddianın “şəhidin ailə üzvü olmasına dair hüququna xitam verilməsi” hissəsi təmin olunmadığına görə, digər tələblər də (maddi və mənəvi zərər) bu tələbdən asılı olduğundan iddia tələbləri həmin hissələrdə də təmin edilməməlidir.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələblərinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
28. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
29. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
30. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
31. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
32. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
33. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
34. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
35. Göstərilənlərə görə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “şəhid ailə üzvü olmasına dair hüququna xitam verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “şəhid ailə üzvü olmasına dair hüququna xitam verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva