Məhkəmə qərarları › İş №e-2(060)-1687/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1687/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1687/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2133,69 manat məbləğində əsas kredit borcu, 639,94 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 2773,63 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 47,74 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 15036-0463/072544 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 29% dərəcəsi ilə, 3000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında 15036-0463/113495 Z saylı, xx.xx.2015-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023 cü il tarixə İddiaçı ASC-yə 2133,69 manat məbləğində əsas kredit borcu, 639,94 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 2773,63 manat məbləğində borcu qalmaqdadır.

Cavabdehin istinad etdiyi müdafiə vasitələrinin əsasları:

3. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsində qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onunla iş üzrə İddiaçı ASC arasında xx.xx.2015-cı il tarixli, 15036-0463/072544 saylı kredit müqaviləsi bağlanmışdır. Bu kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 29% dərəcəsi ilə, 3000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında 15036-0463/113495 Z saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. O, bu kredit müqaviləsinə əsasən iddiaçıya kredit borcu üzrə ödənişləri həyata keçirmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona qarşı borc tələbinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, e-2(060)-1687/2024 saylı birinci instansiya məhkəməsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə məhkəmə bildirişi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona qarşı borc tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Həmçinin bu bildirişlə ona izah edilmişdir: “Hazırkı bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (sübutları), elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.” Qeyd olunanlarla razı deyil və iddianı qəbul etmir. Hesab edir ki, bu məsələ üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iddiaçının onunla bağladığı müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Bu vaxtdan 8 ildən çox vaxt keçmişdir. Bu məsələlərə dair qanunvericilikdə bir sıra müddəalar vardır. İddiaçının qeyd etdiyi müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Bütün bunlardan da görünür ki, iddiaçı bu müqavilə üzrə tələb hüququ ilə bağlı qanunvericilikdə müəyyənləşmiş müddəti ötürmüşdür. Buna görə də o, bu iddia üzrə iddia müddətinin tətbiq edilməli olduğunu düşünür. Bütün bunlara görə də o, hazırki məsələ ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Hesab edir ki, bunun əsasında da məhkəmə iddiadan imtina barəsində qərar qəbul etməlidir. Həmçinin qeyd etmişdir ki, işlərindən dolayı onun məhkəmə proseslərində iştirak etməyi mümkün olmayacaqdır. Düşünür ki, bu səbəb də üzrlü səbəb kimi qəbul edilə bilər. İddia ilə razılaşmadığını və iddia müddətinin bu məsələ üzrə tətbiq edilməli olduğunu da iddia müddətinin tətbiqi barədə ərizəsi ilə təsdiq edir. Bu məsələ üzrə iddia müddətinin tətbiq edilməsi, İddiaçı ASC-nin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin mövqeləri:

4. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14036- 6026/072544 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC mastercard standard beynəlxalq ödəniş sisteminin kredit kartlarından istifadə etməklə borcalana 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 manat məbləğində istehlak krediti xətti açmağı, Cavabdeh2 isə kredit xətti üzrə bütün öhdəlikləri 10 oktyabr 2015-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15036- 0463/072544 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 24 ay müddətinə 3000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürmüş, bu müqaviləyə əsasən kreditin kreditverənə qaytarılması üçün son müddət 23 oktyabr 2017-ci il tarixi müəyyən edilmiş və müqavilədə kreditin borcalana 10 oktyabr 2014-cü il tarixli 14036-6026/072544 saylı kredit müqaviləsinə müvafiq olaraq verilmiş 3000 manat məbləğində kredit üzrə 3000 manat əsas borcun qalığının yenidən maliyyələşdirilməsi məqsədilə verildiyi göstərilmişdir.

8. xx.xx.2015-ci il tarixli, 15036-0463/072544 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin müddəti 23 noyabr 2015-ci il tarixdən 23 oktyabr 2017-ci il tarixədək müəyyən edilmişdir.

9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 15036-0463/072544 saylı kredit müqaviləsi üzrə borclu tərəfindən Kredit müqaviləsindən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra olunmadıqda, kredit və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadıqda, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədikdə, kreditdən məqsədli təyinatına uyğun istifadə olunmadıqda, kredit müqaviləsi ilə əlaqəli olan hər bir müqavilənin və ya öhdəliyin pozulması halında borcun tutulması üzrə məhkəmə xərcləri (5%) və ya hər hansı bir zərərin əvəzi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

10. 23.11.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 3 gün müddətində borcun banka ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. İddiaçı ASC tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışda qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2133,69 manat əsas borc, 639,94 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 2773,63 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərar: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

“Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli Qərar: “İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır”.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür.

17. Müqavilə şərti olaraq kreditin kreditverənə qaytarılması üçün son müddət 23 oktyabr 2017-ci il tarixi müəyyən edilmiş və müqavilədə kreditin borcalana 10 oktyabr 2014-cü il tarixli 14036-6026/072544 saylı kredit müqaviləsinə müvafiq olaraq verilmiş 3000 manat məbləğində kredit üzrə 3000 manat əsas borcun qalığının yenidən maliyyələşdirilməsi məqsədilə verildiyi göstərilmişdir.

18. Eyni zamanda qeyd edilən kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında 23 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu sözügedən kredit müqaviləsinin lazımınca icra edilmədiyi təqdirdə bank qarşısında (birgə) məsuliyyəti öz üzərinə götürmüşdür.

19. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

20. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini Cavabdeh2 vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər.

21. Hal-hazırda İddiaçı ASC həm əsas kredit müqaviləsi üzrə borclu-Cavabdeh2 qarşı, həm də həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüş zamin-Cavabdeh1 qarşı iddia qaldıraraq, borcun ödənilməsini tələb edir.

22. Məhkəmə ilk növbədə iddianın əsas borclu- Cavabdeh2 aid hissəsinə münasibətdə qeyd edir ki, o, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.

23. Mülki Məcəllənin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir.

24. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

25. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün Mülki Məcəllənin yuxarıda qeyd olunan 373.2-ci maddəsinə uyğun olaraq bankın Cavabdeh2 qarşı tələbinə üç illik iddia müddəti şamil edilməlidir.

26. Belə olan halda hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

28. Beləliklə məhkəmə hesab edir ki, hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətin bitməsi anından hesablanmalıdır.

29. Yuxarıda adı qeyd olunan kredit müqaviləsindən görünür ki, həmin müqavilə 24 ay müddətinə bağlanmış, tərəflər arasında öhdəliyin icrası üçün ödənişlərin müddəti 23 noyabr 2015-ci il tarixdən 23 oktyabr 2017-ci il tarixədək müəyyənləşdirilmişdir. Beləliklə müqavilə üzrə öhdəliklərin icrası müddəti 23 oktyabr 2017-ci il tarixdə bitmiş həmin vaxtdan üç ildən çox müddət keçmişdir.

30. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə sonuncu dəfə 20 aprel 2019-cu il tarixdə ödəniş edilmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

31. Məhkəmə qeyd edir ki, sözügedən kredit müqaviləsi üzrə sonuncu dəfə edilmiş ödənişdən sonra, yəni 20 aprel 2019-cu il tarixdən sonra iddia müddətinin axımı kəsilsə də, qeyd edilən tarixdən də üç ildən çox vaxt keçmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə tələb hüququndan istifadə etməmişdir,

32. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyündən onun Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir.

33. Məhkəmə iddiaçının digər Cavabdeh1 borcun tutulması tələbinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə, zaminə münasibətdə bundan qabaq bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi müddətinin) keçib-keçmədiyinə hüquqi qiymət verilməlidir.

34. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

35. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.

36. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.

37. Hazırki işdə 23 oktyabr 2015-ci il tarixli Zaminlik müqaviləsinin zaminliyin müddətini müəyyən edən 3.1-ci bəndində Zaminliyin icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə mindiyi və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən, kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir.

38. Sözügedən kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti zaminlik müqaviləsi ilə konkret olaraq müəyyənləşdirilməmişdir. Zaminliyin verilməsi müddəti göstərilməmiş hesab olunduğundan iddiaçı xx.xx.2017-ci il tarixdən ən geci bir il ərzində zaminə qarşı iddia irəli sürməli olduğu halda bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürməmişdir ki, bununla da zaminliyə xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə də təmin edilməməlidir.

39. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar